AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistanla bağlı şok açıqlama

  • + A
  • - A
  • 16-08-2017, 12:15

    Ermənistanla bağlı şok açıqlama














    Politoloq: “İrəvan NATO təlimlərinə həm də Kremlin təlimatları əsasında qatılır”

    Sentyabrda baş tutacaq BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin bir araya gətirilməsi istiqamətində çalışmaların davam etdiyi bildirilsə də, hələlik bu görüşün baş tutacağını demək üçün ciddi arqument yoxdur.
    Qeyd edək ki, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland açıqlama verərək bildirmişdi ki, Qarabağ konfliktinin tərəfləri bir-birinə inam yaratmaq üçün ciddi addımlar atmalıdır və bu istiqamətdə yaxın vaxtlar üçün bəzi addımlar atılacaq. Diplomatın dediklərindən belə aydın olmuşdu ki, həmsədrlər yeni hərbi toqquşmaların qarşısını almağa çalışır, nəinki tənzimləməyə. Ancaq amerikalı həmsədrin hazırkı situasiyada snayperlərin geri çəkilməsi və təmas xəttində izləyici kameraların yerləşdirilməsi barədə təklifləri qıcıqla qarşılanıb. Hesab olunur ki, bu, daha çox Ermənistanın maraqlarına xidmət edən mövqedir.

    Politoloq Arzu Nağıyev isə “Yeni Müsavat”a açıqlamasında fərqli fikirdə olduğunu qeyd etdi: “Amerikalı həmsədr belə bəyanat verməklə deməzdim ki, tam şəkildə erməni tərəfinin mövqeyindən çıxış edir. Sadəcə olaraq belə bir addım status-kvonun saxlanmasına hesablandığı üçün Azərbaycan tərəfini tam qane edə bilməz. Yəni münaqişənin dinc yolla həllinə üstünlük verilməsi aprel döyüşlərindən sonra guya itirilən qarşılıqlı inamı bərpa edə bilər. Təbii ki, iki ölkənin rəhbərlərinin görüşü müəyyən qədər gərginliyi azalda bilər. Lakin istər bu ilin iyul ayının 11-də iki dövlətin xarici işlər nazirlərinin görüşündə, Soçidə Azərbaycan və Rusiya prezidentlərinin görüşündən sonra gərginliyin daha da artması ermənilərin danışıqlardan qaçması üçün atdıqları addımlar, təxribatlar siyasi bir gedişdir”.

    Danışıqların ölü nöqtədən tərpənməsi ehtimalına gəldikdə, ekspert hesab edir ki, bu məqamda erməni tərəfin yenidən danışıqlara qayıtması vacib məsələdir: “İlk öncə xarici işlər nazirləri görüşməli və kompromis əldə olunarsa, artıq reallaşması üçün dövlət başçıları görüşməlidirlər. Məhz buna görə də sentyabrda Nyu-Yorkda BMT-nin Baş Assambleyasının iclası ərəfəsində həm xarici işlər nazirlərinin, həm də ölkə rəhbərlərinin görüşəcəyi ilə bağlı anonslar verilir. Bir sözlə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, mərhələli şəkildə münaqişənin həlli üçün istənilən danışıq prosesində Azərbaycan tərəfi iştirak edir və etməyə hazırdır”.

    Son günlərdə Ermənistanın NATO-ya yaxınlaşma cəhdləri də müzakirələrə səbəb olub. Hətta bəzi müşahidəçilər bunu Bakı üçün şans sayır. Bəs, ekspert necə düşünür, İrəvanın Azərbaycandan fərqli olaraq, NATO-nun iki təlimində iştirakı bizə hansısa üstünlük vəd edirmi? Yoxsa elə bu, Rusiyanın oyunudur, İrəvanla razılaşdırılıb və Qarabağ məsələsində də heç bir əhəmiyyət kəsb eləmir?

    A.Nağıyevə görə, təbii ki, bu, həm bir siyasi gedişdir, həm də dolayı yolla Ermənistanın Rusiyaya bir mesajıdır: “Bununla Ermənistan öz daxilində yaranmış ictimai-siyasi vəziyyəti nəzərə alaraq bəzi qərbyönlü qüvvələrin anti-Rusiya meyllərindən istifadə edir. Yəni Moskva İrəvandan imtina edərsə, Ermənistan istənilən an NATO-ya üz tuta bilər. Məhz buna görə də Ermənistan NATO-nun Gürcüstanda keçirilən hərbi təlimlərinə qatılır. Üstəlik, Ermənistan NATO-nun sözügedən təlimlərinə qatılmaqla təbii ki, Rusiyanın da təlimatları əsasında həm də müəyyən kəşfiyyat xarakterli məlumatları da əldə edir. Bununla Ermənistan Qərbə öz xarici siyasətində təkcə Rusiya ilə birgə olmadığını nümayiş etdirir. Bir sözlə, Ermənistan hakimiyyəti ölkə daxilində və xaricində ikili standartlara uyğun xətt yürütməyə çalışır”.

    Politoloq hesab edir ki, bütün bunların Qarabağ məsələsində nəyi isə dəyişəcəyini gözləmək düzgün olmazdı: “Çünki kiminlə birgə olmasına baxmayaraq, əsas problem Ermənistanın işğalçılıq siyasətinin qarşısının alınması və Azərbaycanın suverenliyinin qorunmasıdır. Azərbaycan-Rusiya əməkdaşlığı isə zənnimcə, birgə deyil, qarşılıqlı inkişaf edə bilər. Yəni hər bir problemin çözülməsində qarşılıqlı maraqlardan çıxış edilməlidir. Bu gün Rusiya ilə əsas inkişaf perspektivimiz hərbi müqavilələrlə bağlıdır. Digər iqtisadi, mədəni və ictimai məsələlərin həlli ilə bağlı elə bir problemimiz yoxdur”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR