Milli Məclisin deputatı Məşhur Məmmədov Yeni Azərbaycan Partiyasının VIII Qurultayının əhəmiyyəti və qurultaydan sonrakı dövrə dair gözləntiləri ilə bağlı Azadmedia.az-a açıqlama verib. Deputat bildirib ki, bu qurultay təkcə partiyanın növbəti hesabat mərhələsi deyil, həm də qarşıdakı dövr üçün yeni vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm siyasi hadisədir.
M.Məmmədovun sözlərinə görə, YAP yarandığı gündən Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayıb və bu gün ölkənin qarşısında duran yeni çağırışlar partiyanın fəaliyyətində də yeni yanaşmalar tələb edir.
“VIII Qurultaydan əsas gözləntimiz ondan ibarətdir ki, burada səsləndirilən fikirlər və müəyyənləşdirilən vəzifələr qarşıdakı mərhələdə real fəaliyyətə çevrilsin. Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu bir dövrdə siyasi təşkilatların da cəmiyyətin dəyişən gözləntilərinə, müasir çağırışlara və yeni reallıqlara uyğun fəaliyyət göstərməsi vacibdir.
Bu baxımdan xüsusilə gənclərlə iş, müasir ideoloji fəaliyyət, ictimai dialoqun genişləndirilməsi, vətəndaş müraciətlərinə daha həssas yanaşma və cəmiyyətlə siyasi təşkilat arasında əlaqələrin daha da gücləndirilməsi mühüm istiqamətlərdən ola bilər.
Bu gün Azərbaycanın qarşısında postmüharibə dövrünün yaratdığı yeni imkanlarla yanaşı, ciddi regional və qlobal çağırışlar da dayanır. Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış, azad edilmiş ərazilərin bərpası, iqtisadiyyatın şaxələndirilməsi, investisiyaların artırılması, yeni iş yerlərinin yaradılması və insanların rifahının yüksəldilməsi qarşıdakı dövrün əsas gündəlik məsələlərindəndir.
Eyni zamanda, dövlətimizin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq mövqelərinin qorunması və milli maraqlarımızın təmin edilməsi də xüsusi əhəmiyyət daşıyır. Qurultayda bu istiqamətdə səslənən fikirlər qarşıdakı dövrdə görüləcək işlərin prioritetlərini anlamaq baxımından mühüm mesajlardır”, – deyə Məşhur Məmmədov qeyd edib.
Deputat vurğulayıb ki, qurultayın əhəmiyyəti yalnız burada qəbul ediləcək qərarlarla məhdudlaşmır:
“Əsas məsələ qurultaydan sonra həmin qərarların və qarşıya qoyulan vəzifələrin yerlərdə necə icra olunmasıdır. Yəni qurultay yeni mərhələnin başlanğıcıdır. Bu mərhələdə hər bir təşkilat, hər bir partiya üzvü və xüsusilə də cəmiyyətlə birbaşa təmasda olan şəxslər öz fəaliyyətləri ilə müəyyən edilmiş hədəflərə töhfə verməlidirlər.
İnanıram ki, VIII Qurultay YAP-ın qarşıdakı fəaliyyətində yeni yanaşmaların, daha çevik və müasir iş mexanizmlərinin formalaşmasına təkan verəcək. Azərbaycanın qarşısında böyük quruculuq və inkişaf məqsədləri dayanır. Bu prosesdə siyasi sabitliyin, dövlətçilik ənənələrinin və cəmiyyətlə sağlam münasibətlərin qorunması xüsusi əhəmiyyət kəsb edir”.
Millət vəkili Məşhur Məmmədov qeyd edib ki, yeni mərhələdə əsas gözləntilərdən biri də əldə olunan nəticələrin qorunması ilə yanaşı, yeni inkişaf imkanlarının düzgün qiymətləndirilməsi və onların ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafına yönəldilməsidir.