Məhkəmə-Hüquq Şurasının iclası keçirilib. Tədbir iştirakçılarını qarşıdan gələn 15 iyun - Milli Qurtuluş günü münasibətilə təbrik edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov bu bayramın müstəsna əhəmiyyətini bildirib. Məhz həmin gün böyük öndər Heydər Əliyevin xalqın çağırışı ilə ölkə rəhbərliyinə qayıdaraq misilsiz fədakarlıqla milli dövlətçiliyimizi məhv olmaqdan xilas etdiyini, xalqımızın və dövlətimizin gələcək inkişafını, müstəqilliyimizin dönməzliyini təmin etdiyini vurğulayıb.
İclasda Ümummilli Liderimizin müəyyən etdiyi hərtərəfli tərəqqi strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyi, Azərbaycanın dünyada yüksək nüfuza sahib ölkəyə, etibarlı tərəfdaşa və regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyi qeyd olunub. Dahi öndərin ən ümdə vəsiyyətinin və bütün xalqımızın arzusunun Müzəffər Ali Baş Komandanımız tərəfindən reallığa çevrilməsi və müqəddəs torpaqlarımızın düşmən tapdağından azad olunması ilə xalqımızın Zəfər salnaməsinin yazıldığı bildirilib.
Vurğulanıb ki, azad edilmiş ərazilərimizin dövlət başçısının rəhbərliyi və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəal iştirakı ilə yenidən bərpa olunması, o cümlədən bu ərəfədə Zəngilan rayonunun Ağalı kəndində yeni 200 evdən ibarət “Ağıllı kənd”in salınması xalqımızın tezliklə öz torpaqlarına qayıdışına rəvac verir.
Respublikamızın hərtərəfli inkişafına uyğun olaraq məhkəmə-hüquq sistemində də islahatların davam etdirildiyi, dövlət başçısının 03.04.2019-cu il tarixli Fərmanının mühüm “yol xəritəsi” olmaqla bu sahədə işin müasir çağırışlara uyğun yeni mərhələdə aparılmasını, hüquqların məhkəmə müdafiəsinin güclənməsini şərtləndirdiyi qeyd olunub. Fərmanın icrası çərçivəsində məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirildiyi, cəza siyasətinin humanistləşdirildiyi, institusional, təşkilati və digər tədbirlərin görüldüyü, kadr islahatlarının aparıldığı bildirilib.
Fərmanla ayrılmış əlavə 200 yeni hakim ştatının yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına və çevik komplektləşdirilməsi məqsədilə Şura tərəfindən hakimlərin seçilməsi qaydaları təkmilləşdirilərək bu çox mərhələli proses davamlı xarakter alıb.
Hakimlərin seçim prosedurunda şəffaflıq və ictimai nəzarət daim təmin olunur. İmtahanlarda müasir texnologiyalar tətbiq edilməklə suallar kompüter vasitəsilə cavablandırılır və nəticələr dərhal elan edilir.
Ötən dövrdə şəffaf prosedurlarla aparılan seçim nəticəsində 44 nəfər hakimliyə namizəd bütün imtahanları, habelə yarım illik tədris kursunu və məhkəmələrdə stajkeçməni uğurla başa vuraraq müxtəlif hakim vəzifələrinə təyin edilib. Hazırda 200-dən çox namizəd seçim prosesinin müxtəlif, o cümlədən sonuncu mərhələlərindədir.
Müsabiqəni uğurla başa vurmuş daha 39 namizəd isə hakimlərin seçimi Qaydalarına əsasən ixtisaslaşmanın aparılması üçün Hakimlərin Seçki Komitəsi tərəfindən Məhkəmə-Hüquq Şurasına təqdim edilib.
Şura tərəfindən həmin namizədlərlə fərdi söhbətlər keçirilib və birinci instansiya məhkəmələrinə hakim vəzifələrinə təyin olunmaları üçün təkliflərin hazırlanması qərara alınıb.
Qeyd olunub ki, böyük əksəriyyəti 35 yaşa qədər gənc nəsil hüquqşünaslardan ibarət olan namizədlər hüququn müxtəlif sahələrində çalışırlar. Onların sırasında qadınların sayının 60% təşkil etməsi ölkəmizdə qadınların ictimai həyatın müxtəlif sahələrində fəallığının təzahürüdür.
Eyni zamanda Şurada məhkəmə fəaliyyətinin yeni çağırışlara uyğun, müasir tələblər səviyyəsində təşkilinin, korrupsiya və digər neqativ hallara qarşı barışmaz münasibət göstərilməsinin vacibliyi vurğulanıb, bu sahədə ölkə Prezidentinin qəti siyasi iradəsi diqqətə çatdırılıb. Qeyd olunub ki, ötən dövrdə korrupsiya hüquqpozmaları ilə bağlı 50-dək hakim intizam məsuliyyətinə cəlb edilib, 10 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 13 nəfər tutduğu vəzifədən azad olunub.
İclasda korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və vətəndaşların haqlı narazılığını doğuran digər pozuntulara görə 3 hakim intizam məsuliyyətinə cəlb olunub, qanunvericiliyin tələblərinin kobudcasına və mütəmadi pozulmasına görə bir hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi məsələsi ilə bağlı qərar qəbul edilib.
Həmçinin, kobud qanun pozuntularına yol verilməsinə görə 2 hakim barədə yeni intizam icraatı başlanılıb