AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın seçimi necə olacaq — Rusiya, yoxsa Qərb? – TƏHLİL

  • + A
  • - A
  • 12-12-2017, 12:45

    Azərbaycanın seçimi necə olacaq — Rusiya, yoxsa Qərb? – TƏHLİL













    İki bir-birinə zidd fövqəl dövlətin dünyanı necə bölüşdürdüklərini anlamaq çox çətin olsa da, razılaşmaq lazımdır ki, indi tarixi zərurət və bu iki fövqəl dövlətin özü-özünü qorumaq mexanizmləri işə düşüb. Biz əvvəlki məqalələrdə bunu qeyd etmişdik ki, fövqəl dövlətlər inkişaf prosesi keçirlər. Bu o deməkdir ki, həmişə inkişafda olmurlar. Durğunluq dövrü keçir və nəticədə elə şərait yaranır ki, ölkə dağılmaq həddinə çatır və düşdüyü bu bəladan qurtulmaq üçün ciddi və uzaqgörən addımlar atılır. Maraqlısı budur ki, indi dünya bu prosesi yaşayır.

    ABŞ öz fövqəlliyini saxlamaq üçün dünyanı 1991-ci il çərçivəsinə, yəni polipolyarlığa qaytarmalıdır. Əlbəttə ki, bu dünyanın iki böyük düşərgəyə bölünməsidir.

    ABŞ istəsə də, istəməsə də bunu etməlidir ki, dağılmaqda olan sənaye infrastrukturlarını bərpa etsin. ABŞ-n böyük konsern və komplekslərin hərbi sifarişləri yerinə yetirmədiyini nəzərə alsaq və yaxud dağılma səbəblərini araşdırsaq, görərik ki, ABŞ-ın düşdüyü böhranın səbəbi elə birbaşa SSRİ-nin dağılması və Avropanın ABŞ silahlarına olan tələbatın azalması ilə bağlıdır.

    Məntiqi nəticə ondan ibarətdir ki, ABŞ Avropanı Rusiyaya düşmən etməsə, onun silahına tələbat olmayacaq.

    Qeyd etməliyik ki, ABŞ iqtisadiyyatı dəqiq tələbat üzərində qurulduğu üçün, ilk növbədə hasil olmuş məmulatın bazarı olmalıdır. Bu bazarın olması üçün ABŞ ciddi və uzaqgörən addımlar atır. İndiki ABŞ siyasətinin mahiyyəti elə budur.

    Rusiyanın Krıma girməsi və Suriyada qələbəsi ABŞ-a imkan yaradır ki, monopolyarlıqdan polipolyarlığa keçsin və beləliklə öz sənaye qüdrətini bərpa etsin. Bu səbəbdən Rusiya-ABŞ münasibətində gərginlik olsa da, həqiqətdə iki ölkənin toqquşması soyuq müharibəyə səbəb oldu və dünyanı belə bir məcburiyyət qarşısında qoydu: "hər ölkə özünə və dövlətçiliyinə uyğun yeni düşərgə yaratmalıdır".

    Aydındır ki, bu düşərgə formalaşmaqdadır. Çünki hər iki ölkə, SSRİ mövcud olan dövrdəki çərçivələrə qayıdır və vaxtilə müttəfiqlik səviyyəsində olan əlaqələrini daha ciddi şəkildə ya bərpa edir, ya da dərinləşdirir.

    Bundan əlavə, bu fövqəl dövlətlərin keçmiş və indiki müttəfiqlərinə qarşı iqtisadi, siyasi və maliyyə təzyiqləri də göz qabağındadır. İndi Rusiya və ABŞ özünü qorumaq üçün yeni müttəfiqlər axtarır və köhnələri öz maraq dairəsinə qaytarmaq istəyir. Daha dəqiq desək foema dəyişsə də, məzmun qalır. Yəni, hazırda dünyada “ikinci soyuq müharibə” gedir.

