İşğalçıya qarşı hibrid savaşı - Bakı yeni cəbhə açır...
Qarabağ münaqişəsi işğalçı ölkə rəhbərliyinin təxribatçı mövqeyi sayəsində növbəti və daha təhlükəli fazasına adlayıb. Artıq erməni xalqına da aydındır ki, bu ölkədə hakimiyyətə “neytral”, hərbi cinayətlərə bulaşmayan yerli siyasi qüvvə gəlməyincə problemin həllində real dönüş müşkül olacaq. O da aydındır ki, illərdir erməni xalqını hakimiyyət maraqları naminə qorxu altında saxlayan kriminal Qarabağ klanı, belə görünür, güc dilini daha yaxşı anlayır.
Lakin qaynar müharibə hələlik dondurulsa da, virtual müharibə davam edir - informasiya alanında, təbliğat meydanlarında. Yeri gəlmişkən, bu arada Ermənistanın hakim dairələrində və bəzi siyasi-ekspert çevrələrində Azərbaycana qarşı növbəti isterika başlayıb. Səbəb də ölkəmizin son zamanlar Sərkisyan rejiminə qarşı təbliğat savaşında ciddi uğur qazanması, onun Qarabağ siyasətinə tutarlı zərbə vurmasıdır. Söhbət işğalçıya qarşı hibrid müharibəsinin elementlərindən istifadədən gedir.
***
Məlumdur ki, az öncə üç erməni ictimai xadimi və fəalı - Vaha Avetyan, Vahan Martirosyan və Süzan Caginyan Bakıda Qarabağa dair konfransa qatılıb, Xocalı abidəsini ziyarət ediblər. Daha sonra onların da imza atdığı Azərbaycan-Ermənistan Sülh Platforması qəbul olunub. Platforma konfliktin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, iki millətin barışı əsasında həllini nəzərdə tutur və tamamilə beynəlxalq hüquqa söykənir. Eyni zamanda, erməni xalqının yeganə xilas formulu sayıla bilər.
Az sonra Süzan Caginyan Bakıda haqqin.az saytında işə qəbul edilib. Bunun ardınca Dağlıq Qarabağdakı gənc yazıçı və ictimai fəal Lusine Nersesyan, Almaniyada yaşayan miqrant Armen Virabyan, son olaraq isə Ukraynadan başqa bir erməni, sayca 6-cı erməni fəalı - Aram Karapetyan Bakı deklarasiyasına imza atıblar. Karapetyan Qarabağ müharibəsinin fəsadlarının aradan qaldırılmasına Sərkisyan rejiminin mane olduğunu da bildirib.
Bütün bunlar, daha doğrusu, öz xalqını daim yalanlarla yemləyən Ermənistandakı hakim klan əleyhinə start götürmüş yeni tendensiya, gözlənildiyi kimi, Sərkisyan iqtidarını və onun tərəfdarlarını bərk narahat edib. Ədalətin müdafiəsinə qalxan erməni fəallara qarşı təhdidlər və hədələr baş qaldırıb. Luzine Nersesyan Xankəndində həbs edilib - hərçənd rəsmi İrəvan bunu danır. Lakin Avropa Birliyinin Bakı ofisinin rəhbəri Malina Mardın bu həbsi pisləməsi və Sülh Platformasına dəstək ifadə eləməsi İrəvan hökuməti üçün başqa bir xoşagəlməz sürpriz olub və əks-effekt yaradıb.
***
Erməni politoloq Qaqik Qambaryanın bu xüsusda 1 inş.am saytına söylədiyi fikirlər öz-özlüyündə hər şeyi qabarıq şəkildə büruzə verir, hakim elitadakı məyus ovqatı əyani büruzə verir. Əslində isə bu başabəla politoloq mənsub olduğu dairənin öz xalqına real münasibətini oraya qoyur (Ümid edək ki, onlar çoxluqda deyil).
Qambaryan öncə Platformaya təkcə erməni toplumunda deyil, Rusiyada, başqa ölkələrdə də pozitiv reaksiya olmasından narahatlığını bildirərək deyib: “Bizim üçün sadəcə, qəribədir ki, bu platforma haqda ”Kremlin mikrofonu" Dmitri Kiselyev, Kremlə yaxın politoloq Sergey Markov fikir bildirir. Moldova İctimai Palatasının başçısı, “bədnam” (dırnaqlar bizimdir -red.) Qriqoriu Aureliya isə artıq dünəndən mövqe sərgiləyir".
Həqiqi mənada öz xalqının rifahını və inkişafını istəyən 6 ermənini “avantürist”, “psixi xəstə”, “hakimiyyətdən inciyənlər”, “pula satılanlar” adlanrdıran, əslində isə avantürist və psixi xəstənin ən yekəsi olan Qambaryan ardınca onların fiziki məhvinə çağırış edir: “Bizim üçün vacibdir ki, buna diplomatlar deyil, Milli Təhlükəsizlik Xidməti reaksiya versin. MTX nə üçün yaradılıb ki? Bu strukturun fəaliyyətinin 90%-i belə satqınları aşkarlayıb zərərsizləşdirməkdir. Demirəm ki, onları fiziki məhv eləmək lazımdır - iş bu həddə çatarsa, onu da etməliyik... Çünki bu, artıq hibrid müharibəsidir və biz buna hazır deyilik”.
