Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramovun
BMT İnsan Hüquqları Şurasının 46-cı sessiyasının
Yüksək Səviyyəli Seqmentində çıxışı
22 fevral 2021-ci il
Xanım Prezident,
Zati Aliləri,
Xanımlar və cənablar,
İlk öncə Səfir Najat Şamim Xanı İnsan Hüquqları Şurasının prezidenti seçilməsi münasibətilə təbrik etmək və ona bu vəzifəsinin icrasında uğurlar arzu etmək istərdim.
Sessiyamız COVİD-19 virusunun bəşəriyyət üçün böyük təhdid törətməyə davam etdiyi bir vaxtda baş tutur. Azərbaycan pandemiyaya dərhal cavab vermiş və meydana çıxan sosial-iqtisadi problemlərlə bağlı insan hüquqlarına əsaslanan yanaşma tətbiq edərək COVİD-19 virusunun yayılmasının qarşısını almaq üçün səmərəli tədbirlər həyata keçirmişdir.
Azərbaycan öz səylərini ölkədaxili nailiyyətlərlə məhdudlaşdırmamışdır. Qlobal səyləri dəstəkləmək məqsədilə Azərbaycan Hökuməti Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon ABŞ dolları, habelə, Qoşulmamama Hərəkatının virusdan daha çox əziyyət çəkmiş üzv ölkələrinə Hərəkatın sədri qismində əlavə 5 milyon dollar məbləğində yardım etmişdir. Azərbaycan həmçinin 30-dan çox ölkəyə ikitərəfli əsasda təcili humanitar yardım göstərmişdir.
Qoşulmama Hərəkatının hazırki sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının dekabrın 3-4-də COVİD-19 mövzusunda çağırılmış xüsusi sessiyası birlik, çoxtərəfli əməkdaşlıq, həmrəylik və insan hüquqlarına hörmətə əsaslanan əlaqələndirilmiş qlobal cavab verilməsi zərurətini bir daha təsdiq etmişdir.
İndi beynəlxalq ictimaiyyət nəinki davam edən sağlamlıq böhranına cavab vermək, habelə ədalətli və davamlı gələcək qurmaq üçün birgə fəaliyyət göstərməlidir. Bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti COVİD-19 virusuna qarşı peyvəndin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz bölgüsü ilə bağlı ciddi narahatlığını ifadə etmişdir. Fürsətdən istifadə edərək bütün dövlətləri, beynəlxalq təşkilatları, beynəlxalq donor ictimaiyyətini, peyvənd istehsalçılarını və digər aidiyyəti tərəfləri bütün ölkələri COVİD-19-a qarşı peyvəndlə əlçatan, maneəsiz, vaxtında və ədalətli formada təmin etməyə çağırırıq.
Xanım Prezident,
Demokratiyanın möhkəmləndirilməsi və insan hüquqlarının müdafiəsi Azərbaycan Respublikasının əsas prioritetləri sırasındadır. Ölkədə davam edən islahatlar siyasi partiyalarla əsası qoyulmuş dialoq, mətbuatın inkişafına dəstək, əlilliyi olan şəxslər üçün daha yaxşı şəraitin yaradılması, qadınların və gənclərin təşviq olunması, şəffaf və səmərəli ictimai xidmətlərin miqyasının artırılması kimi geniş sahələri əhatə edir.
Azərbaycan BMT-nin insan hüquqları mexanizmləri ilə səmərəli əməkdaşlıq edir. İnsan Hüquqları üzrə Ali Komissarın Ofisinin mühüm işini dəstəkləmək məqsədilə Azərbaycan mütəmadi qaydada Ofisə könüllü maliyyə töhfələri ayırır və bunu etməkdə davam edəcəkdir. Biz üzv dövlətlərlə əməkdaşlıq və dialoq vasitəsilə insan hüquqlarının təşviqində İnsan Hüquqları Şurasının xüsusi mandat daşıyıcılarının mühüm rolunu yüksək qiymətləndiririk. Bu baxımdan ölkəmiz bütün mandat daşıyıcılara daimi dəvət ünvanlamışdır.
Xanım Prezident,
BMT Baş Assambleyasının müvafiq qətnaməsinə əsasən 2021-ci il Beynəlxalq Sülh və Etimad İli elan edilmişdir. Bu il Azərbaycan üçün əlamətdar olacaqdır, belə ki, ölkəmiz ərazilərinin təxminən 30 il davam edən işğaldan azad olunmasından sonra münaqişə-sonrası bərpa və reabilitasiya mərhələsinə qədəm qoyur.
30 ilə yaxın dövr ərzində münaqişənin siyasi yolla tənzimlənməsi prosesindən, habelə Azərbaycanın bu prosesə sadiqliyindən öz məqsədləri üçün istifadə edən Ermənistan Azərbaycan torpaqlarını ilhaq etmək məqsədilə onların işğalının nəticələrinin möhkəmləndirilməsi istiqamətində davamlı tədbirlər görmüşdür. Bu xüsusda Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşdırma aparılmış, tarixi və mədəni irs dağıdılmış və soyğuna məruz qoyulmuş, təbii ehtiyatlar qeyri-qanuni istismar edilmiş, ictimai və özəl mülkiyyət mənimsənilmişdir. İşğalın davam etdiyi illər ərzində Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə, habelə, mədəni irsinə və infrastrukturuna qarşı ağır cinayətlər silsiləsi törədilmişdir.
Ermənistan tərəfindən Azərbaycana qarşı 27 sentyabr 2020-ci il tarixində başlamış son təcavüz istisna olmamışdır. Həmin təcavüz Azərbaycanın mülki əhalisini təşvişə salmaq məqsədilə müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlərə bərabər ciddi beynəlxalq humanitar hüquq pozuntuları ilə müşayiət olunmuşdur. Bu məqsədlə Ermənistan məqsədli şəkildə Azərbaycanın münaqişə bölgəsindən uzaqda yerləşən mülki əhalinin sıx məskunlaşdığı ərazilərinə hücum törətmiş, nəticədə 101 mülki şəxs həlak olmuş, 400-dən çox insan ağır yaralanmışdır. Bundan əlavə, Ermənistan hərbçilərinin Azərbaycanlı əsirlərin hüquqlarını pozduğu, o cümlədən alçaltma və nalayiq rəftar, onlara qarşı fiziki zor tətbiqi, söyüş, başlarının kəsilməsi, cəsədlərlə pis rəftar tətbiq etdikləri barədə çoxsaylı təkzibedilməz faktlar mövcuddur. Azərbaycan müvafiq ikitərəfli və çoxtərəfli mexanizmlər çərçivəsində öz hüquqlarından istifadə edərək bu cinayətləri törədənləri ədalət mühakiməsi qarşısına çıxarmaq üçün bütün tədbirləri görməyə qərarlıdır.
Yuxarıda göstərilən əməllərini ört-basdır etməyə cəhd edən Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq üçün Azərbaycanı eyni cinayətlərdə ittiham edir və bu məqsədlə yalan xəbərlərlə dolu kütləvi kampaniya həyata keçirir. BMT-nin insan hüquqları mexanizmləri, o cümlədən İnsan Hüquqları üzrə Ali Komissarın Ofisi, müqavilə qurumları və mandat daşıyıcıları da Ermənistanın bu saxta təbliğatına məruz qalmışdır.
Azərbaycan torpaqlarının işğaldan azad olunması yüz minlərlə köçkünün öz yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtma hüququnun icrasına şərait yaradır. Bununla yanaşı, münaqişədən zərər çəkmiş ərazilərdə ictimai və özəl mülkiyyətin, zəruri mülki infrastukturun, o cümlədən təhsil və tibb müəssisələrinin, habelə, tarixi və mədəni irsin və ətraf mühitin məruz qaldığı ziyan və dağıntıların görünməmiş miqyası bu ərazilərin bərpası və yenidən qurulması üçün Azərbaycan Hökuməti qarşısında böyük vəzifə qoyur. Hökumət artıq köçkün əhalinin təhlükəsiz və ləyaqətli qayıdışını və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində dinc birgəyaşayışı təmin etmək üçün praktiki tədbirlərə başlamışdır.
Azərbaycan münaqişə bölgəsində yaşayan erməni əsilli vətəndaşlarını öz siyasi, sosial və iqtisadi mühitinə yenidən inteqrasiya etməyə və onlara Azərbaycanın etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşları ilə eyni hüquq və azadlıqları təmin etməyə qərarlıdır. Azərbaycan Respublikasının Konstitusiyası bununla bağlı etibarlı hüquqi çərçivəni təmin edir.
Sülhün bərqərar olması, bərpa və yenidənqurma işləri, ehtiyacı olanlara humanitar yardımın göstərilməsi, o cümlədən məcburi köçkün və qaçqınların qayıtması əsas prioritet olmalıdır. Bu məqsədlə Azərbaycan BMT-nin humanitar yardım üzrə 1991-ci ildə qəbul edilmiş prinsiplərinə tam uyğun olaraq müvafiq beynəlxalq tərəfdaşlarla, o cümlədən BQXK, BMTQAK və digər BMT qurumları ilə, habelə regionda sülh və stabilliyə töhfə vermək istəyən fərdi dövlətlərlə işləməyə hazırdır.
Bu yanaşma beynəlxalq hüquqa, eləcə də BMT-nin humanitar yardım, münaqişə-sonrası bərpa və yenidənqurma sahəsində işlərini tənzimləyən qətnamə və sənədlərinə əsaslanır və münaqişənin yaralarını sağaltmağa yönəlmış etimad quruculuğu tədbirləri kimi çıxış edəcəkdir.
Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat Ermənistan və Azərbaycan üzərinə bütün hərbi fəaliyyətləri dayandırmaq və onilliklərlə davam edən münaqişənin aradan qaldırılması üçün tədbirlər görməklə bağlı öhdəlik qoyur. Azərbaycan bu sənədin tam əməli icrasına və Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması əsasında bu qanlı münaqişənin yaralarının sağaldılmasına böyük əhəmiyyət verir.
İnanırıq ki, BMT başda olmaqla beynəlxalq ictimaiyyət bölgədə xoş qonşuluq münaibətlərinin bərpasına yönəlmiş Üçtərəfli Bəyanatın həyata keçirilməsinin dəstəklənməsində mühüm rol oynaya bilər.
Təşəkkür edirəm.