Ölkədə bələdiyyə seçkilərinə hazırlıq gedir.
Azərbaycanda növbəti bələdiyyə seçkiləri 29 yanvar 2025-ci il tarixinə təyin edilib. Bu seçkilər 685 bələdiyyəni əhatə edəcək və 118 seçki dairəsində keçiriləcək. Namizədlər seçkiqabağı təbliğata başlayıb. Lövhələrdə fotolara baxanda gənc namizədlərin üstünlük təşkil edildiyi görünür, bu məni çox sevindirir. Seçkilər majoritar sistem üzrə təşkil olunacaq və seçicilər yalnız bələdiyyə üzvlərini seçəcəklər. Qüvvədə olan qanunvericiliyə əsasən, bələdiyyə sədrləri seçkilərdən sonra formalaşan bələdiyyələrin ilk iclasında üzvlər tərəfindən seçilir. Seçki Məcəlləsinə görə, bələdiyyələrin səlahiyyət müddəti 5 ildir.
Hansı şəxslər bələdiyyə üzvlüyünə namizəd ola bilməz? Qohumları həbsdə olan şəxslər bələdiyyə üzvlüyünə seçkilərdə namizəd ola bilərmi? Azadmedia.az bu sualla "
Mərkəz" Vəkil Bürosunun rəhbəri, Vəkillər Kollegiyasının İntizam Komitəsinin üzvü
Gülşən Salmanovaya müraciət edib.
Büro rəhbəri bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, bələdiyyə seçkilərində iştirak etmək hüququ şəxsin özünün hüquqi vəziyyəti ilə bağlıdır və qohumlarının vəziyyəti bu hüquqa təsir etmir:
"Azərbaycan Respublikasının Konstitusiyasının 56-cı maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin seçilmək hüququ qanunla məhdudlaşdırıla bilər.
Eyni zamanda, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin məlumatına əsasən, bələdiyyə üzvlüyünə namizəd ola bilməyən şəxslər arasında məhkumluğun ödənilməsindən və ya götürülməsindən asılı olmayaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-1 maddəsində nəzərdə tutulan ağır cinayətlərə görə məhkum olunmuş şəxslər və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkənlər də daxildir".
Gülşən xanım bildirdi ki, sadalanan məhdudiyyətlər yalnız şəxsin özünə aiddir və qohumlarının məhkumluğu onun seçkilərdə iştirak hüququna təsir göstərmir.
Qohumu həbsdə olan şəxs, əgər özü yuxarıda qeyd olunan məhdudiyyətlərə məruz qalmırsa, bələdiyyə seçkilərində iştirak edə bilər.Xatırladım ki, seçkilərin keçirildiyi gün, 29 yanvar 2025-ci il, qeyri-iş günü elan edilib.
Elnurə
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.