AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp cümhuriyyətin 100 illiyi ilə bağlı məktubunda nə demək istəyib? — TƏHLİL

  • + A
  • - A
  • 31-05-2018, 09:39

    Tramp cümhuriyyətin 100 illiyi ilə bağlı məktubunda nə demək istəyib? — TƏHLİL














    Newtimes.az saytı ABŞ prezidenti Donald Trampın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunu təhlil edib.
    Həmin təhlil yazısını təqdim edirik:

    Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Amerika Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. ABŞ dövlət başçısı xoş sözlər ifadə edərək, Azərbaycan rəhbərinə uğurlar arzulayıb. Bununla bərabər, Amerikanın rəhbəri Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduqlarını və bu sahədə işləmək arzusunda olduğunu ifadə edib. D.Tramp Azərbaycanla əməkdaşlığın konkret istiqamətlərini inkişaf etdirməyin zəruriliyini qeyd edib. Bundan başqa, ABŞ dövlət katibi Mayk Pompeo Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü ilə əlaqədar məxsusi bəyanatında Azərbaycanı dünyada parlament respublikası quran ilk ölkə adlandırıb. Bu fikirlərin geosiyasi analizi üzərində dayanmağa ehtiyac duyuruq.

    Növbəti məktub: Trampın təbriki və əməkdaşlıq təklifləri

    ABŞ-ın dövlət başçısı Donald Tramp Azərbaycan Prezidentinə növbəti məktubunu göndərib. Bu dəfə Amerika rəhbəri azərbaycanlı həmkarını Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə təbrik edib. Eyni zamanda, məktubda qarşılıqlı münasibətlərə dair maraqlı fikirlər ifadə edib. Ekspertlərin diqqətini daha çox bu məqam çəkib. Bir sıra analitik mərkəzlər dərhal həmin fikirləri ifadə etməklə Amerika Prezidentinin nələri nəzərdə tutması barədə məqalələr dərc etməyə başlayıblar (bax: məs., Почему Трамп стал обхаживать Алиева / "Regnum", 25 may 2018).

    Əslində isə vəziyyət kifayət qədər aydındır. Vaşinqton Azərbaycanın legitim iqtidarı ilə ən yaxın münasibətlər qurmaqda maraqlıdır. Hazırda tərəflər arasında əlaqələr yüksək səviyyədədir, lakin D.Tramp arzulardı ki, müxtəlif sferaları, ilk növbədə, enerji, ticarət, iqtisadiyyat, terrorla mübarizə və təhlükəsizlik məsələlərini əhatə edən yeni irəliləyişlər olsun. Bunlar da təsadüfən aktuallaşmayıb. Burada həm qlobal miqyasda baş verən proseslər, həm də Amerikanın yeni geosiyasi kursu formalaşdırmaq məqsədi öz rolunu oynayır.

    Ancaq daha əsaslı səbəb Cənubi Qafqazda məhz Azərbaycanın müstəqil siyasət yeridə bilməsi ilə bağlıdır. Ermənistan və Gürcüstan bu istiqamətdə çox geridə qalırlar. Onların heç biri müstəqil geosiyasi rol oynaya bilmirlər. Azərbaycan isə həm qlobal miqyaslı geosiyasi proseslərin məntiqinə uyğun addımlar atır, həm də özü maraqlı geosiyasi-mədəni dəyərlər yarada bilir. Bakının beynəlxalq təhlükəsizliyə verdiyi töhfələr qiymətlidir. Azərbaycan rəhbərliyi uğurlu siyasətlə regionun bütün böyük dövlətləri ilə əlaqələr qurub. Rusiya, Türkiyə və İran Azərbaycanın əməkdaşlıqda tərəfdaşlarıdırlar.

    Təsadüfi deyil ki, ermənilər və onların havadarları Azərbaycan-İran münasibətlərinin səmərəli inkişafından çox narahatdırlar. Onların qulbeçələri yazdıqları məqalələrdə Bakını Tehranla əməkdaşlıqda ittiham etməyə çalışırlar. Halbuki İran bir zamanlar ermənilər üçün həyat yolu rolunu oynamışdı. İndi erməni ekspertlər Amerikanın Azərbaycana münasibətini İran məsələsi ilə qarışdırmağa çalışırlar. D.Trampın təbrik məktubu isə bu cəhdlərin tamamilə puç olacağından xəbər verir.

    Amerika Prezidenti məktubunda vurğulayır: "Azərbaycan və Birləşmiş Ştatlar mürəkkəb regional çağırışların həlli üçün birgə işləyərək sıx tərəfdaşlıq edirlər. Təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində əməkdaşlığınızı, habelə uzunmüddətli ticarət əlaqələrimizi dəyərləndirirəm. Enerji sahəsində illərlə davam edən əməkdaşlığımız bu il, inanılmaz bir nailiyyət kimi, Avropanın zəruri enerji təhlükəsizliyini təmin edəcək ilk qazın Cənub Qaz Dəhlizi vasitəsilə nəqli sayəsində zirvəyə yüksəlmişdir" (bax: Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan / AZƏRTAC, 24 may 2018).

