Mamoy Mansurov,
Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin dekanıHər il 31 mart tarixi Azərbaycan tarixində ən faciəli səhifələrdən birinin – azərbaycanlıların soyqırımının xatirə günü kimi qeyd olunur. Bu tarix təkcə keçmişin ağrılı hadisələrini yad etmək deyil, həm də milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
1918-ci ilin mart-aprel aylarında Bakı və ətraf bölgələrdə, eləcə də Şamaxı, Quba, Qarabağ və digər ərazilərdə azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törədilib. Minlərlə dinc sakin amansızcasına qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəni və dini abidələr məhv edilib. Bu hadisələr planlı şəkildə həyata keçirilmiş etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir.
Xüsusilə Quba bölgəsində aşkarlanan kütləvi məzarlıqlar həmin dövrün dəhşətlərini bir daha sübut edir. Tarixi sənədlər və faktlar göstərir ki, qırğınların məqsədi azərbaycanlı əhalini öz doğma torpaqlarından sıxışdırıb çıxarmaq olub.
Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra bu hadisələrə hüquqi-siyasi qiymət verilib. 1998-ci ildə imzalanmış sərəncamla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan olunub. Bu, tarixi ədalətin bərpası və dünya ictimaiyyətinə həqiqətlərin çatdırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Bu gün 31 mart yalnız matəm günü deyil, həm də milli həmrəyliyin, tarixi yaddaşın və ədalət uğrunda mübarizənin simvoludur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.