    ABŞ-Rusiya qarşıdurmasının arxasında iki ölkənin məcburi yüksəlməsi və hərbi sənaye komplekslərini (HSK) ciddi inkişaf mərhələsinə qədər inkişaf etdirməsi dayanır. Bunun üçün hər iki tərəfin durğunluq yaşayan HSK sahələrini işə salması və yeni silahları tətbiq etməsi vacibdir.

    ABŞ SSRİ dağılandan sonra boşalmış şəhərləri, iqtisadi potensial və texnologiyalara malik, dayanmış zavod və fabrikləri bərpa etsə, əhalisini boşalmış şəhərlərə qaytaracaq. Bunu etmək üçün ciddi iqtisadi islahatlara əl atmalıdır.

    Donald Trampın ünvanına ciddi ittihamlar yağdırılsa da, həqiqəti qəzet məqalələri yox, statistik göstəricilərdən öyrənmək olar.

    İnkar olunmaz faktdır ki, bir ildən az müddətdə ABŞ-ın iqtisadi göstəriciləri o qədər yüksəlib ki, Donald Trampa qədər heç bir ABŞ prezidenti belə göstəricilərə nail olmayıb.

    Donald Tramp boşalan şəhərlərə əhalini qaytarıb, HSK bağlı bütün müəssisələri və maşınqayırma komplekslərini bir-birinin ardınca bərpa edir. Ölkənin ən əsas göstəricisi olan işsizlik isə demək olar ki, sürətlə azalmaqdadır. Maraqlı bir fakt onunla bağlıdır ki, o, HSK-ya daxil olan bütün kompleksləri ancaq ABŞ-da işləyən zavodlarla inteqrasiyada görmək istəyir. Başqa ölkələrdən gələn detalları isə ABŞ-da istehsal etməyi əsas məqsəd kimi qarşısına qoyur. Bunun da obyektiv səbəbləri var. Əgər müharibə başlasa, rəqib tərəfi ABŞ hərbi texnikası üçün detallar hazırlayan və ora göndərən ölkələrə girə bilər və detalların istehsalı dayana bilər. Optimal yol bu zavodların ABŞ-da fəaliyyət göstərməsidir. Odur ki, ABŞ-da yeni zavod və fabrik açan investorlar üçün vergini o qədər cüziləşdirib ki, daha düzünü desək, “yox” səviyyəsinə endirib ki, ABŞ-da yeni zavod və fabriklərin tikintisi gücləndirilsin. Maraqlısı budur ki, Donald Trampın opponentləri və siyasi rəqibləri onun iqtisadi islahatlarına qarşı bir kəlmə də pis söz deyə bilmirlər. Çünki indiki prezidentin iqtisadi islahatları çox qüsursuzdur.

    Donald Trampın ABŞ iqtisadiyyatını dəqiq bilməsi və burada optimal yollar tapması, onun reytinqini daha da qaldırır.

    Rusiya isə silahlanma ilə bağlı ciddi çətinliklər qarşısında qalsa da, HSK-ni bərpa edə bilib. Vaxtilə rəhmətlik akademik Mirabbas Qasımov deyirdi ki, Rusiya HSK bərpa etsə, bir ölkə onun qarşısında dayana bilməyəcək.

    Rusiya silahının gücünü dünya Suriyada gördü və həmin andan ABŞ dünyanı yenidən bölmək məcburiyyəti qarşısında qaldı.

    Krımın alınması və sanksiyalar Avropa-Rusiya isti münasibətlərinə son qoydu. Rusiyanın bu hərəkətindən qorxuya düşən Avropa, yenidən ABŞ silahları ilə silahlanmağa başladı. İndi Avropa ABŞ-dan tam asılı vəziyyətdədir və bu asılılığı saxlamaq üçün ABŞ analitikləri və siyasətçiləri polipolyarlığa keçməklə dünyanı yeni “soyuq müharibə” qarşısında qoydular.

    Rusiyanın özü məcburiyyət qarşısında qalıb iqtisadi, siyasi və hərbi imkanlarını nəzərə alıb, ABŞ-n çağırışına qəbul etdi. Bunun üçün Rusiyanın Avropadan daha çox resurs və imkanları var. Bu saat Rusiyanın güclənməsi onu keçmiş maraq sərhədlərinə qayıtmağa imkan yaradır. Bu nə deməkdir?

    Bir misaldan başlayaq. Rusiya öz ərzaq təhlükəsizliyini təmin etmək üçün MDB-nin kənd təsərrüfatını işə saldı. Bu iqtisadi inteqrasiyaya atılan ilkin addımın arxasında, siyasi inteqrasiyanın olduğunu da görürük.

    Bu gün dünyada gedən “soyuq müharibə” dünyanın tarazlı şəkildə iki cəbhəyə bölünəcəyini göstərir. Əlbəttə ki, keçmiş SSRİ-dən fərqli olaraq, Rusiya düşərgəsinə hansı ölkələrin düşəcəyi məsələsi gündəmdədir.
    Avropa özü bu saat müttəfiq axtarışındadır və heç cürə istəməz ki, ona strateji nöqteyi-nəzərdən yaxın olan ölkələri özündən qaçırsın.

    Azərbaycan deputatlarının Avropa Şurasının ünvanına dediyi sözləri yadınıza salın. Azərbaycana bəlli olan, Avropa siyasətçiləri bilirlər ki, deputatların dedikləri elə iqtidarın dedikləridir. Onların nə qədər ciddi olduğunu düşünən ermənipərəst Avropa siyasətçiləri deyəsən Azərbaycana qarşı olan siyasətlərini dəyişiblər.

    Bu il noyabrın 27-də Ermənistanla bağlı NTV-də gedən bir verilişdə Rusiya siyasətçilərinin ağzından Avropa Şurasının Ermənistana qarşı qoyduğu tələblərdən danışırdılar. Bunun video yazısı sosial şəbəkələrdə var Rus politoloqlarından eşitdiklərimiz sensasiyaya bərabər məlumatlardır. Onların sözlərindən belə çıxdı ki, son iclasında Avropa Şurası Azərbaycana dəstək verərək, Ermənistanı işğalçı ölkə adlandırıb və Azərbaycan ərazilərində Ermənistan ordusunun çıxarılması tələbini irəli sürüb. Bu bir yana, üstəlik Dağlıq Qarabağda ermənilərin öz müqəddəratını təyin etmək üçün referendum keçirilməsinə də qadağa qoyub. Bu verilişdə ən gözəl müqayisəni Nikolay Starikov verib. Onun sözlərinə görə, Ermənistan Rusiyanın gəzəyən arvadıdır və onu yığışdırmaq lazımdır. Nikolay Starikovun dedikləri və Avropa Şurasının qərarı arasında ciddi əlaqə var. Bu verilişdə Nikolay Starikov Ermənistanın satqın olduğunu və Rusiyanın heç də onun tərəfində olmadığını Azərbaycana göstərirdi. Hər şeydən əvvəl, o, Rusiyanın Qafqazda stabilliyin qorunmasında necə maraqlı olduğunu qeyd edirdi və Ermənistanın bu stabilliyi pozacağını vurğulayırdı.

    Azərbaycanı öz tərəfinə çəkmək məqsədi güdən Rusiya, Qarabağın Azərbaycan torpağı olduğunu Avropa Şurası kimi çoxdan deyirdi. Bəs nə üçün indi iki tərəf həm Avropa, həm də Rusiya bir nöqtəyə vurur? Çünki Azərbaycan Rusiya üçün geosiyasi əhəmiyyəti olan bir məkandır, Avropa üçün isə neft və qaz xətləridir.

