“300 manat ver, yoxsa bağçada yer yoxdu”
Əksər valideynlər dövlət bağçalarının pullu olmasından, bağça müdirlərinin qanunsuz tələblərindən, bağçalardakı şəraitdən şikayət edir. Yəqin ki, yazını oxuyan şəxslərin də ətrafında onlarla belə valideyn var. Bəlkə də, elə siz də o valideynlərdən birisiniz. Bəs, uşaq bağçalarındakı bu biabırçı vəziyyətin səbəbkarları kimlərdir, nə vaxta qədər belə davam edəcək?
Mövcud vəziyyəti öyrənmək üçün valideyn kimi paytaxtda yerləşən dövlət bağçalarından biri neçəsi ilə əlaqə saxladıq.
Əksər bağçalarda müdirlər məzuniyyətdə idilər. Zəngləri bağçanın "zavxoz”u cavablandırırdı. Bağçaya uşaq yazdırmaq istədiyimizi eşidəndə, "yerimiz yoxdu”, - desələr də, bizi bağçaya dəvət etdilər: "Gəlin, müdirlə görüşün, telefon işi deyil”.
Korrupsiya.org-a verilən məlumata görə 5 №-li körpələr evi-uşaq bağçasına müraciət edən valideynlərə də eyni cavab verilir. Ya bağçanın müdirəsi Pərvanə Gülərovaya tanış tapmalısan. Ya da tələb olunan 300-400 manat civarında məbləği.
Üstəlik tərbiyəçilər üçün aylıq 20-30 manat pul ayırmalıdı valideyn. Demək olar bütün bağçalarda vəziyyət eynidir.
Maraqlıdır, görəsən, dövlətin bağçalarında yer olduğu halda bağçalarda niyə yer "tapılmır”?Bu suala cavab tapmaq üçün bağçalara nəzarət edən Bakı şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi ilə əlaqə saxlamağa çalışdıq. Təəssüf ki, qurumdan çoxsaylı zənglərimizə cavab verən olmadı.
Təhsil eksperti Kamran Əsədov isə açıqlamasında təəssüflə qeyd edir ki, bu gün Azərbaycanda fəaliyyət göstərən dövlət bağçaları tamamilə diqqətdən kənar alıb: "Burada xoşagəlməz məqam ondan ibarətdir ki, təhsilini növbəti illərdə orta məktəbdə davam etdirəcək uşaqların ilkin pillələrdə təhsilləri yarımçıq qalır. Dövlət bağçalarında təhsil Təhsil Nazirliyinə aid olmayan bir qurum tərəfindən həyata keçirilir. Bağçalardakı dərslər ibtidai siniflərdə keçirilən tədrislə üst-üstə düşmür və Təhsil Nazirliyi bağçaların nə tədris materialına, nə də şagirdlərin orada hansı bilik və bacarığa yiyələnməsinə nəzarət edə bilir. Müəyyən tədris materialları var ki, bağça dövründə keçilməlidir. Bağçalarda bunlar tədris olunmadığından Təhsil Nazirliyi məcburən bütün gücü verib orta məktəb tədrisinə”.
Ekspert hesab edir ki, bağçalar mütləq şəkildə vahid mərkəzdən idarə olunmalıdır. Bu, təhsilin inkişafına təsir göstərəcək ən mühüm amillərdən biri olacaq. Vətəndaşlar bağçalara müraciət edəndə onlara deyirlər, boş yer yoxdu. Rəhbərliklə əlaqə saxlayıb, onu "razı saldıqdan” sonra isə istənilən qədər boş yer tapılır. Bunu aradan qaldırmağın bir neçə yolu var. Bağçalara da qəbul elektron qaydada aparılmalıdır. Təhsil bağçadan məktəbə qədər vahid bir yerdən idarə olunmalıdır. Dövlət büdcəsindən bağçadakı uşaqların qidalanması üçün ayrılan vəsaitin cüzi hissəsi uşaqlara istifadə olunur. Şagirdlərə verilən qidalar kifayət qədər keyfiyyətsizdir. Buna görə də valideynlər uşaqları bağçaya aparanda çantasına evdən yemək qoyur. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən bağçaların rəhbərliyi və idarəçiliyi tam ixtisaslı kadrlar tərəfindən həyata keçirilmir. Uzun illərdir ki, Azərbaycanda sovetlər dövründən qalma vasitələrdən istifadə olunur”.
K. Əsədov bu gün Azərbaycanda 3400-dən çox bağçanın fəaliyyət göstərdiyini deyir: "Lakin bağçalara cəlbolma dünya ilə müqayisədə ən aşağı səviyyədədir. Azərbaycanda bağçaya getmək yaşına çatmış uşaqların cəmi 17 faizi bağçaya gedir. Hətta bəzi bölgələrimizdə - Qax, Gədəbəy, Daşkəsəndə cəmi 1 faiz uşaq bağçalara cəlb olunub. Bir çox bağçalar özəlləşdirilib və bağçaya aid olmayan obyektlərə - ticarət mərkəzlərinə çevriliblər. Dövlət bağçalarında çalışanların 60 faizi ali təhsilli deyil, orta ixtisas, yaxud orta təhsilli insanlardır. Uşaq bağçaları mütləq şəkildə Təhsil Nazirliyinə, yaxud ayrıca bir quruma tabe olmalıdır. O qurum kibirbaşa təhsil-tədrislə məşğul olur. İcra hakimiyyəti yerli icra orqanıdır. Onların tədris qurumları ilə bağlı təcrübələri yoxdur”.
Bakı Şəhər İcra Hakimiyyətiisə hər kəsin gözü önündə baş verən bu özbaşınalığa hələ də göz yumur.Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin hansısa rəsmisini görən, tanıyan yoxdur. Görünür, qurumun bağça müdirlərinin bu qanunsuzluqlarına və "pul oyunlarına” göz yummaları üçün hər ay yaxşı stimulları olur. Necə deyərlər, utanmasan, oynamağa nə var ki?! Yaxşı oynayırsınız.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR