Polkovnikin ölümündə yeni gəlişmə — Faiq Seyidovun oğlu məsuliyyətə cəlb olunacaqmı?
Xəbər verildiyi kimi, bir qədər əvvəl iş adamı, “Xaliq Faiqoğlu” MMC-nin sahibi Faiq Seyidovun oğlunun üç il əvvəl törətdiyi və ölümlə nəticələnən avtomobil qəzasına görə xitam verilmiş cinayət işinin istintaqı yenidən başladılıb.
Bununla bağlı yayılan xəbərdə bildirilirdi ki, cinayət işinin araşdırılması üçün Bakı Şəhər Baş Polis İdarəsinin Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə göndərilib. İşin müstəntiq Emin Eminovun icraatına verildiyi bildirilirdi. Bu da ölüm faktının baş verdiyi hadisənin obyektiv araşdırılmadığına dair ictimaiyyətdə olan narazılığa son qoyulacağına ümid yaradırdı. Ancaq ortaya çıxan yeni məlumatlar bununla bağlı müəyyən şübhələrə yol açıb.
Bu eldarhaqda məlumat verməzdən öncə xatırladaq ki, Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Eldar Məmmədovun ölümü ilə nəticələnən hadisə 17.05.2014-cü il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 10 saylı ünvanın qarşısında baş verib. Həmin vaxt Seyidov Xaliq Faiq oğlu idarə etdiyi Az 10 LU 090 dövlət nömrə nişanlı “Land Rover” markalı avtomobillə Eldar Məmmədovu vuraraq, ona ağır xəsarət yetirib. Və Eldar Məmmədov aldığı xəsarətlərdən 22.05.2014-cü il tarixdə Bakı Hərbi Hospitalında düyasını dəyişib.
Polkovnik-leytenant Eldar Məmmədovun ölümü ilə bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində AR CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb (ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi). Lakin sonradan CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilib.
Uzun müddət ictimaiyyətin diqqətindən kənarda qalan bu hadisə yalnız Faiq Seyidovla onun keçmiş ortağı Azadxan Xanməmmədov arasında yaranmış, “Riyad” özəl mühafizə şirkətinin əməkdaşlarının da cəlb olunduğu münaqişədən sonra yenidən gündəmə gəlmişdi.
Həmin münaqişənin motivi isə Azadxan Xanməmmədova məxsus olan kommersiya təyinatlı daşınmaz əmlakın Faiq Seyidov tərəfindən faktiki zəbt edilməsidir. Bu haqda mətbuatda yazıldığından, təkrarlamaq istəmirik. Ancaq qeyd edək ki, bu qarşıdurma nəticəsində Azadxan Xanməmmədov həbs edilib. F.Seyidovun oğlunun ölümlə nəticələnən avtoqəza törədib məsuliyyətdən kənarda qalması faktı məhz bundan sonra mətbuata sızdırıldı.
Ölüm faktının olduğu hadisəyə görə qaldırılmış cinayət işinə heç kim məsuliyətə cəlb olunmadan xitam verilməsi faktının açılması ciddi rezonans doğurdu . Xüsusən də ona görə ki, Faiq Seyidovun oğlunun avtomobillə vuraraq, ölümünə səbəb olduğu Müdafiə Nazirliyinin polkovnik-leytenantın “öz əcəli ilə öldüyü” haqda qurama rəy yazıldığı və cinayət əməlinin hansısa yolla ört-basdır edildiyi ortaya çıxmışdı.
Aparılan araşdırmalar nəticəsində məlum olmuşdu ki, 18 may 2014-cü il tarixdə ağır vəziyyətdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına daxil olan polkovnik Eldar Məmmədov hospitalın Ortopediya bölməsinə yerləşdirilib. Onun bədənində demək olar salamat yer qalmadığı verilən rəy də yazılıb. Ancaq qəribə də olsa, polkovnik E.Məmmədovun ölüm səbəbi kimi “ağciyər arteriyalarının trombemboliyası nəticəsində kəskin ağciyər, ürək-damar çatışmazlığı göstərilib(?).
Bu məsələ mediada işıqlandırıldıqdan sonra ictimaiyyətin kəskin reaksiyasına səbəb oldu. Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Baş Kliniki Hospitalı polkovnikin ölümünün səbəbini gizlətməkdə ittiham edildi. Ancaq surəti Mərkəzi Klinik Hospitaldan virtualaz.org-a göndərilən Eldar Məmmədovun faciəli ölümü ilə bağl hazırlanan epikrizdən məlum oldu ki, biznesmen oğlunun məsuliyyətdən kənarda qalmasında həkimlərin heç bir rolu olmayıb.
Epikrizdən məlum olur ki, hospitalın həkimləri 4 gün ərzində reanimasiya şöbəsində polkovnikin həyatını xilas etmək üçün əllərindən gələni ediblər.Lakin bütün görülmüş tədbirlərə baxmayaraq yaralı, aldığı xəsarətlərdən yaranan kəskin ürək çatışmazlığı (ağciyərlərin deformasiyası və digər xəsarətlər) nəticəsində keçinib.
Beləliklə, hospitalın epikriz raporu zabitin faciəli ölümünün məhz avtomobillə vurulma nəticəsində baş verdiyinə şübhə yeri qoymur. Deməli ölümlə nəticələnən avtoqəzaya görə biznesmenin oğlu barəsində qaldırılmış cinayət işi onun hadisədəki günahının dərəcəsinə uyğun olaraq cəza alması üçün məhkəməyə qədər gedib çıxmalıydı. Bu isə baş verməyib.
Bunun qarşı tərəfin şikayətçi olmaması ilə əlaqələndirmək də mümkün deyil. Hüquqşünasların fikrincə, ortada ölüm faktı olduğundan, qarşı tərəfin şikayətçi olmaması belə cinayət işinə xitam verilməsinə əsas ola bilməz.
“Faiq Seyidovun oğlunun törətdiyi qəza Cinayət Məcəlləsinin 263-cü maddənin 2-ci bəndinin təsiri altına düşür. Yəni ictimai ittiham qaydasındadır. Həmin maddənin sanksiyasında az ağır cinayət hesab olunur və tərəflərin barışması həmin cinayət işinin xitam olunması üçün əsas ola bilməz!”- deyə vəkil Əziz Qənbərov bildirib.
Mətbuatın bu faktları ortaya çıxarmasından sonra hüquq-mühafizə orqanları məsələyə müdaxilə edib, cinayət işinin istintaqının yenidən başlanılmasına göstəriş vermişdi. Yazının əvvəlində qeyd etdiyimiz kimi, cinayət işinin araşdırılması Bakı Şəhər Baş Polis İdarəsinin Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə göndərilərək, müstəntiq Emin Eminovun icraatına verildi. Bakı Şəhər Baş Polis İdarəsinin işi tam obyektiv araşdıracağı heç kimdə şübfə doğurmurdu.
Ancaq dünən yayılan məlumata görə, Bakı Şəhər Prokurorluğu tərəfindən cinayət işinin istintaqı yenidən Nəsimi RPİ-nin İstintaq Şöbəsinə qaytarılıb. İşə 3 il əvvəl məhz Nəsimi RPİ-nin İstintaq Şöbəsi tərəfindən xitam verildiyindən, burada obyektiv araşdırmanın aparılacağı sual doğurur.
Doğurdanda, əgər işə xitam verilməsi doğru hesab edilməyərək istintaq təzələnibsə, araşdırmanın yenidən eyni orqana tapşırılması qərarı hansı məntiqlə verilib? Bu addım yenidən biznesmen oğlunu məsuliyyətdən yayındırmaq üçün atılmayıb ki? İşin istintaqının Bakı Şəhər Baş Polis İdarəsində və ya Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin tabeliyində olan Yol-Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə İstintaq və TəhqCEYHUNiqat Şöbəsində aparılması daha doğru olmazdımı?
Tanınmış vəkil Ceyhun Yusifov da işin Nəsimi RPİ-nin İstintaq Şöbəsinə qaytarıması haqda qərarın doğru olmadığı düşüncəsindədir: “Əlbəttə, polkovnik-leytenant Eldar Məmmədovun ölümü ilə nəticələnən hadisənin yenidən araşdırılması çox düzgün verilmiş bir qərardır. Hüquq-mühafizə orqanlarının bu məsələdə ictimaiyyəti narahat edən suallara aydınlıq gətirmək istəməsi təqdirəlayiqdir. Gözləyirdik ki, əvvala, bu araşdırmanın nəticəsi olaraq, polkovnik-leytenantının ölümünə səbəb olmuş hadisə ilə bağlı obyektiv qərar çıxarılacaq. İkncisi də, əgər bu iş qəsdən ört-basdır edilibsə, günahı olanları məsuliyyətə cəlb ediləcək. Ancaq işin yenidən Nəsimi RPİ-nin İstintaq Şöbəsinə qaytarılması araşdırmanın obyektiv aparılacağına indidən şübhə yaranmasına səbəb olur. Razılaşaq ki, bu işi şübhəli şəkildə xitam etmiş İstintaq Şöbəsinin çıxaracağı qərarın ictimaiyyət tərəfindən ədalətli və obyektiv bir qərar kimi qəbul edilməsi inandırıcı deyil. Ona görə də işin Nəsimi RPİ-nin İstintaq Şöbəsinə qaytarılması doğru sayıla bilməz.”
Ceyhun Yusifovun sözlərinə görə, işin istintaqının Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsi aparılması daha düzgün olardı: “Bilirsiz ki, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin tabeliyində olan Yol-Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsi mövcuddur. Böyük ictimai rezonans doğuran, ağır nəticələrə səbəb olan yol-nəqliyyat hadisələrinin istintaqı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin tabeliyində olan Yol-Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsi tərəfindən həyata keçirilir. Polkovnik-leytenant Eldar Məmmədovun ölümü ilə nəticələnən hadisə də bu qəbildən olan işlərdəndir. Ona görə də fikrimcə, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin tabeliyində olan Yol-Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsi tərəfindən araşdırılması daha məqsədəuyğundu. Bu halda çıxarılan qərarın obyektiv olacağına da heç kim şübhə etməyəcəkdi.
Hörmətli nazirimiz Ramil Usubovun cinayət faktlarının ört-basdır edilməsinə qarşı barışmaz mövqe tutduğu hamıya məlumdur. Nazir çıxışlarında dəfələrlə bildirib ki, cinayətin gizlədilməsi daha ağır cinayətdir. Ona görə də, mən hörmətli nazir Ramil Usubova müraciət edərək, işin təkrar istintaqının DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin tabeliyində olan Yol-Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinə tapşırılmasını xahiş edirəm.” (azpolitika.info)