"Bu utanverici vəziyyət təcili düzəldilməlidir"- Millət vəkili nazirliyə müraciət etdi
"Əgər bir dərslikdə şagird səhv tutursa bu çox üzücü məsələdir"
Bunu millət vəkili Qənirə Paşayeva AZXEBER.COM-a dərsliklərlə bağlı müəllimlərin mətbuatda yayımlanan açıqlamalarına münasibət bildirərkən deyib.
Elə bu gün təhsil naziri Mikayıl Cabbarova müraciət hazırladığını bildirən millət vəkili məsələyə ən qısa zamanda cavab veriləcəyinə inanır:
"Bir az əvvəl mətbuatdan bir sıra əməkdar müəllimlərin dərsliklərlə bağlı açıqlamalarını oxudum. Çox narahat edici və ciddi bir məsələdir. Mütəxəssislərin dərsliklərlə bağlı qaldırdığı ciddi problemə Təhsil nazirliyi çox həssas və təcili münasibət göstərməli və çoxlu səhvlər aşkarlanan dərsliklər yenidən hazırlanmalı, həmin dərslikləri hazırlayanlar və ona nəzarət edib düzəlməsinə cavabdehlər tamamilə prosessdən uzalaşdırılmalıdır. Əgər bir dərslikdə şagird səhv tutursa bu çox üzücü məsələdir. Ən narahat edən məsələ isə Əməkdar müəllim Almaz Həsrətin vurğuladığı yanaşmadır.
Deməli neçə illərdir mütəxəssislər biologiya dərsliklərində çoxlu səhvlər tapırlar amma vəziyyət dəyişmir. Bəs Təhsil nazirliyi tərəfindən təyin olunmuş ekspertlər hara baxıb? Nədən vəziyyətin düzəldilməsi üçün addımlar atılmayıb. Bu ölkədə yaxşı dərslik yaza biləcək onlarla mütəxəssis var. Nə üçün onlar prossesə cəlb olunmur. Dəhşətə bax. Almaz xanım deyir ki bu il qalib elan edilən X sinif biologiya dərsliyi 120 səhifəlikdir və 30 səhifəlik səhv aşkar etmişik. Vallah adam deməyə söz də tapmır. Mən Almaz xanım və bu məsələdə mövqe nümayiş etdirən mütəxəssislərin hamısı ilə razıyam və hesab edirəm ki bu dərsliklər məktəblərə göndərilməməlidir. Düşünün ki uşaqlar oxuduqları dərslikdə səhvləri görür və müəllimə dərslikdə olan səhvləri deyir. Doğurdanda utanverici bir vəziyyətdir və təcili düzəldilməlidir. Maraqlısı odur ki, səhv dolu kitab niyə qalib elan edilir?!” Almaz xanım və digər mütəxəssislərin bu sualına şəxsən mən də maraqla nazirlikdən cavab gözləyirəm. Necə olub? Görün vəziyyət nə yerdədir ki tanınmış bir müəllimə dərsliklərimizi utandıqlarından beynəlxalq tədbirlərə apara bilmədiklərini deyir. Mən bir millət vəkili olaraq bu məlumatları, açıqlamaları oxuyanda çox narahat oldum və bu gün cənab nazirə müraciət hazırlamışıq. İnanıram ki Təhsil naziri, bu sahədə bir sıra uğurlu dəyişikliklərə nail olan Mikayıl Cabbarov bu məsələyə qısa zamanda reaksiya verəcək və ciddi tədbirlər görüləcək. Mən də Almaz xanımın çağırışına qoşularaq ciddi mütəxəssislərin iştirakı ilə dərsliklərə yenidən baxılmasına çağırıram. Əməkdar müəllim Almaz xanımın açıqlamaları, əməkdar müəllim, biologiya elmləri doktoru, professor Məcnun Babayevin "son illər kurrikulumla bağlı yeni dərsliklər hazırlayırlar. 8, 9-cu sinif dərslikləri bərbad vəziyyətdədir. İndi də X sinif biologiya dərsliyi hazırlayıblar. O, lap dəhşətdir. Tenderdə qalib gələn dərsliyi oxudum, üç fəsildə 180 elmi səhv tapdım. Əsəbimdən partladım, kitabı tulladım, daha oxumadım. Mən istəmirəm ki, Azərbaycan məktəbliləri şikəst olsun” açıqlamasına ciddi yanaşmalıdır nazirlik. Təhsil nazirliyinin rəsmi nümayəndəsinə, Təhsil Nazirliyinin Tədris Resursları Şöbəsinin müdirinə vəziyyəti deyən mütəxəssisin amma heç bir addım atılmaması ilə bağlı fikirləri isə üzücüdür. "Dedim, bu işdə çirkin əməllər var və kimsə pis işlər görür. Xəbərdarlıq etdim. Bizim müraciətlərimizə ancaq şablon cavablar göndərir. İndi isə istəyirəm ki, nazirlə görüş təyin edilsin, hamımız yığışıb müzakirə edək. Soruşsunlar, dərdiniz nədir, niyə qədər məktub yazırsınız?! Təklif edirəm ki, dərsliklər hazırlanıb orta məktəb müəllimlərinin səs çoxluğu ilə seçilsin”. Ümid eidrəm ki Təhsil naziri mütəxəssislərin bu çağırışını eşidəcək və onları qəbul edəcək, vəziyyət müzakirə ediləcək və ciddi problemlər aradan qalxacaq. Və qalxmalıdır. Çünki söhbət gənclərin təhsili ilə bağlı ciddi problemdən gedir.