Qeyd edək ki, erməni fəalları ilə bağlı bənzər açıqlama və hədələrlə separatçı rejimin “mətbuat katibi” David Babayan da çıxış edib. Bu da təbiidir, ona görə ki, separatçı-daşnak ünsürlər sadə və vicdanlı ermənilərin Platformaya bu qədər maraq göstərməsindən əməlli-başlı təlaş keçirirlər. Çünki yaxşı bilirlər ki, Sərkisyan rejiminin yalanlarından bezən ermənilərin sayı qat-qat çoxdur.
Ermənilər doğrudan da özgə torpaqlarında xoşbəxt ola bilməyəcəklərini artıq kütləvi şəkildə anlamağa və bu torpaqları öz sahibinə qaytarmağın vaxtı çatdığını dərk etməyə başlayıblar. Təsadüfi deyil ki, Platformaya qoşulan ermənilər təkcə Dağlıq Qarabağı təmsil eləmirlər. Bu, həm də onun sübutudur ki, Qarabağdakı erməni əhali - Azərbaycan vətəndaşları daim xof altında yaşamaqdan bezib.
***
Konfliktin ədalətli həllinə dirəniş göstərən erməni-daşnak ünsürlərin qanını qaraldan daha bir hadisə Belarusla bağlı baş verməkdədir. Məlum olduğu kimi, Dağlıq Qarabağa qanunsuz səfərlər etdiyinə və separatçı rejimi təbliğ etdiyinə görə barəsində cinayət işi qaldırılan, Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında Belarusda həbs olunan bloqqer Aleksandr Lapşinin barəsində bu günlərdə 2 aylıq həbs qətimkan tədbiri seçilib. Onun Azərbaycana ekstradisiyası gözlənilir. Bu, baş verərsə, separatçıların təbliğatçısı 3 ildən 5 ilə qədər həbs cəzası ala bilər.
Bu üzdən məsələ erməni tərəfdə, daha dəqiqi, onun rəhbərliyində ciddi təlaş yaradıb. Anlaşılandır. Lapşinin həbsi ilk presedent olmaqla başqalarını da Qarabağa qanunsuz səfərlərdən çəkindirəcək. Söz düşmüşkən, işğal altındakı ərazilərə qanunsuz səfərlərə görə cinayət işinin qaldırılması praktikasından Gürcüstan çoxdandır istifadə edir. Azərbaycan isə belələrini “qara siyahı”ya salsa da onları İnterpol xətti ilə beynəlxalq axtarışa vermək praktikasından nadir hallarda istifadə edib.
Lapşinin ekstradisiyası baş tutarsa (Belarus-Azərbaycan münasibətlərinin indiki səviyyəsi buna tam imkan verir. Minsk Qarabağ məsələsində də həmişə, son olaraq isə aprel döyüşləri zamanı Azərbaycanın haqlı mövqeyini dəstəkləyib və buna görə İrəvanın qəzəbinə gəlib, eyni zamanda Azərbaycan silah satan ölkələrdən biridir), o zaman erməni təbliğat maşınına və separatizminə növbəti zərbənin vurulduğunu deyə biləcəyik.
Üstəlik, vurğulandığı kimi, bu, ilk belə presedent olduğundan, onun profilaktik təsiri və təbliğati əhəmiyyəti böyük olacaq. Bundan sonra işğal altındakı Azərbaycan torpaqlarına qanunsuz getmək istəyənlər bunu etməzdən qabaq iki dəfə düşünməli olacaqlar.
O ki qaldı separatçıların “mətbuat katibi” David Babayanın sayıqlamasına ki, guya bununla Belarusun beynəlxalq imici korlanacaq, tam əksinə - yaxşılaşacaq. İmici zədələnən olacaqsa da, bu - yalnız separatçıların qanunsuz rejimi olacaq. Çünki beynəlxalq qaydalar əsasında hərəkət edən, bu qaydalara sayğı göstərən bir ölkənin beynəlxalq imici zədələnə bilməz. Bunu beynəlxalq hüquqa görə “bic törəmə” sayılan bir separatçı qurumun “sözçüsü” hardan bilsin ki?
Beləcə, faktiki surətdə Azərbaycan işğalçıya ikinci qəfil aprel zərbəsi vurub. Düşmən apreldəki kimi, indi də hibrid müharibəsinin şokundadır və nə edəcəyini bilmir. Bu, eyni zamanda Ermənistana qarşı yeni cəbhənin açılması da sayıla bilər. XXI əsrdə, bəşəriyyətin qaynar müharibələrə pis baxdığı zamanda bu, az önəm kəsb eləmir və ölkəmizin Qarabağ məsələsində mövqeyini gücləndirir. (musavat.com)