AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanı qüdrətli dövlətçiliyə və inkişafa aparan yolun başlanğıc tarixi

  • + A
  • - A
  • Bu gün, 16:37

    Azərbaycanı qüdrətli dövlətçiliyə və inkişafa aparan yolun başlanğıc tarixi

    Xanlar Fətiyev,
    Milli Məclisin deputatı


    Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi fəaliyyəti ilə bağlı olan hər bir əlamətdar hadisənin və tarixi günün Azərbaycanın müasir dövlətçilik tarixində xüsusi yeri, mühüm əhəmiyyəti var. Çünki Ulu Öndərin zəngin siyasi fəaliyyətinin ayrı-ayrı mərhələləri və onun adı ilə bağlı tarixi hadisələr Azərbaycanın taleyində mühüm dönüş nöqtələri kimi yadda qalıb. Bu hadisələrin hər biri həm sovet, həm də müstəqillik illərində Azərbaycanın tarixində yeni mərhələnin əsasını qoyub. Ona görə 14 iyul, 15 iyun kimi tarixlər respublika ictimaiyyəti tərəfindən hər zaman böyük minnətdarlıqla xatırlanır və qeyd olunur.
    Ulu Öndər Heydər Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçildiyi 1993-cü ilin 3 oktyabr tarixi də ən əlamətdar günlərdən biri kimi müasir dövlətçilik tariximizdə xüsusi yer tutur. Məhz həmin tarixdən etibarən Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda müstəqilliyin etibarlı təməllərinin yaradılmasına, sosial-iqtisadi tənəzzülün aradan qaldırılmasına, hüquqi, dünyəvi və demokratik dövlət quruculuğuna xidmət edən islahatların həyata keçirilməsinə başlanıldı.
    Əvvəlcə onu qeyd edim ki, Ümummilli Lider Heydər Əliyevin 33 il əvvəl Azərbaycan Respublikasının Prezidenti seçilməsi Ulu Öndərə olan ümumxalq inam və etimadın seçki yolu ilə təsdiqi idi. Bundan bir neçə ay əvvəl Heydər Əliyev xalqın təkidli istək və arzusu ilə Naxçıvandan Bakıya gəlmiş, müdrikliyi, dühası və iradəsi ilə respublikamızı məhvə aparan siyasi-hərbi proseslərin qarşısını almış, antiazərbaycançı dairələrin planlarını iflasa uğratmışdı. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilən Heydər Əliyevin qısa müddətdə həyata keçirdiyi tədbirlər göstərirdi ki, qətiyyətli və güclü liderin rəhbərliyi ilə mürəkkəb siyasi-hərbi gərginliyə son qoymaq, sabitliyi təmin etmək, dövlət idarəçiliyini möhkəmləndirmək və Azərbaycanın gələcək inkişafının möhkəm təməlini yaratmaq mümkündür. Ona görə 1993-cü ilin oktyabr ayına təyin olunan prezident seçkilərində də xalqın namizədi Heydər Əliyev idi. Seçki günü səsvermənin nəticələri də bunu təsdiq etdi.
    1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri həm də müstəqil Azərbaycanın ilk demokratik seçkisi kimi tarixə düşdü və bununla da respublikamızda azad, ədalətli və şəffaf seçkilərin keçirilməsinin əsası qoyuldu. Bu mənada həmin seçki xalqımız üçün mühüm tarixi hadisə, eyni zamanda, inkişafa və güclü Azərbaycan dövlətçiliyinə gedən yolun ilk siyasi pilləsi idi.
    Seçkilərdən bir həftə sonra, oktyabrın 10-da keçirilən andiçmə mərasimində Heydər Əliyev demişdi:
    “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.
    Artıq 1993-cü ilin payızından etibarən Azərbaycanda cərəyan edən bütün proseslər ölkəmizə güclü siyasi liderin rəhbərlik etməsindən xəbər verirdi. O zaman Ulu Öndərin həyata keçirdiyi ilk təxirəsalınmaz tədbirlərdən biri vahid komandanlığa əsaslanan Azərbaycan Ordusunun yaradılması oldu. Məhz bunun sayəsində nəinki Ermənistanın daha da təcavüzkar planlarının qarşısı alındı, o cümlədən cəbhənin müxtəlif istiqamətlərində torpaqlarımız işğaldan azad edildi.
    Ulu Öndərin o zaman atdığı digər təxirəsalınmaz addım ölkədə sabitliyin bərqərar edilməsi oldu. Cəmiyyətdə qorxu və xof yaradan qanunsuz silahlı dəstələrin ləğv edilməsi, kriminogen vəziyyətin nəzarət altına alınması, dövləti cinayətlərdə əli olan şəxslərin hüquqi məsuliyyətə cəlb olunması ilə insanlar rahat nəfəs aldılar.
    1994-cü ildə cəbhədə atəşkəsin elan olunması qarşıda duran ümummilli vəzifələrin daha sürətlə həyata keçirilməsinə əlverişli şərait formalaşdırdı. 1994-cü ilin sentyabr ayında Bakıda dünyanın tanınmış neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanması, hüquqi, iqtisadi, sosial və aqrar islahatların həyata keçirilməsinə başlanılması, milli həmrəyliyin təmin olunması, xalqımızın azərbaycançılıq ideyası ətrafında birləşməsi, bütün sahələrdə tərəqqiyə doğru dönüşün baş verməsi, respublikamızın beynəlxalq əlaqələrinin yaradılması, xarici siyasət kursunun müəyyən edilməsi Azərbaycanın artıq müstəqil dövlət kimi inkişaf yoluna qədəm qoyduğunu göstərirdi.
    O dövrdə Heydər Əliyevin siyasi qətiyyətinin və eyni zamanda xalqın öz dahi rəhbəri ətrafında sıx səfərbər olmasının daha bir göstəricisi dövlət çevrilişi cəhdlərinin qarşısının alınması oldu. 1994-cü ilin sentyabrında və 1995-ci ilin mart ayında baş verənlər Azərbaycanın müstəqilliyini və Heydər Əliyev siyasətinin uğurlarını həzm edə bilməyən antimilli şəbəkələrin ölkəmizi öz inkişaf yolundan döndərmək cəhdi idi. Lakin bütün bu çirkin cəhdlər Heydər Əliyev siyasi kursunun və xalq-iqtidar birliyinin qarşısında iflasa uğradı.
    Beləliklə, respublikamızı bütün təhlükələrdən xilas edən, müstəqilliyimizi əbədi edən Ulu Öndər Heydər Əliyev özünün siyasi dühası ilə bu gün uğurları ilə qürur duyduğumuz müasir Azərbaycan dövlətini yaratdı.
    Heydər Əliyevin yaratdığı Azərbaycan Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə ötən 23 ildə böyük inkişaf yolu keçərək tarixinin ən qüdrətli dövləti səviyyəsinə yüksəlib. Bu dövrdə respublikamızın qarşısında dayanan bütün milli vəzifələr layiqincə icra olunub. Heydər Əliyevin müəllifi olduğu enerji siyasətinin qətiyyətlə davam etdirilməsi, iqtisadiyyatımızın inkişafı, Azərbaycanın regionun əsas nəqliyyat qovşağına çevrilməsi ölkəmizə Cənubi Qafqazın lider dövləti statusu qazandırıb və Avrasiya coğrafiyasındakı mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib.
    Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə Azərbaycanın qazandığı ən böyük tarixi uğurlar isə, əlbəttə ki, torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunmasıdır. Bütün bunlar həm də Heydər Əliyevin ideyalarının təntənəsinin, arzularının real həyata vəsiqə almasının möhtəşəm təcəssümüdür.
    Müstəqil Azərbaycanın uğurlu inkişaf yolu 1993-cü ildə Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə başladı. Məhz buna görə Ulu Öndərin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildiyi 1993-cü ilin 3 oktyabr tarixi respublikamızın müasir dövlətçilik salnaməsinə yeni inkişaf mərhələsinin başlanğıcı kimi həkk olunub. Bu tarixi hadisə Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dövlətçiliyimizin gücləndirilməsi və ölkəmizin davamlı inkişafının təmin edilməsi istiqamətində əsas dönüş nöqtəsi oldu.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR