Tehran ABŞ-ın İrana qarşı elan etdiyi dəniz blokadasını qeyri-qanuni addım və “dəniz piratlığı” kimi qiymətləndirərək, ölkənin limanlarının təhlükəsizliyinə təhdid yaranacağı təqdirdə cavab tədbirləri görəcəyini bəyan edib.
Bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının nümayəndəsi Ebrahim Zolfəqari açıqlama verib. O bildirib ki, ABŞ-ın beynəlxalq sularda gəmi hərəkətinə məhdudiyyət qoymaq cəhdləri beynəlxalq hüquqa ziddir.
Zolfəqarinin sözlərinə görə, İran Hörmüz boğazında gəmi hərəkətinə daimi nəzarət mexanizmi yaratmağı planlaşdırır. Bu addımın, regionda sabitliyi pozmaq cəhdlərinə qarşı cavab xarakteri daşıdığı qeyd olunur.
İran rəsmisi həmçinin xəbərdarlıq edib ki, əgər ölkənin Fars və Oman körfəzlərində yerləşən limanlarının təhlükəsizliyi təhlükə altına düşərsə, regiondakı digər limanlar da risk altında qalacaq.
Xatırladaq ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı 13 aprel 2026-cı il tarixindən etibarən İrana qarşı dəniz blokadasına başladığını elan edib. ABŞ hərbçiləri İran limanlarına yönələn və ya ölkə sahillərini tərk edən bütün gəmilərin hərəkətini məhdudlaşdırmağı planlaşdırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.