AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Artego" şirkəti öz işçilərini niyə intihara vadar edir? - GİLEY

  • + A
  • - A
  • 17-05-2018, 10:34

    "Artego" şirkəti öz işçilərini niyə intihara vadar edir? - GİLEY














    Zəngin yaşamaq heç də pis deyil. Ancaq gəlin görək bu zənginlik necə əldə edilir? Bəzi işbazlar var ki, işçinin qanını soran, onun zəhməti üzərindən pul qazanmaq "fərasəti, qabiliyyəti" olanlar – bunların xərclədikləri yalnız vicdanları, heysiyyatları, şərəfləridir, qazandıqları isə milyonlardır. Belələri ilə qarşılaşmağı arzulamasam da, yaxınlarda onlardan biri ilə tanış olmağa məcbur oldum. Tanış olmaq deyəndə ki, zəng etsək də, bizimlə görüşdən qaçdı. Dinləsəydi, bəlkə hər şeyi onun üzünə deyərdim və bu yazını yazmağa da səbəb qalmazdı...

    Dörd il əvvəl bir yaxınım sevinə-sevinə gəldi ki, kosmetik mallar firmasında yaxşı bir iş tapıb. Maaşı indiki dövr üçün fantastikdir. "Havayı pendir yalnız siçan tələsində olur" məsəlini xatırladım, amma işinə qarışmadım. Orda bir dostunun(?!) çoxdan işlədiyini dedikdən sonra isə bir az rahatladım.

    Beləliklə, işə başladı. İlk başdan hər şey normal görünürdü. Saç boyası, kremlər, balzamlar, keratin və s. haqda görəllik salonlarında tanıtım işləri görülür, mallar reklam edilir, sonra satış müqaviləsi bağlanır (sadəcə qaimələrlə), işçilər malı salona daşıyır və ay sonu satılan məhsulun pulu, satılmayanın hesabı rəqəmlərlə təsdiqlənib hesablanır, ona görə də maaşlar verilirdi. Gələn gəlirin əvvəl 20%, sonra 25% işçilərə veriləcəyi vəd olunmuşdu. Bura qədər hər şey normal görünə bilərdi. Amma hər ayın sonu yaxınımdakı həyəcanın, təlaşın şahidi olurdum. Səbəbini də "atçot işləri"ni göstərirdi. Məsələ bu yaxınlara qədər belə davam etdi. Son günlər saralmış üzü, qeyri-adi davranışı ilə diqqətimi çəkən yaxınımın xanımı ilə danışıb səbəbini soruşdum. Əsl məsələ ortaya çıxdı. Deməli, əvvəldən narahat olmaqda haqlıymışam. Sən demə, müdir Zeynalov Həmzağa gəncləri qanunsuz olaraq 150 000 (yüz əlli min)lik, ona borclu olduqlarını təsdiq edən sənədi imzaladaraq işə alırmış. Yüzlərlə işçinin heç biri ilə işçi müqaviləsi bağlamadan da çalışdırırmış. İşçilər arasında hətta imiqrantlar da var. Vəziyyət gərginləşəndə, yəni işçi salonlardan məhsulun pulunu ala bilməyəndə, salon sahibi müflis olaraq salonu bağlayıb işini dayandıranda, yaxud bir başqa "səbəb" (İşçilərlə söhbət edərkən məlum oldu ki, belə səbəblər onlarda çox asanlıqla tapılır!) olanda isə müdir halını pozmadan 150 000-lik sənədi xatırladır və işçinin evini, maşınını, torpağını satdırıb "malına mal qataraq" daha da varlanır. Heç bir şeyi olmayan işçiləri yüksək vəzifədə çalışan qardaşları Qambay Zeynalovla, Sumqayıt şəhərində polis rəisi işləyən Eminağa Zeynalovla və nəhayət, "Bir zənginə amadə olan" Banditizm İdarəsi ilə hədələyərək qohum-əqrəba qapısı döyməyə məcbur edirlər (hətta vəkil belə, "məncə, qol çək, onlar girilən kol deyil", dedi!!!). Özünü xeyirxah kimi qələmə verən Həmzağa müəllimin bu "xodu" kazinolardakı əvvəlcə uduzub, sadəlövh insanları milyonlar qazanacağına inandıran işbazları xatırlatmırmı, sizcə?!

    O yaxınım da axırıncı yazdıqlarımdan, yəni heç nəyi olmayanlardan idi və işlədiyi müddətdə gətirdiyi pulla yalnız iki azyaşlı övladını yedizdirmiş, ailəsini dolandırmışdı. Yəni heç də deyildiyi kimi işçilərə o qədər məhsulun faizi verilmirdi. Əslində, əllərinə verilsə də, ay sonu hesab düz gəlsin deyə (sonradan o pulları salonlardan yığıb götürərəm, düşüncəsiylə!), o pulları işçilər yenidən qaytarıb şirkətə ödəyirdilər. Görünür, bəziləri üçün bu da bir fərasətdir! Və o yaxınım özünün pulu olmadığı üçün qohumlara ağız açmağa da utanırdı. O vaxta qədər isə çıxılmaz vəziyyətdən intiharı belə, düşünübmüş. Əldən gedən maddiyyatdan çox onu sarsıdan dost dediklərinin oyunları və ədalətli müdir kimi sayğı bəslədiyi adamın ona dələduz gözüylə baxması idi. Yaxşı ki, gözünün qarşısına canından çox sevdiyi balaları gəlib...

