Dövlət 2 mindən çox obyekti alacaq — “Sovetski” ilə bağlı qərar verildi
Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” qərar qəbul edilib.
“Ölkə.Az” xəbər verir ki, bu barədə sənəd Baş nazirin müavini Abid Şərifov tərəfindən imzalanıb.
Qərara görə, Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzaga Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan kimi Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilib.
Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə tapşırılıb ki, bu qərarın 1-ci hissəsində göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etsin.