    Hələ üstəlik də Ərdoğanın “Qarabağı ancaq Rusiya həll edə bilər” bəyanatı Türkiyəyə olan xalqımızın bütün ümidlərinə son qoydu. Bundan əlavə, Türkiyə prezidentinin Soçidəki danışıqlarında heç də Qarabağla bağlı bir məsələ ortaya çıxartmayıb. Deməli, Qarabağ məsələsində Rusiyanın rolunu qabardıb və onunla bağlı olduğunu açıq göstərib.

    ABŞ-ın yeni komandasının yeni sanksiyalarında Avropaya təzyiq vasitəsi kimi, onun Şimal qaz kəmərlərindən əl çəkməsi və əvəzinə ABŞ-dan gələn sıxılmış qazın alınması tələbini qoyub. Bu təqdirdə Avropa ABŞ qazını rus qazından fərqli olaraq birə beş baha qiymətinə almağa məcbur qalacaq. Odur ki, Azərbaycan qazı və ona qoşula biləcək Xəzəryanı ölkələrin qazları Avropa üçün yeni iqtisadi maraq kəsb edəcək. Yəni Azərbaycana qarşı gedən Avropa iqtisadi maraqlarını qorunmaq üçün Ermənistan qarşısında Azərbaycan torpaqlarını azad etmək tələbini qoyacaq. Aydındır ki, Rusiya da Azərbaycanı ciddi tərəfdaşı etmək fikrindədir və onun Avropa ilə yaxınlığını görür. Bəs ABŞ?

    ABŞ-ın xarici siyasəti göstərir ki, o, bu stabilliyi istəməz və üstəlik Azərbaycana qarşı təzyiq vasitələrinə keçəcək ki, bu xətlər işləməsin. Məqsəd odur ki, yeni ABŞ rəhbərliyinin tutduğu xarici siyasətin mahiyyəti Avropaya gedən kəmərlərin qabağını almaqdır və bu ölkələrin enerji təhlükəsizliyini öz əlində saxlamaq məqsədidir. Əgər indiyə qədər ABŞ Avropaya Rusiyaya alternativ olan qaz xətlərindən danışırdısa, indi əksinə hər bir qaz xəttinin işləməsinə maneə yaradır. Əlbəttə ki, öz iqtisadi marağından çıxış edir.

    Donald Tramp komandası proteksionist düşüncə sahibləri olduqlarından, onların bir marağı var - ancaq ABŞ!

    Bununla belə, ABŞ Qafqazın Rusiyanın geosiyasi maraq dairəsində olduğunu nəzərə alır. Belə düşünmək olar ki, ABŞ Qafqazdan Avropaya gedən qazın həcminin artırmasını qoymayacaq və Rusiyaya ilə Qafqazla bağlı sazişə gələcək və onun nəzarətinə verəcək. Təsadüfü deyil ki, Türkiyə Prezidenti Ərdoğan Qarabağın həllini ancaq Rusiyada görür. Nəzərə alsaq ki, Prezident Ərdoğan NATO qoşunlarının ən güclü ordusunun baş komandanıdır. Biz bu reallıqla da razılaşmalıyıq. Çünki NATO qoşunları faktiki olaraq indiyə qədər ancaq ABŞ-dan idarə olunub və həmişə də onun əmrlərini yerinə yetib. Ərdoğanın bu sözləri bir çox mətləblərin üstünü açır.

    Bəs ABŞ-n siyasətində Azərbaycan hansı əhəmiyyəti kəsb edir? Əlbəttə ki, Azərbaycanın strateji məkan olması, güclənməkdə olan İranı öz düşərgəsinə salmaq üçün təzyiq mexanizmi kimi baxması və sairə.

    ABŞ siyasətçiləri İranın güclənməsini görürlər, ancaq onunla heç cürə bacarmırlar. Bir faktı da qeyd etmək lazımdır ki, İran-Çin gizli oxu mövcuddur və bu ox İrana qarşı yönəldilən sanksiyalardan cənub qonşumuzu qoruyur. Vadar edir ki, bu ox daha da güclənsin, İran xammalı elə Çinə getsin. Aydındır ki, yenə də döyülən və vurulan Avropadır.

    “İkinci soyuq müharibə”nin mahiyyəti elə birincisi kimidir. Ölkələr iki düşərgəyə bölünür və aqressiv mövqedə dayanırlar Ancaq heç bir düşərgə başqasına qarşı atom müharibəsinə getməyə cürət etmir. Çünki nəticədə dünyanın axırına gətirib çıxara bilər. Bu tarazlığı iki ölkənin atom bombalarının tarazlığı diktə edir.

    İqtisadi və maliyyə nöqteyi-nəzərindən ABŞ qat-qat Rusiyadan üstündür, ancaq dağıdıcı silah və hərbi sahədə heç də Rusiya Qərbdən geri qalmır. Suriya və İraqda İŞİD-in məğlubiyyəti Qərbin məğlubiyyəti kimi baxılmalıdır. Dünyanın iki düşərgəyə bölünməsi heç də başqa ölkələrə qarşı təsirsiz ötüşməz.

    İranın güclənməsi, regionda öz sözünü deməsi, Suriya və İraqda özünü göstərməsi hər şeydən əvvəl onun özünü qoruma mexanizminin yaxşı işləməsinin göstəricisidir. Sanksiyaların bura heç bir təsiri olmadığı da göz qabağındadır. İran yeganə dövlətdir ki, heç bir ölkədən asılılığı yoxdur və üstəlik neft və qaz resurslarını elə ölkələrə bağlayıb ki, ABŞ oraya təzyiq edə bilmir. Əlbəttə ki, biz Çini nəzərdə tuturuq. İran-Çin münasibətləri, enerji resurslarının Çinə bağlaması İrana təhlükəsizlik qarantiyası verir. Çünki İrana qarşı müharibə, Çinə qarşı müharibəyə bərabərdir. İran Çinin enerji bazasıdır. Odur ki, ərəb ölkələrinin birləşib, İsrailin dəstəyi ilə İrana qarşı müharibə edəcəkləri gülüncdur. Hətta, ABŞ analitikləri qeyd edirlər ki, bu Çinə qarşı çağırışdır. Odur ki, sadəcə olaraq bunu İrana təzyiq vasitəsi kimi baxmaq lazımdır. Bununla belə İranı öz müttəfiqinə çevirməyə ABŞ can atır.

    Ərəb ölkələri, Səudiyyə başda olmaqla və İsrailin İrana müharibə ilə hədələməsi ABŞ-n bu ölkəyə qarşı təzyiq oyunudur ki, İranı öz əhatə dairəsinə salsın. Bu oyun o qədər primitiv qurulub ki, İrana qarşı heçnə edə bilməyəcəklər. Demokratiya oyunlarına son qoyan Donald Tramp hökuməti heç də dövlət çevrilişinin tərəfdarı deyil.

    Dünyanın bölüşdürülməsi fonunda hansı ölkənin hansı düşərgədə olacağı vacib məsələlərdən biridir. “Soyuq müharibə”nin əsas şərtlərindən biri geosiyasi tarazlığın saxlanılması və düşərgələrin planlı şəkildə silahlanması və yaxud silahların tətbiqinin ləğv edilməsidir.

    “Birinci soyuq müharibə”ni ümumiləşdirsək bunu aydın şəkildə görərik.

    Azərbaycan dövlətçiliyini qorumaq üçün hansı düşərgədə olmağımızın vacibliyi məsələsi ortaya çıxır. Biz bunu istəsək də, istəməsək də bu belədir. Hansı düşərgəni seçmək səlahiyyətini Azərbaycan xalqı öz Prezidentinə həvalə edib. İndi seçim onundur!



    Siyasi analitik Tahir Cəfərli


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR