Məhkəmə “Porsche”li Ağaəli ilə bağlı qərar verdi
Məhkəmə Bakıda “Porsche” ilə qadını vuraraq öldürən yeniyetmə barəsində qərar çıxarıb.
"Qafqazinfo" xəbər verir ki, Sabunçu rayon Məhkəməsinin iyunun 22-də qəbul etdiyi qərarla Sabunçu Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış Fərəcli Ağaəli Fizuli oğlunun barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə dair vəsatəti təmin edilib.
Qərarın icrası Sabunçu İcra Hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya və Sabunçu Rayon Polis İdarəsinə həvalə edilib.
Qeyd edək ki, hadisə bu il mayın 3-də baş verib. Həmin vaxt naməlum avtomobilin sürücüsü Sabunçu rayonu ərazisində hərəkətdə olarkən piyada Məmmədova Xəyalə Ənvər qızını vuraraq hadisə yerindən qaçıb. X.Məmmədova aldığı bədən xəsarətlərindən 3 saylı şəhər kliniki xəstəxanasında vəfat edib. Fakta görə Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə cinayət işi başlanıb. Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobili idarə edən Adil Məmmədov tərəfindən törədilməsi müəyyən edilib. Cinayət işi həmin Məcəllənin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib.
Cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış Adil Məmmədovun qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə müvafiq tədbirlərin görülməsi təmin ediləcək.
Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs - Nadir Məmmədov (ad və soyad şərtidir) tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə - azyaşlı oğluna verdiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh tətbiq edilib.