21 avqust 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında Erkən nikahın qarşısının alınması ilə bağlı maarifləndirici-profilaktik tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın sədri vəzifəsini icra edən Abbas Abbaszadə Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Republikasının Ailə Məcəlləsində, Azərbaycan Republikasının Cinayət Məcəlləsində və Azərbaycan Republikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 28.06.2024-cü il tarixli Qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin Məcəllələrə əlavə edilən yeni maddələr barədə çıxış edərək bildirmişdir ki, erkən nikah hallarının əvvəlcədən qarşısının alınmasından ötrü valideyinlər ilə qabaqlayıcı söhbətlərin aparılmasının zəruriliyi, belə hallarda təxirəsalınmadan Komissiyaya və aidiyyəti qurumlara məlumat verilməli olduğu, şadlıq evlərinin rəhbərlərinin yeni dəyişikliklərlə bağlı birbaşa məsuliyyət daşıdıqlarını vurğulamışdır.

Masallı Rayon Polis şöbəsinin baş inspektoru Samid Əliyev çıxış edərək qanunvericilikdə edilmiş əlavə və dəyişikliklərə əsasən məsuliyyət və cəza tədbirləri barədə ətraflı məlumat vermişdir.
Qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsində aşağıdakı dəyişikliklər edilmişdir:
Maddə 189-1. On altı yaşına çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olma
On altı yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs tərəfindən nişanlanmaya və ya evliliyə dair digər sövdələşməyə daxil olmağa görə –
min manatdan iki min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə inzibati məsuliyyət həmin əməli törətmiş evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə bu şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır.
Maddə 189-2. Yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsi
189-2.1. İctimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə görə –
fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir.
189-2.2. Bu Məcəllənin 189-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –
fiziki şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan altı min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on üç min manatadək məbləğdə cərimə edilir.
Qeyd: Bu maddədə “erkən evlilik” dedikdə yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq başa düşülür.
Maddə 189-3. Yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsmə
189-3.1. Yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbinkəsməyə görə –
fiziki şəxslər min manat məbləğində cərimə edilir.
189-3.2. Bu Məcəllənin 189-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –
fiziki şəxslər iki min manat məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Ailə Məcəlləsinə aşağıdakı dəyişikliklər edilmişdir.
Maddə 10. Nikahın yaşı
10.1. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur.
10.2. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər
Qeyd: 10.2-ci maddə ləğv edilmişdir.
Cinayət Məcəlləsinə aşağıdakı dəyişikliklər edilmişdir.
Maddə 176-1. Nikaha və ya erkən evliliyə daxil olmağa məcbur etmə
176-1.1. Nikaha daxil olmağa məcbur etmə –
iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
176-1.2. Nikah yaşına çatmayan şəxsi erkən evliliyə daxil olmağa məcbur etmə –
üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 176-1 və 176-2-ci maddələrində “erkən evlilik” dedikdə yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq başa düşülür.
Maddə 176-2. On altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkili
On altı yaşına çatmayan şəxsin erkən evliliyinin həmin şəxsin və ya erkən evliliyə daxil olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs tərəfindən təşkil edilməsi –
iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə nəzərdə tutulmuş cinayətə görə məsuliyyət erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə həmin şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır.
Tədbirim sonunda iştirakıçıların sualları cavablanıdırlmışdır.