Norveç parlamenti monarxiyanın saxlanılmasını dəstəklədi

Norveç parlamenti monarxiyanın saxlanılmasını dəstəklədi
Yerli KİV-in məlumatına görə, 169 deputatdan 141-i monarxiyanın davam etdirilməsini dəstəkləyib, 26 deputat isə əleyhinə səs verib. Respublika idarəçiliyinə keçid üçün parlamentdə üçdə iki səs çoxluğu tələb olunsa da, bu həddə çatılmayıb.
Səsvermə Norveç kral ailəsi ətrafında baş verən bir sıra qalmaqallar və monarxiyanın ictimai nüfuzunun zəiflədiyi bir dövrdə keçirilib.
Belə ki, vəliəhd şahzadə Mette-Maritın 29 yaşlı oğlu Marius Borg Höybi barəsində məhkəmə prosesi Osloda başlayıb. O, ümumilikdə 38 cinayətdə, o cümlədən dörd zorlamada ittiham olunur. Günahı sübuta yetirilərsə, onu 10 ilədək həbs cəzası gözləyir.
Eyni zamanda, şahzadə Mette-Maritın özü də yeni qalmaqalın mərkəzinə düşüb. Bu, ABŞ-da cinsi cinayətlərdə ittiham olunmuş mərhum milyarder Ceffri Epşteyn işi ilə bağlı yayımlanan yeni sənədlərlə əlaqədardır. Sənədlərdən məlum olub ki, Mette-Maritın Epşteynlə əlaqələri əvvəl düşünüldüyündən daha sıx olub.
Qeyd edək ki, baş verən bu qalmaqallara baxmayaraq, Norveç parlamenti monarxiya institutunun ləğvinə dair təşəbbüsü dəstəkləməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.