Hərbi hissəni özbaşına tərk etmə cinayətinə yeni şərh verildi
Konstitusiya Məhkəməsi Respublika Prokurorluğunun sorğusu əsasında Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxıb
Prokurorluq Konstitusiya Məhkəməsinə sorğu verərək 333.1 və 333.3-cü maddələrdə nəzərdə tutulan cinayətlərin subyektlərinin müvafiq olaraq hərbi hissəni və ya xidmət yerini ilk dəfə üç gündən az müddətə və ilk dəfə on gündən az müddətə tərk etmələri, habelə üzrlü səbəblər olmadan öz xidmət yerlərinə vaxtında qayıtmamaları faktları üzrə cinayət işinin başlanmasının rədd edildiyi və həmin şəxslərin altı ay və bir il ərzində təkrarən eyni əməlləri törətdiyi halda onların 333.1 və 333.3-cü maddələrlə cinayət məsuliyyətinə cəlb edilməsinin mümkünlüyünün şərh olunmasını xahiş edib.
Sorğuda göstərilib ki, təkrarlığın tövsifedici əlamət kimi nəzərdə tutulduğu Cinayət Məcəlləsinin xüsusi hissəsinin müvafiq maddələrinin tətbiqi ilə bağlı vahid istintaq və məhkəmə təcrübəsi olsa da, əməlin təkrar törədilməsinin cinayət tərkibinin əlaməti kimi müəyyən edildiyi maddələrdə nəzərdə tutulan əmələ cinayət-hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə təcrübəsində ziddiyyətlər mövcuddur. Bir sıra hallarda ibtidai araşdırma zamanı çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi hissəni və ya xidmət yerlərini özbaşına tərk etmələri və ya üzrlü səbəblər olmadan öz xidmət yerinə vaxtında gəlmədikləri faktı təsdiq olunsa da, onların həmin hərəkətləri ilk dəfə üç gündən az müddətə törətdikləri müəyyən edilir. Bu zaman ibtidai araşdırma orqanları həmin şəxslərin əməllərində cinayət tərkibi olmadığı üçün barələrində cinayət işinin başlanmasını rədd edir.
Sonradan altı ay ərzində həmin şəxslər təkrar öz hərbi hissələrini və ya xidmət yerlərini özbaşına tərk etdikləri, yaxud üzrlü səbəblər olmadan öz xidmət yerlərinə vaxtında gəlmədikləri halda onlar barəsində olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar ləğv edilir, əməlləri Cinayət Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibini yaratdığına görə onlara həmin maddə ilə ittiham elan olunur. Eyni qayda 333.3-cü maddədə nəzərdə tutulan əməli törədən şəxslər barəsində də tətbiq edilir.
Sorğuda o da qeyd edilib ki, göstərilən əməllərin ilk dəfə törədilməsinə görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarların ləğv edilməsi təcrübəsi həmin qərarların preyudisiallığını müəyyən edən Cinayət-Prosessual Məcəlləsinin 39.1.7 və 65.1-ci maddələrinin tələblərindən irəli gəlir, lakin bəzi hallarda işə baxan məhkəmələr ibtidai istintaq orqanlarının qeyd edilən mövqeyi ilə razılaşmır.
Sorğu verənin fikrincə, cinayət işinin başlanmasının rədd edilməsindən sonra təkrar eyni əməllərin törədilməsi halında onların əməllərinə hüquqi qiymət verilməsi ilə bağlı vahid məhkəmə təcrübəsinin olmaması Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin tətbiqi sahəsində ziddiyyətlər yaradır.
Novator.az-ın məlumatına görə Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə qərar çıxarıb. Qərarda qeyd olunur ki, Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş əməllər ilk dəfə müvafiq olaraq üç və on gündən az müddətə törədildiyindən cinayət tərkibinin olmamasına görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın mövcudluğu həmin əməlin təkrar törədilməsinə görə cinayət işinin başlanmasına və şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə mane olmur: “İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Cinayət-Prosessual Məcəlləsinin 84.5.8-ci maddəsinə uyğun olaraq təhqiqatçının və ya müstəntiqin yalnız qanunsuz və əsassız qərarlarını ləğv etmək hüququna malikdir”.