    Mən qohumu olaraq işə qarışdım. Çünki o gəncin nə qədər düzgün, etibarlı, sadiq və səxavətli olduğuna bələd idim. Onu bu depressiyadan çıxarmaq üçün yeganə maddi güvəncim olan torpağımı borcu qarşılığı verməyi qərarlaşdırdım (Əslində, bu dövlətin qanunlarına güvənib, məhkəmə yolunu təklif etsəm də, "Mən ordan çörək yemişəm, bunu eləyə bilmərəm, adım ev yıxan olmasın" dedi.). O torpağı ki, on beş ildi almışdım və üç yetimin böyüməsi, yeməyi, məktəbi qayğısından içində bir otaq belə, tikdirə bilməmişdim. Olsun, dünya malıdır. Amma o, yetim malı yediyinin ləzzətini duymaqda davam edir. Eşitdiklərimdən anladım ki, belə şakəri artıq qanına işləyib bu adamın.

    Dörd bir yanımız saxtakar, sinirli "işgüzar" adamlarla doludur... və bunlardan biri də çoxunuzun bildiyi "Artego", yaxud "Lakme" adıyla məşhur olan və çox bahalı olduğu üçün hər kəsin deyil, yalnız tanınmışların (pulluların) istifadə etdiyi İtaliya mallarının satışı ilə məşğul olan şirkətin rəhbəri Həmzağa Zeynalovdur.

    Bu yazılanlar, təəssüf ki, günümüzün real hadisəsidir, heç biri böhtan xarakterli deyil və Həmzağa Zeynalovun bu işlərinin icrasına başçılığı da Ceyhun adlı oğlu edir. Zeynalov Ceyhun mənimlə "alğı-satqı" (daha doğrusu, torpağımı mənimsəmə - F.R.) haqqında sənəd imzalayıb və sənəd hər ikimizdə var. O uşağa yazığım gəlir. Atası onun üçün haram mallar səltənəti qurur. Bir haram loxmanın nə boyda kəffarəsi var və o uşaq indi bu havadadırsa, ondan törəyənlərin halını təsəvvür edin! Allah da "mən sınıq qəlblərdəyəm" deyir. Heç unutmayacağım və məni hiddətləndirərək bu işin sonuna qədər getməyə məcbur edənsə Ceyhunun atasıyla telefon danışığından sonra üzünü mənə tutub təhdidlə və əsəbi şəkildə dediyi: - Bu dəqiqə Banditizm İdarəsinə zəng edib deyəcəm, gəlib qollarını burub götürsünlər! – sözləri oldu. Belə insanlar o qədər harınlayıblar ki, özlərini demokratik bir ölkədə deyil, varvarların yaşadığı məkanda hiss edirlər. Təhdidlərlə kimlərisə qorxudaraq pul tələb etmək reketlərə, qanqsterlərə məxsusdur və qanunu işləməyən ölkələrdə mövcuddur. Dövlətimizin qanunlarına görə vergidən yayınma cinayət, müqaviləsiz işçi çalışdırmaq, immiqrant işlətmək qanunsuzluq, səbəbsiz yerə yüksək məbləğdə sənəd imzalamağa məcbur etmə, işçini intihar həddinə çatdırma (bir müddət əvvəl, hələ də orada işləməyə məcbur olan Firudin adlı işçinin intihara cəhdi də danılmaz faktdır, amma işçilər bir loxma çörəyi itirməsinlər deyə danışmağa qorxurlar), işçiyə məxsus olan daşınmaz əmlakını mənimsəmə qəbuledilməz faktlardır. Daha hansını sayım ki, bu insanın qanunsuz əməllərlə məşğul olduğunu sübut edə bilsin? Keçən il hakerlər gizli hesablarına girib milyonlarla zərər vurdular, vergidən yayındığı üçün məhkəməyə müraciət edə bilmədi. Dövlətin qanunlarına deyil, puluna və qardaşlarına (həm də qanun sahəsində çalışanlara!) güvənən bu insan bilməlidir ki, kasıbın, imkansızın da güvəndiyi Allahı və dövlətinin qanunları var... Peyğəmbər (s.ə.s) deyir ki: "Allahdan başqa köməyi olmayan insana zülm edən şəxsə Allahın qəzəbi çox ağır olar". İmam Əli(ə) deyir ki: "İnsana itaət edib, Yaradana itaətsizlik göstərənin dini yoxdur". İnsanlığa mənfi nümunə və ən ümdə amalları pul olan belə harınlamışların işiylə əlaqədar təşkilatların maraqlanacaqlarına şübhəm yoxdur. Mövzunu diqqətdə saxlayacam və başqalarına da bu maddi və mənəvi zərbə dəyməsin deyə, əlimdən gələni əsirgəməyəcəm!

    Məni, yazıdan əvvəl qəbul etməyən qarşı tərəfin də mövqeyini, heç olmasa, dinləmək istərdim. Nə deyəcəyi çox maraqlıdır, çünki olanları mənə başqası danışmayıb, öz başıma gələn reallıqdır...

    F.RƏHİMLİ

    REDAKSİYADAN: Məsələ ilə bağlı şikayətdə adı çəkilən şəxslərlə əlaqə saxlamaq cəhdimiz hələlik alınmır. Odur ki, qarşı tərəfi də dinləməyə hazırıq. tezadlar.az\\


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR