Bir ailə düşünün əkiz oğullu. Cüt düşmən çəpərli, cüt göz nuru; əl-ələ doğulan, əl-ələ böyüyən, çiyin-çiyinə düşmən qarşısına çıxan. Və sonunda da… Gəlin, başdan danışım.
Binə qəsəbəsində yerləşən bir evin qonağıyam. Bir ata qarşılayır məni, üzündən nur yağan; çatar-çatmaz sarılıram. Elman əmidir, Bəhmən və İman qardaşlarının ,əkiz mələklərin atası.
Kövrəlirik, doluxsunmağımı gizlətmək məcburiyyətindəyəm, Hicran ana çıxır evdən: “Gəl, bala, sənə qurban olum”
Əllərindən öpürəm, diqqətlə qara gözlərinə baxıram. İşığı sönmüş gözlərinə. Dəli bir ağlamaq keçir könlümdən. “Olmaz,söz vermişəm”
Sığal çəkir saçlarıma: “Gəl, mənim balam, gəl, çay iç, yemək hazırlamışam.”
Oturmuşam, sadəcə izləyirəm.. Evin dörd bir yanından iki aslan parçası baxır mənə.. Onlar da danışır mənlə, şükranlıq yağır gözlərindən. Barmaq basmağa bir künc yoxdur, gözlərini hara qaçırsan da, iki qəhrəmanla qarşılaşır baxışların, sual verirlər mənə, danışdırırlar, arada tənbeh də edirlər ərkyana… Bəs, bacı titulunu almaq asan gəlirdi sənə??
Yaralı yerimdir qardaş, ta körpəlikdən həsrətini çəkdiyim.
“Nə desəniz razılaşacam sizinlə, təki mənə qardaş olun. Hə, eşidirəm sizi, mənim vətən qoxulularım, qoşa cənnət mələklərim, yurd qəhrəmanlarım, el oğlanlarım, ata-anası “dəyişik”düşmüş, başqa evlərdə böyüyən qardaşlarım. Deyin sözünüzü, danışın mənə… “
Gözləri həsrətlə ata-anaya işarə edir sanki, dilsiz-ağızsız məsum körpə kimi, lal baxışlardan anlayıram “onlarla danış” deyirlər mənə.
“Hə,anam , çay da içdim, razı qaldınmı məndən?”
-Yox (üzünü turşudur) Keç otur, adam atası evində yemək yeməz?
Bu arada Elman ata sözə qarışır:
-Qızım, madam ki, qardaş demisən mənim balalarıma, adam qardaş evindən yeməmiş getməz.
Yaxşı… Boynum sapdan incədir, sizin kimi ailəyə can fəda, nəinki boğaz. Boğuluram qəhərdən, amma ağlamayacam. İki cəngavər görünüşlü, imam-peyğəmbər övladı baxır mənə şəkillərdən, mən də biraz da sıxmayım qoyub getdikləri yadigarlarının ürəyini, bizə əmanət etdiklərini…
Süfrə yığışdıqca sözə başlayıram:
-Ata…
-Qızım, mən danışım , sən dinlə,yaxşımı?
-Buyur,atam,baş üstə…(onsuzda nə deyəcəyimi bilmirəm,sanki hiss etdilər, mələk üzlülərim mənim halımı)
-Hə,bala, mən bu günə şükür edirəm, elə bilmə,Yaradana üsyanımız var, əsla! Şükür bu günə, mənim balalarımın qazandığı o ad hər adama qismət olmur. Allah tərəfindən seçilmişdilər onlar. Onlar Vətən üçün getdilər, onları kimsə saxlaya bilməzdi. Vətəni sevdilər də,bala, məni sevsəydilər burda olardılar ki? Vətəni hər şeydən, hər kəsdən üstün tutdular. O amalla yaşadılar, o yolda da şəhid oldular. Cüt haa,qızım, cüt… Doğulandan ölənə kimi. Düşmənə arxa çevirmədilər,sinə gərdilər…
Sinə körük kimi qalxır-enir.Sükut… Mənsə düşünürəm, iki qardaş düşünürəm ki, son nəfəsədək çiyin-çiyinə olalar, hətta , dilim də varmır deməyə; son nəfəsdə belə biri digərinin qucağında göz yuma, digəri onu yalnız buraxmaya, sarıla , eyni yaradan alıb, qucaq-qucağa can verələr torpağa. (Hadisəni şahidləri danışıb olduğu kimi. Komandanından,gizirinə kimi)
Beləcə ,söhbətimiz davam edir,uzun-uzun dinləyirəm ata-ananı. Anamız deyir, məni saxlayan onların şəhid olmağıdır,qızım. Bəlkə də, o məramda olmasaydılar, yaşaya bilməzdim,dözməzdim.
Kirpiyindən düşən hər damcıya qəlbimdən bir parça qoyuram,sanki. Mən də damla-damla süzülürəm.
Ata tez söhbətə qarışır, “Qızım,balam, bilirsən nə istəyirəm mən, bir ata kimi?”
-Buyur, atam..Nə istəsən,biz hazır!
Gülümsəyir, xəfifcə,bir az qınaq sezirəm sanki…
-Nə istəyəcəm,a bala, mənim balalarım dövlətimin yolunda gedib, komandanımızın əmrini icra edib, bunun qarşılığı, əvəzimi olar?
(Bu arada istilik gəlir bütün vücuduma)
-Mənim istədiyim balalarımın adının hər yerdə cüt anılmağıdır,qızım. Harda tablosu asılarsa,cüt asılsın, adına nə verilərsə, cüt verilsin,ikisini ayırmasın heç kim. Onları ölüm belə ayıra bilmədi, Allah onları cüt yaradıb, cüt də apardı. Biz nəkarəyik ki?!
Bu qədər saf istək, məsum arzu, mərd dilək olarmı, ay sizi verənə qurban..Dünya sizin kimi insanlara görə ayaq üstədir, sizin kimi valideynlərə görə Azərbaycan yaşayır. Azərbaycan kişisi, atasının simvoludur Elman ata. Gözümdə dağ boyda böyüyür, qürurla danışır, əyilmir. Sındırmır əzəmətini “ Mən Vətən uğrunda qurban verdiyim cüt balanın əvəzini kimsədən gözləsəm, gözlərim kor olar, bala, Bəhrəmin, İmanın atası ola bilmərəm onda”
Sözün bitdiyi yerdəyəm, Yarəbbi, sən bu ata, ananı bizə çox görmə, canlı məktəbdirlər, Vətənə sədaqət, dövlətə xidmət, qeyrət, yurd namusunun şanlı ,yaşayan simvolları.
Fəxarətlə sağollaşıram, ata-anayla, zorla da olsa, əllərindən öpürəm. Qürur yerimizdilər, tarixə düşmüş oğulların tarixə düşəsi valideynləri…Elman ata,Hicran ana. Canımda can olduğum müddətcə sizi tək qoymayacam. Bizim qoşa şəhid qardaşlarımızın əmanətinə də sahib çıxa bilməyəcəyiksə, ataq bu yaylığı başımızdan, papağımızı da gizlədək. Var olduğunuz müddətcə biz də varıq, Allah sizi əskik etməsin, siz bizə tarix, vicdan dərsi verdiniz, Bəhrəm və İmanı qoşa şəhid verdiniz bu torpağa, eyni gündə, eyni saatda, qucaq-qucağa. Daha nə verəcəksiniz, bu gündən sonra da sizin xidmətiniz də, qulluğunuz da, hər arzunuz da bizlərin-özünə azərbaycanlı deyən hər bir vətəndaşın boynunun borcu olsun. “Sizinləyik” deyən, fikirlərimə şərik olan hər bir ürəyə Bəhrəm və İmandan qucaq dolu sevgi baxışı gətirmişəm. Əlimdən bu gəldi…
Yeri gəlmişkən, ata-ana evi muzeyə çeviriblər,küçədə də kiçik park salıblar uşaqların adına, huzur doludur, hər kəsə tövsiyə edirəm ziyarəti. (Manset.az)