Paşinyan-Putin gərginliyi: "Qazprom" niyə gözümçıxdıya salınıb? - Təhlil...
Ermənistanda Rusiyanın böyük biznesinin fəaliyyətilə bağlı yeni qalmaqal var
Cahan.info məlumat verir ki, dövlət gəlirlər komitəsi bu dəfə ən “əlverişli” məqamda “Qazprom-Ermənistan” QSC-nin xüsusən böyük həcmdə vergidən yayınmasıyla bağlı cinayət işinin qaldırılması haqda məlumat verib.
Komitə məlumatlandırır ki, hazırda QSC-nin yol verdiyi “sui-istifadə nəticəsində dövlətə vurulmuş ziyanın dəqiqləşdirilməsi, habelə təbii qaz istehlakı sahəsində korrupsiya sxemlərinin üzə çıxarılması üçün gərəkli istintaq və prosessual fəaliyyət həyata keçirilir.
Söhbət 2016-2017-ci illərdə pul ifadəsində Ermənistan büdcəsinə ödənilməmiş bir neçə milyard dramdan (yəni bir neçə milyon dollardan) gedir.
Rusiya şirkəti bura hər il 2,5 milyard kubmetr yanacaq göndərərək Ermənistan bazarında inhisar mövqeyi tutub. “Qazprom-Ermənistan” ona qarşı sürülən ittihamlarla bağlı qəti narazılığını bildirib.
Şirkətin yaydığı bəyanatda “böyük maliyyə pozuntuları haqda məlumatın əsassızlığı” göstərilib.
Habelə vurğulanır ki, QSC-nin fəaliyyətinin yoxlanışı hələ başa çatmayıb və onun Ermənistanın vergi qanunvericiliyini pozmasına indiyədək heç bir sübut təqdim edilməyib.
Burada xatırlamağına dəyər ki, Rusiya prezidenti Vladimir Putinin Ermənistanda hakimiyyəti inqilab yoluyla ələ keçirmiş və indi baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla bu yaxınlardakı görüşünün gedişində sonuncu, respublikaya tədarük olunan Rusiya qazının qiymətləndirmə mexanizminin araşdırılması məsələsini qaldırıb.
Paşinyanın fikrincə, “Bu gün Ermənistan vətəndaşları hiss etmirlər ki, Rusiyadan ucuz qaz alırlar” və “korrupsiya riskləri” var.
Cahan.info məlumat verir ki, Ermənistan hökumətinin hərəkətinin arxasında bayağı dövlət reketinin maraqları dura bilər.
Nikol Paşinyan Rusiya şirkətinin törəmə müəssisəsinin əmlakını ələ kerçirmək qəsdiylə QSC-nin yoxlanışını təşkil edib.
Bir sözlə, bütün bu “cinayət”in gizli mənası var və Moskva və İrəvan arasındakı münasibətlər növbəti gərginlik qarşısındadır.
Xüsusən də bu əhvalatdan qabaq Rusiya biznesi və Ermənistanda “Rusiya amili”ylə bağlı bir neçə qalmaqal olub.
Paşinyan parlament respublikasında baş nazir postunu tutmağa macal tapmamış dövlət gəlirləri üzrə komitə “Qazprom”a məxsus bir neçə qazdoldurma stansiyasını vergiləri gizlətməkdə ittiham edib. Nə olar, tamamilə mümkündür ki, iddialar əsaslıydı.
Amma Rusiya DY ASC-nin törəmə şirkəti “Cənubi Qafqaz dəmiryolu” QSC-nin ofisində biabırçı gecə “maska-şou”suyla bağlı hadisə qaranlıq qalır.
Ermənistan hökumətinin KTMT baş katibini - Ermənistan təmsilçisini həbs etməsiylə bağlı qalmaqallı əhvalat da məşhurdur.
Moskva, elə bütün KTMT təşkilatın üzvü tərəfindən onun bu qədər nüfuzdan aşkarca salınmasından çox narazıydı. Ümumiyyətlə, Ermənistanda Rusiya “mənşəli” hər şey, az qala, cinayətə çevrilir və “uyğun” təqibə məruz qalır.
Düzdür, Ermənistanın yeni hökumətinin indiki şəraitdə tələbatın arta biləcəyi qazın tarifinin endirilməsini necə təsəvvür etdiyi tam aydın deyil, çünki respublikada İtaliyanın “Renco” şirkəti tərəfindən 250 MVt gücündə İES inşası planlaşdırılır.
Gələcək stansiya yetərincə böyük və Ermənistanın elektrik enerjisi ixracı baxımından perspektivli sayılır: yada salaq ki, Ermənistanı İranla birləşdirən 400 kilovoltluq EVX (elektrik verilməsi xətti-red.) inşası 2019-da başa çatır.
Burada sual meydana çıxır: Rusiya inhisarçısını Ermənistandan sıxışıdırırlarsa, bəs həqiqətdə yeni İES-ə elektrik enerjisinin generasiyası üçün qazı kim tədarük edəcək?
Bir də ABŞ-ın İrəvanın Tehranla işgüzar əlaqələrini məhdudlaşdırmaq və nəzarətə götürməyə cəhd etdiyi və İran qazının nəzəri perspektivdə idxalının Ermənistana istənilən halda Rusiyanınkından baha başa gələcəyi bir şəraitdə.