    D.Tramp əməkdaşlığın bir sıra istiqamətlərini konkret və aydın ifadə edib. Bunlar təhlükəsizlik, terrorizmlə mübarizə, uzunmüddətli ticarət əlaqələri, enerji sahəsindən ibarətdir. Bu müddəaların hər biri strateji xarakterə malik olmaqla müasir geosiyasi mənzərədə önəmli yer tutur. Məhz buna görədir ki, D.Tramp aydınca yazır ki, iki ölkə mürəkkəb regional çağırışların həlli üçün birgə işləyərək sıx tərəfdaşlıq edirlər.
    Burada başqa mühüm məqam Amerika Prezidentinin Cənub Qaz Dəhlizi layihəsini xüsusi qeyd etməsi ilə bağlıdır. Məlumdur ki, iyunun 12-də Azərbaycan və Türkiyə prezidentləri TANAP-ın rəsmi açılışını edəcəklər. D.Tramp bu hadisəni "enerji sahəsində illərlə davam edən əməkdaşlığın bu il, inanılmaz bir nailiyyət kimi, Avropanın zəruri enerji təhlükəsizliyini təmin edəcək ilk qazın Cənub Qaz Dəhlizi vasitəsilə nəqli sayəsində zirvəyə yüksəlməsi" kimi qiymətləndirir (bax: əvvəlki mənbəyə).

    İnanılmaz nailiyyət: İlham Əliyevin siyasi uğuruna heyranlıq

    Deməli, Cənub Qaz Dəhlizinin işə salınması Amerika rəhbərliyinin nəzərində "inanılmaz nailiyyət" və "Avropanın zəruri enerji təhlükəsizliyini təmin edəcək ilk qaz layihəsi"dir. Axı, bu layihənin baş tutmasında Azərbaycan Prezidenti İlham Əliyev başlıca rolu oynayıb. Onun qətiyyətli, inamlı və səmərəli fəaliyyəti nəticəsində meydana gələn maneələr sürətlə aradan qaldırıldı.

    Hətta Qərbdə müəyyən dairələr layihə ilə bağlı tərəddüd edib ona mane olmağa çalışanda, Azərbaycan rəhbəri təşəbbüs göstərərək maliyyə xərcləri də daxil olmaqla əsas işləri üzərinə götürdü. Donald Trampın məktubundakı etirafları məhz bu iradənin, siyasətin qarşısında baş əyməyi ifadə edir. Erməniləri də narahat edən məsələnin bu aspektidir. Onlar görürlər ki, ABŞ kimi qüdrətli dövlət Azərbaycan rəhbərliyinin siyasətini dəstəkləyir və qarşılıqlı əlaqələrin inkişafına maraq göstərir.

    Burada D.Trampın məktubunun məzmunundan kənara çıxaraq, ABŞ dövlət katibi Mayk Pompeonun da Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü ilə əlaqədar bəyanatındakı bir fikri vurğulayaq. M.Pompeo yazır: "...Azərbaycan Xalq Cümhuriyyəti dünyada ilk parlament respublikası və qadınlara səsvermə hüququnu verən ilk ölkələrdən biri olub" (bax: ABŞ dövlət katibi Cümhuriyyətin 100 illik yubileyi münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edib / AZƏRTAC, 28 may 2018).

    Bu sözlər ermənilərin Azərbaycana qarşı apardıqları qarayaxma kampaniyasına tutarlı cavablardan biridir. M.Pompeo ifadə edir ki, Azərbaycanda parlament respublikası hələ 100 il bundan əvvəl yaranıb, Ermənistanda isə indi-indi nəsə etmək istəyirlər. Deməli, Azərbaycan demokratiya sahəsində Ermənistanı ən azından 100 il qabaqlayır. Bu kontekstdə Azərbaycanda insan haqlarına əməl etmək ənənəsi də Ermənistanda olandan xeyli qədimdir. Azərbaycan dünyada qadınlara səsvermə hüququnu verən dövlətlərdəndir. Bunlar reallıqdır və Amerika siyasiləri tərəfindən etiraf edilməsi müsbət hadisədir.

    Bu fikirlərin işığında D.Trampın məktubunda vurğuladığı bir məqam daha dolğun görünür. D.Tramp yazıb: "Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaqdır. ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatlar bu münaqişənin sülh yolu ilə dayanıqlı həlli üçün Sizinlə əməkdaşlığı səmimiyyətlə arzulayır" (bax: Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan / AZƏRTAC, 24 may 2018).

    Bu fikirləri M.Pompeonun mövqeyi ilə müqayisə etdikdə, aydın olur ki, ABŞ Azərbaycanla demokratik dövlət statusunda Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etmək niyyətindədir. Yəni Birləşmiş Ştatlar ilk növbədə Azərbaycan rəhbərliyinin ədalətliliyinə, müdrikliyinə və demokratikliyinə inanır, bu çərçivədə də münaqişənin sülh yolu ilə həllinə ümid edir. Vaşinqton onu da ifadə edir ki, ABŞ həmin istiqamətdə fəallığını artırmağa hazırdır. Buna görədir ki, D.Tramp məktubun sonunda vurğulayır "...Sizinlə birgə işləməyi səbirsizliklə gözləyirəm" (bax: əvvəlki mənbəyə).

    Bütün bunlar bir daha təsdiq edir ki, ermənilərin narahatlığı Azərbaycanın uğurları ilə bağlıdır. Dövlət başçısı İlham Əliyevin yeritdiyi siyasət tam mənası ilə öz bəhrələrini verir. ABŞ regionda Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. Bu zaman Vaşinqton birmənalı ifadə edir ki, Azərbaycanı dünyada demokratik respublika qurmaq və insan haqlarına əməl etmək sahəsində qabaqcıl ölkələrdən biri hesab edir. Regionun mövcud problemlərinin həllinə də Vaşinqton məhz bu təməl prinsiplər müstəvisində yanaşmaqda qərarlıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR