Azərbaycandakı Mason Lojası nə vaxt yaradılıb? - həqiqətlər üzə çıxdı
Rusiya Böyük Mason Lojasının Böyük Ustadı Andrey Boqdanov Sputnik Azərbaycan-a maraqlı açıqlamalar verib
Ulus.Az həmin müsahibəni təqdim edir:
— Masonlar nə vaxt Bakıda peyda olublar? Siz bizim şəhərə nə vaxt gəlirsiniz və bu il Bakıya səfəriniz planlaşdırılırmı?
— Masonların Bakıda olmasının təşəbbüskarı ABŞ və Rusiyada yaşayan azərbaycanlılar olub. İyirmi il əvvəl Vaşinqtonda azərbaycandilli loja yaradılıb, biri də Moskvada qurulub. Daha sonra Vaşinqtonda daha bir loja da yaradılıb. Artıq bu üç lojanın bazası əsasında 2008-ci ildə Azərbaycan Böyük Milli Lojası ölkənizin ərazisində yaradıldı. 2008-ci ildən başlayaraq mən hər il Azərbaycan Böyük Lojasının Assambleyasında iştirak etmək üçün Bakıya gəlirəm. Yeni Bakının tikintisi demək olar ki, mənim gözlərim qabağında olub. Hər dəfə gələndə heyrət edirəm ki, şəhər nə qədər gözəlləşib.
— Sizin Qarabağa səfərlərinizlə bağlı çoxlu söz-söhbət var. Artıq məsələ yoluna qoyulub. Hazırda sizin Azərbaycan gömrüyü ilə bağlı problemləriniz olmur ki?
— Azərbaycanın Xarici İşlər Nazirliyi mənim adımı "qara siyahı"dan çıxarandan sonra 2 dəfə Bakıya gəlmişəm və gömrüklə heç bir problemim olmayıb.
Azərbaycandakı Mason Lojası nə vaxt yaradılıb?
— Mason lojasının Bakıdakı yığıncaqları zamanı Qarabağ münaqişəsi ilə bağlı məsələlər müzakirə olunurmu?
— Masonluqda prinsipcə siyasəti və dini müzakirə etmək qadağandır. Buna görə də, bu məsələlər heç vaxt müzakirə olunmur və olunmayacaq da.
— Bakıdakı mason lojasının yığıncaqlarına ermənilər də gəlirlər?
— Təəssüf edirəm ki, Azərbaycanın və Ermənistanın Böyük Lojaları bir-birilərini tanımırlar. Əlbəttə ki, onları başa düşmək olar. Bununla belə, bu ölkələrin masonları Rusiyanın, ABŞ-ın, eləcə də Avropanın Böyük Mason Lojalarının yığıncaqlarında iştirak edərkən görüşürlər.
— Bizim müsahibənin baş tutmasına səbəb Fransanın Böyük Şərq Mason Lojasının Böyük Ustadı Kristof Abasın müstəqil loja yaratmaq üçün Ermənistana səfər etməsi oldu. Siz bunu necə izah edərdiniz?
— Ermənistanın Böyük Lojası artıq 15 ildir bu ölkədə mövcuddur. Kristof Abasın Ermənistana səfərinə gəldikdə isə, başa düşmək lazımdır ki, masonluq mütəmadi və qeyri-mütəmadidir. Rəsmi dünya masonluğunun bu il 300 yaşı tamam olur. Üç yüz il əvvəl İngiltərədə ilk Böyük Loja meydana gəlib. Və masonluqda belə bir anlayış var – tanınmaq. Nisbətən kiçik loja tanınmaq üçün daha böyük lojaya müraciət edir. Əgər onu tanıyırlarsa, o, tanınmış olur. Müvafiq olaraq lojalar arasında əlaqə var, ayrı-ayrı lojalardan olan qardaşlar bir-birilərini ziyarət edirlər. Əgər tanınmırlarsa, bütün bunlar da baş vermir.
Mütəmadi və qeyri-mütəmadi anlayışına gəlincə, mütəmadi masonluqda üzvlüyə yalnız kişiləri qəbul edirlər və orada mütləq Allaha və ruhun ölməzliyinə inam var. Lojaların daxilində siyasət və din məsələləri müzakirə olunmur. Ermənistanın Böyük Lojası çoxdan tanınıb. Sadəcə indi Ermənistana Fransadan mütəmadi olmayan və tanınmayan lojanın rəhbəri gəlir. Bu, praktiki olaraq həqiqi deyil.
Azərbaycandakı Mason Lojası nə vaxt yaradılıb?
— İki millətin nümayəndələri mason olanda bir-birindən nə iləsə fərqlənirlər?
— Heç bir fərq yoxdur. Onları bir-birilərindən fərqləndirən yeganə cəhət odur ki, ermənilər xristiandır, azərbaycanlılar isə müsəlman. Lojanın açılışına hər kəs özünün müqəddəs kitabı ilə gəlir. Əgər xristianlar iştirak edirlərsə, Bibliya açılır, əgər müsəlmanlardırsa, Quran. Əgər hər ikisi iştirak edirsə, onda kitabların hər ikisi açılır.