Böyük Britaniya şahzadəsi Uilyam və həyat yoldaşı Keyt Middltonun Anmer-Holl iqamətgahına qanunsuz daxil olmaqda və oğurluğa cəhddə şübhəli bilinən iki kişi saxlanılıb. Bu barədə “The Sun” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, noyabrın 23-ü axşam saatlarında polisə ərazidə şübhəli şəxslərin olması ilə bağlı məlumat daxil olub. Hadisə yerinə xüsusi təyinatlı polis qüvvələri cəlb edilib. Ərazidə dronlardan, helikopterdən və xidməti itlərdən də istifadə olunub. Nəticədə iki şübhəli birbaşa iqamətgahın ərazisində saxlanılıb.
Hadisə zamanı evdə heç kim olmayıb. Belə ki, şahzadə Uilyam və Keyt Middlton həmin vaxt Forest Lodc malikanəsində olublar.
Britaniya mediası Anmer-Hollu uzun illərdir Uilyam və Keytin ailəvi istirahət və dincəlmək üçün üz tutduqları məkan kimi təqdim edir. Keyt Middlton kimyaterapiya kursunu başa vurduğunu açıqladığı videonu da məhz bu iqamətgahda lentə almışdı.
Hazırda hadisə ilə bağlı araşdırma davam edir. Şahzadə Uilyam və Keyt Middltonun təhlükəsizliyi gecə-gündüz mühafizə olunur.
Qeyd edək ki, oktyabr ayında Keyt Middlton və qızı Şarlotta ilk dəfə London metrosunda görüntülənmişdilər. Onları şəhərin mərkəzindən keçən Elizabet xətti ilə səyahət edərkən digər sərnişinlərdən biri görmüşdü. Mənbənin sözlərinə görə, vaqonu maraqla seyr edən Şarlotta təəccübünü gizlədə bilməyib. Kral ailəsinin üzvlərini səfər zamanı mühafizəçilər müşayiət ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.