Ümummilli lider Heydər Əliyev xalqımız tərəfindən hər zaman böyük qürurla yad edilən və bütün zamanların ən böyük azərbaycanlısı hesab olunan milli dövlətçiliyimizin banisidir.Azərbaycan Respublikasının 1969-cu ildən başlayan yeni tarixi, müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyi, ölkə həyatında əldə edilmiş nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin adı və müdrik dövlətçilik siyasəti ilə bağlıdır. Bütün siyasi həyatı Azərbaycanla bağlı olan Ulu öndər Heydər Əliyev özünün diplomatik addımları ilə istər sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycanı dünyada tanıdıb.1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev öz zəngin dövlətçilik təcrübəsi, uzaqgörənliyi, qətiyyəti və cəsarəti ilə Azərbaycanın müstəqilliyini məhv olmaq təhlükəsindən xilas edib. Böyük səylər bahasına hüquqi, demokratik dövlət quruculuğuna başlayan Ulu Öndər müstəqil Azərbaycanın mövcud reallıqlarının tələblərinə cavab verə biləcək etibarlı milli təhlükəsizlik sisteminin formalaşdırılmasına nail olub.
Respublikamızın tərəqqisində, iqtisadi, siyasi, mədəni uğurlarında, beynəlxalq əlaqələrin genişlənməsində, Azərbaycan ordusunun dünyanın ən güclü orduları sırasında yer almasında, ümumiyyətlə, dövlət müstəqilliyimizin möhkəmlənməsində, daimi və əbədi olmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub.
Ulu Öndər Heydər Əliyevin dövlətimiz, dövlətçiliyimiz uğrunda misilsiz xidmətləri bu gün də ölkəbaşçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Onun siyasi kursunun davamçısı Prezident İlham Əliyev yeni-yeni uğurlara imza atıb. Ümummilli lider Heydər Əliyevin parlaq ideyalarına sadiq qalan ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamız regionun ən güclü dövlətinə çevrilib.
Masallı Dövlət Regional Kollecinin müəllimi Vəkilzadə Gülcahan Rəhim qızı