Dünya savaşında ABŞ əsgəri yox, dünyanın özündən toplanan zombiləşmiş bir toplum vuruşacaq — Hərbi ekspert
ABŞ generalı İŞİD-i amerikalıların yaratdığını və bununla bir neçə dövlətdə hakimiyyət çevrilişi edəcəklərini deyib.
General Vesli Klark İŞİD terror qruplaşmasının necə qurulmasından danışıb. O bildirib ki, terror qruplaşması Səudiyyə Ərəbistanından pul "sağmaq" və ölkələri işğal etməyə bəhanə yaratmaq məqsədi ilə qurulub.
General Əfqanıstanda döyüşərkən ABŞ müdafiə nazirinin ona Əfqanıstandan əlavə bir neçə dövlətdə də hakimiyyət dəyişikliyinin olacağını bildirib. Həmin dövlətlərin siyahısı bunlardır: Suriya, Liviya, Livan, Somali və İran.
İŞİD terror təşkilatı, onu yaradanlar və təkilatın məqsədi barədə suallarımızı hərbi ekspert Abuzər Əbilov Ölkə.Az-da cavablandırıb:
"Yalnız diletant İŞİD-in özbaşına hansısa bir müqavimət yaxud azadlıq hərəkatı kimi yaranmasını düşünə bilər. Əsasən İraq ordusunun yüksək çinli kəşfiyyat və təhlükəsizlik zabitlərindən təşkil edilən və həmən zabitlərin olduğu bu tam təchizatlı, maliyyəli, döyüş hazırlıqlı, nizamnaməli və dünyanın hər yerində gizli və açıq nümayəndəliyi olan bu professional ordu məhz dünya gücləri tərəfindən yaradıldığı ilk andan məlumdur. Quantanamo həbsxanasından azad olunan və bir müddət sonra bu ordunun tərkibində peyda olan bu zabitlərə məhz ABŞ xüsusi əməliyyatlar üzrə komandanlığının ehtiyat qüvvələrinin tədris bazalarında hazırlıq keçilib. Bundan sonra isə dünya ölkələri üzrə bir növ səfərbərlik xidmətləri yaradılıb".
- Dəccalın doğuluşu və yaxud terror vasitəsilə müharibə.
- Kiçik müharibələr, böyük mübahisələr, təbii fəlakətlər, dünya maliyyə böhranları, enerji daşıyıcılarının qiymətində siyasi faktorlar, idarə olunan narkomanlıq, insan alveri, korrupsiya, adı “hüquq keşikcisi olan” lakin əməldə hüquqa düşmən zatların cəzasızlığı, atmosfer çirklənməsi, böyük farmokoloji şirkətlər tərəfindən düşünülən xəstəliklərdən yorulmuş və beli bükülmüş dünyamızı biz ciddi qəbul eləməsək də, artıq Dəccalın doğuluşunu, böyüməsini və dünya nizamının dəyişməsini müşahidə etmək məcburiyyətindəyik. Deyərdim ki, Dəccal doğulmadı, onu süni bətnlərdə yetişdirib bəslədilər və qoca dünyaya bir iblis balası sifətində buraxdılar.
- Kim və nə ücün?
- Güya Usama Bin Ladenin şəxsi əmri ilə 11 sentyabrda partladılan əkiz qüllələrdən sonra, dünyaya təqdim edilən “Əl Qaidə “ terror təşkilatı tarixdə yeni nizam, yeni bir anlayış irəli sürdü. Bu radikal terror təşkilatlarının parakəndəlik, başıpozuqluq prinsiplərini silərək, hərb tarixinə mükəmməl hərbi mütəxəssislərlə, böyük maliyyə imkanları ilə informasiya texnologiyaları və təbliğat ilə, mobil silah və texnika ilə silahlanmış nizami, lakin radikal terrorçuluq prinsipli ordu gətirdi.
- Kim yaratdı bu ordunu? Məqsəd nə idi?
- Geostrateji baxımdan 11 sentyabr dünya nizamının köklü surətdə dəyişməsində başlıca rol oynadı. Əkiz qüllələrin yıxılması ilə dünya yeni bir strategiyaya, yeni bir düzənə doğru addımladı. Əsasən Əfqanıstana uzun illər beynəlxalq qınağa görə girə bilməyən ABŞ ordusu bu fürsətdən istifadə etməyə bilməzdi. İraqda “Səddamda nüvə silahı var” - deyən ABŞ böyük hərbi kontingentlə Əfqanıstanda Usama Bin Laden axtarışına çıxdı. Hərbi əməliyyatlar bilavasitə “Taliban” və “Əl qaidə” döyüşcüləri ilə aparılsa belə, bu zaman sadaladığımız terror ordusu heç də zəifləmədi, əksinə böyüyərək daha mobil, daha müasir orduya çevrildi.
- Sual yaranır ki, niyə?
- Texnologiya nə qədər inkişaf etsə belə, dünyanı idarə edən maliyyə qurumları, ciddi-cəhdlə enerji daşıyıcılarının istifadəsini gündəmdən buraxmır. Baxmayaraq ki, enerji istifadəsi və istehsalı üçün elmdə karbohidrogen vasitələrdən ucuz başa gələn, asan istifadə olan çoxlu resurslar var, lakin dünyanın idarəsində məhz karbohidrogen ehtiyatlar üstün tutulur. Artıq bu kimyəvi tərkibli "qara şeytan" dünyanın idarəetmə mexanizminə çevrilib. Məhz bu idarəetmə mexanizmində hegemonculuq, öncülük prinsipləri qabarır. Bu zaman hegemonluqla və öncülüklə razılaşmayan qüvvələr, yəni dövlətlər meydana çıxır. Etiraz edən dövlətləri müxtəlif vasitələrlə sakitləşdirmək lazım gəlir. Bu zaman üz-üzə müharibələrdən qaçılır. Çünki böyük dövlətlərin müharibələri, amansız, sonu isə dünyanın dağılmasına gətirib çıxaran vasitələrlə doludur. Bəs nə cür etməli? Bu zaman sınanmış üsullardan biri də müttəfiqlərin məhv edilməsidir. Bəli artıq hər şeyi öz adı ilə çağırmaq zamanıdır. Bu böyük güc dövlətinin dünya ilə müharibəsidir.
- ABŞ niyə Əfqanıstana girdi? Usama Bin Laden gözəgörünməz və məhvedilməz idi?
- Bəs belə idisə müxtəlif vaxtlarda “həbs” edilən Usama, niyə məhz ABŞ-ın yüksək rütbəli şəxsləri tərəfindən azadlığa buraxılmışdı? Sovetlər zamanında Sovet qüvvələrinə qarşı savaşda iştirak edən, böyük nüfuza malik Usama məyər ABŞ xüsusi xidmət orqanlarının ”hansısa nömrəli agenti“ deyildimi? Yerin altını müşahidə edən peyklər texnologiyasına malik olan dövlət, hansısa mağarada Usamanı görə bilmirdimi? Üzdə görə bilmirdi. Lakin həqiqət başqadır. Həqiqət daha dərindir.
- Bəs İŞİD nədir?
- Aysberqin görünən tərəfində bunlar barbar ordusudur ki, parakəndə halda, üzlərində saqqal, xalq arasında qorxunc “vəhhabi “ adlanarlar. Lakin aysberqin görünməyən tərəfində İŞİD böyük bir hərbi, iqtisadi, elmi potensiala malik bir qurumdur. Belə qurum heç zaman maliyyəsiz yaşaya bilməz və buna onun şansı da yoxdur. Aysberqin aşağısında dünyanın hər tərəfindən, hətta müsəlman olmayanlardan ibarət minlərlə ixtisaslı İŞİD-in tərkibinə qatılıb, qatılır. Bu Nüvə müharibəsindən də təhlükəli bir yaranmadır ki, yaradıcılar böyük silahlardan tutmuş, kiçik iynəyə qədər hər şeyi düşünüblər. Bu gün İŞİD-in maliyyə durumu 2-10 milyard ABŞ dolları civarında hesablanır. İŞİD cəngəllikdə gizlənən, ara-sıra hökumət qüvvələri ilə silahlı münaqişəyə girən bir partizan qüvvəsi deyil. İŞİD dünyaya yayılmış bir vəbadır ki, onun kökünün kəsilməsi dünyaya hələ çox baha başa gələcək. Sadəlövh olmayaq. Bu gün İŞİD bütün növ mütəxəssisləri öz sıralarına cəmləyir. Həkimlər, İT mütəxəssisləri, Telekommunikasiya, maliyyə, təhsil, hərbi və bir sıra başqa sahələr. Bu gün İŞİD cöx böyük internet ressurslarına malikdir. Böyük studiyalarda, əla formatlarda İŞİD-i reklam edən filmlər çəkilir və həmən filmlər operativ surətdə çatdırılır. Bu filmlərin əksəriyyəti İŞİD-in amansız və qəddar bir qüvvə olduğunu göstərir.
- Niyə?
- Bəli bu silahdan da güclü olan təbliğatdır. Bu qorxunc imic yaradaraq, hücum etdiyi ərazilərdə, onun gəlişindən xoflanaraq qaçan rəqib qüvvələrinə hesablanmış bir psixoloji hücumdur. İŞİD təmiz İslamı gətirəcək qüvvə kimi təbliğ olunduqca, onun sıraları genişlənir. Bundan əlavə maliyyə durumu çətin olan insanlar məhz güclərini İŞİD-də sınamağa üstünlük verir. Bu gün İŞİD dünyanın hərb aparma anlayışına köklü dəyişikliklər etmiş bir taktika elminin banisidir. Bu taktikaya baxdıqca bütün orduların taktiki təlimlərində dəyişikliklər vacibdir. İŞİD içəridən dağıtma, mobil, hücum zamanı müdafiə, müdafiə zamanı hücum kimi taktiki gedişlər etməklə rəqibini hər zaman çaşdırır. Bu da sonda rəqibin başıpozuq düşməsinə imkan yaradır.
- İŞİD-i kimlər idarə edir?
- İŞİD-i “mövhumatcı radikal islamçılar idarə edir”, deyənlər yanılır və bu dövlət tərkibində nə qədər yüksək ixtisaslı mütəxəssislər (hər sahədən) olduğundan xəbərsizdirlər.
Liderlər:
Abu Bəkr Əl Bağdadi: Əsl adı: İbrahim Bərdi. İxtisasca İslam fakultəsinin müəllimidir. Bundan əlavə Bağdadın və Fəllucənin bir çox məscidlərində imam olub. 4 iyun 2004 cü ildə ABŞ və İrak hərbçiləri tərəfindən həbs olunsa da, sonradan həbsdən”qaça” bilib. ƏL-Qaidəyə tabe olan İraq İslam Dövləti əvəzində o, 2013 cü ildə İŞİD-i yaratdı və bu dövlətə İraq İslam Dövlətinin bütün strukturlarını tabe etdi.
Əbu Yəmən Əl İraqi: Səddamın hakimiyyəti dövründə İraq HHQ-nin polkovniki rütbəsində xidmət keçib. Kod adı: Əbu Müxəmməd Əl Süveydəvidir. 2004-cü ildə “həbs olunub”, 2007-ci ildə azadlığa buraxılıb. Hələb və İdlib əməliyyatlarının başçısıdır.
Əbu Əhməd Əl Ələvani: Həqiqi adı Vəlid Cəsimdir. Səddam hakimiyyəti dövründə İraq ordusunun yüksək rütbəli zabiti olub. Hal-hazırda İŞİD hərbi şurasının üzvüdür.
Əbu Əbdülrəhman Əl Biləvi: İŞİD-in Ali Məclisinin sədri olub. İndi Hərbi şuranın 4 liderindən biridir. Səddam ordusunun yüksək çinli zabiti olub. 27 yanvar 2005-ci ildə İraqda ABŞ hərbçiləri vasitəsi ilə həbs olunaraq “ƏBU QREYB” həbsxanasına göndərilir və sonradan həbsxanadan”yoxa çıxır”. 4 iyun 2014-cü ildə Mosulda gizli evində döyüş nəticəsində həlak olur.
Hacı Bəkir: Həqiqi adı Sami Mühəmməddir. Səddam ordusunda HHQ-lərinin xüsusi xidmət polkovniki olub. İŞİD-in İdeoloji atasıdır. ABŞ qüvvələri tərəfindən həbs olunub “ƏBU QREYB”-ə aparılsa da, sonradan müəmmalı surətdə İraqda peyda olur. İŞİD-in döyüş əməliyyatlarını idarə edənlərdən biri olub. 2014-cü il fevral ayında "LİVA TƏVHİD" döyüşcüləri ilə döyüşdə Hələbdə həlak olub.
Əbu Fatima Əl Cecşi: Həqiqi adı Nima Abdunaifdir. Məlumatlara görə İŞİD-də sayılan hərbçilərdəndir. Əsasən İraqın şimalında aktiv olub.
Tariq Əl Xaşimi: Prezident Cəlal Tələbaninin müavini olub. Həm də sələfi yönlü “müsəlman qardaşları” təşkilatının İraq İslam partiyasının lideri olub. Bu şəxs İŞİD-in gizli liderlərindən biri hesab olunur.
Əbu Ömər Şişani: Həqiqi adı Tarxan Bataraşvilidir. Pankis dərəsində doğulub. Gürcüstan çeçenlərinin ailəsində doğulub. Gürcüstan ordusunun zabiti olub.
Bu aysberqin görünən tərəfində olan komandir və liderlərdir. Aysberqin görünməyən tərəfində isə daha ciddi fiqurlar yaşayır.
Bəli bu gün dünya savaşında ABŞ əsgəri yox, dünyanın özündən toplanan zombiləşmiş bir toplum vuruşacaq. Bu gün artıq İŞİD-i "yaratdıq" deyənlərlə İŞİD-dən sonra daha kim və nələrin iblis olaraq dünya süzəminə quduz it kimi "fas" olunacağını gizlin saxlayırlar. Bu savaşdan Azərbaycanın da kənarda qalmasını düşünmək ağılsızlıqdır və nə qədər gec deyil hazırlaşmalıyıq.