Almaniyada çirkli pullar yumaqda ittiham edilən Əli Həsənovun kürəkəni imiş - Eksklüziv
Almaniyada milyonçu azərbaycanlı Elman Allahverdiyev pulların yuyulmasında ittiham edilir; Haqqin.az bu xəbəri yazsa da, E.Allahverdiyevin əsl kimliyini açıqlamayıb...
FİA.Az-ın verdiyi məlumata görə, Almaniyada çoxmilyonluq investisiyaları ətrafında qalmaqal yaşayan biznesmen Baş nazirin müavini Əli Həsənovun kürəkənidir.
E.Allahverdiyev ötən il “Galenvagen”lə iki nəfərin ölümünə səbəb olan Nail Allahverdiyevin atasıdır. Hazırda həbsdə olan Nail həm atasının, həm babasının karyerasını məhv edib.
Ə.Həsənovun “Qaçqınkom” sədri postundan getməsində nəvəsinin törətdiyi qəza mühüm rol oynamışdı. Sonra məhbus gəncin atası ölkədən gedir və Almaniyada aranı qatır.
Bir neçə ay öncə virtualaz.org Aşağı Saksoniya torpağında yerləşən kiçik Bad Bevensen kurort şəhərində bir neçə mehmanxana, pansionat və diabet klinikasına sahib olan Elman Allahverdiyevin müflisləşməsindən yazmışdı.
Elman Allahverdiyevin ən məşhur oteli sayılan “Kieferneck” aprel ayında gözlənilmədən bağlandı. Eyni zamanda, müflisləşmə üçün heç bir gözlə görünən səbəb yox idi – oteldəki yerlər bir neçə ay əvvəldən tutulurdu.
Elman Allahverdiyevin müəmmalı müflisləşməsi kurort şəhərciyinin rəhbərliyini təəccübləndirməyə bilməzdi. İş burasındadır ki, E.Allahverdiyev turizm sektorundakı adambaşı yerlərin 10%-nə sahib idi.
Onun otellərinin bağlanması bu sektorda böhrana gətirib çıxarmışdı. Şəhərin büdcəsinin əsasını isə məhz turizm gəlirləri təşkil edir.
Yəni, Ə.Həsənovun nəvəsinin “Galenvagen” sürməsinin, qudurğanlığının səbəbləri mahiyyətcə aydındır.
Bir tərəfdən köçkünlərə ayrılan pulları talayan, evləri satan “Qaçqınkom” sədri olan baba, digər tərəfdə oliqarx atanın çirkli pullar yuması onun harınlığının səbəbləridir.
FİA.Az-ın verdiyi məlumata görə, Bad Bevensen şəhərinin meri Martin Feller hüquq-mühafizə orqanlarına vəsatətlə müraciət etmək fikrindədir.
Onu maraqlandıran məsələ heç bir yoxlama aparılmadan Elman Allahverdiyevin yerli daşınmaz əmlaka milyonlarla avro investisiya qoymasıdır.
Turizm obyektlərinin satışı zamanı heç kim Allahverdiyevin pullarının mənşəyi ilə maraqlanmamışdı.
Yerli məmurlar şübhələnirlər ki, Elman Allahverdiyev pulların yuyulması üçün o qədər də mürəkkəb olmayan sxemdən istifadə edib.
Belə ki, o, “çirkli” pullarını bilərəkdən yerli daşınmaz əmlaka yatıraraq, sonradan özünü müflis elan edib.
Turizm sektorunu xilas etmək üçün yerli hakimiyyət bu obyektləri ondan almağa məcburdur ki, bu da həmin pulların leqallaşması deməkdir.
Elman Allahverdiyev növbəti dəfə bu pulları hansısa işə yatırmaq fikrinə düşsə və ondan pulların mənşəyi ilə bağlı maraqlansalar, asanlıqla deyə bilər ki, pulları daşınmaz əmlakın satışından Almaniya büdcəsindən alıb.
Lakin yerli hakimiyyət çirkli pulların yuyulmasına bənzəyən bu sxemdə iştirak etmək arzusunda deyil.
Beləliklə, çirkli pulları daşınmaz əmlakda yuyaraq özünü sığortalamağa çalışan Ə.Həsənovun kürəkənini yalnız biznesi maraqlandırır.
Deyilənə görə, E.Allahverdiyev ailəsindən uzaqlaşıb və övladının azadlığa buraxılması üçün heç bir cəhd göstərmir.
Ümumiyyətlə, Ə.Həsənov da, E.Allahverdiyev də xalqın pullarına varlanaraq zadəgan, oliqarx həyatı sürməkdədirlər.
Ancaq dara düşəndə bəyənmədikləri Avropaya qaçırlar. Əslində, bu fakt başqa mövzunun məqaləsidir. Bu yazıda faktın özünü təqdim etməyə çalışdıq.
Qeyd edək ki, azərbaycanlı investor onlara elektron poçt vasitəsilə cavab verib. O bildirib ki, Almaniya iqtisadiyyatına yatırılmış pulların mənşəyini sübut etməyə zərurət yoxdur. Həmçinin onun daşınmaz əmlakını satmaq niyyəti də yoxdur.
Bununla birgə, o əlavə edib ki, mehmanxanaların və diabetik klinikanın köhnəlmiş binalarının sökülməsi ilə bağlı danışıqlar aparır.