Sahibkar Ziya Məmmədovun oğlunu məhkəməyə verdi - 180 minlik çəkişmə
Quba sakini Cəfərov Tahir Əli oğlu ölkənin 1-ci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib
M.Qorki küçəsi ev 24, mənzil 16-da yaşayan rayon sakini ailəlidir, iki övladı var.
Onun sözlərinə görə, 1990-cı ildə işlətdiyi “Lalə” kafesində Heydər Əliyevin portretini asdığı üçün o dövrün hakimiyyət adamları portreti götürməyi tələb ediblər.
Buna əməl etməyən sahibkarın kafesi yandırılıb. O zaman yanğından portreti və Qurani Kərimi xilas edə bilib.
“Mənim Heydər Əliyevə olan hörmətimi və məhəbbətimi Dağıstanda Seyid Camaloviç də bilirdi. 1999-cu ildə Qubanın Qəçreş ərazisində öz vəsaitim hesabına “Naxçıvan” istirahət zonası tikdim.
Həmin il mayın 10-da mərhum prezidentimizin doğum günü ilə əlaqədar Heydər bulağının açılışını da etdim.
Bu barədə 1999-cu il mayın 19-da “Naxçıvan” qəzetində xəbər verilib. O dövrdə Heydər Əliyevə qarşı olan hakimiyyətdəki bəzi qüvvələr məni təhdid etməyə başladılar.
Dedilər ki, istirahət guşəsinin adını dəyişməsən “Lalə” kafesi kimi ora da yanacaq. Bu təzyiqlərlə həmin istirahət mərkəzini əlimdən aldılar. 2003-cü ildə cənab prezident vəfat edəndə onun büstünü hazırlatdım və postament hazırladım.
Prezidentə müraciət etdim ki, işlətdiyim kafenin bağçasına büstün qoyulmasına icazə versinlər. Quba rayon İcra Hakimiyyətinin 2004-cü ildə göndərdiyi məktubda deyildi ki, büstün qoyulması qeyri-mümkündür. Ancaq çox xoşbəxtəm ki, iki oğlum polis zabitidir və Heydər Əliyevin qoyduğu qanunlara xidmət edirlər”.
Ulus.Az xəbər verir ki, sahibkar yenə problemlə üzləşib: “Bu il mayın 8-də Quba icra hakimiyyətindən Nurullahi Nail kimi özünü təqdim edən şəxs dedi ki, kafedə Heydər Əliyevin portretini asmağa ixtiyarın yoxdur.
Onun tələbindən sonra məcbur qalıb portreti götürməli oldum və bu zaman şüşəsi də sındı. Mən əsəbim soyuyandan sonra icra başçısının 1-ci müavini Yusif Abidova zəng etdim və olanları danışdım. Dedi ki, məsələ araşdırılacaq.
Mayın 9-da icra başçısının Alekseyevka üzrə nümayəndəsi və sürücüsü gələrək dedilər ki, Nurullahın adımı düzgün deyil, portreti yerinə qaytara bilərsən.
Ancaq təzyiqlər dayanmayıb. Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğluna qarşı Nərimanov rayon Məhkəməsində iddia qaldırmışam.
Bundan sonra təqiblər yenə də artıb. ZQAN holdinqin mənə 21 196 manat borcu var. Bundan əlavə maddi və mənəvi ziyana görə 30 min təzminat tələb edirəm. Ziya Məmmədova etdiyim müraciətlər nəticə vermir”.