PAKİSTANDA QAZ KƏMƏRİ PARTLADILIB

Pakistanın qərbində yerləşən Harnai şəhərində silahlı şəxslər qaz kəmərini partladaraq regionda qaz təchizatını qismən iflic edib.
Bu barədə The Express Tribune nəşri enerji şirkətinə və istehkamçılara istinadən məlumat yayıb. Bildirilir ki, partlayış nəticəsində Sui Southern Gas Company (SSGC) şirkətinə məxsus qaz boru xətti ciddi zədələnib.
Şirkət rəsmisi hadisəni təsdiqləyərək bildirib ki, əraziyə cəlb olunan mütəxəssislər qazın verilişini dayandırıb və yanğını söndürüblər. Lakin qaz kəməri tam sıradan çıxıb. Nəticədə Belucistan əyalətində və onun paytaxtı Kvetta şəhərində qaz təchizatında fasilələr yaranıb.
İstehkamçıların məlumatına görə, partlayış terror aktı nəticəsində baş verib. Belə ki, diametri təxminən 45 santimetr olan borunun altına yerləşdirilmiş partlayıcı qurğu işə salınaraq kəmərin bir hissəsi məhv edilib.
Hadisə güclü yanğına səbəb olub və yerli sakinlər arasında təşviş yaradıb. Şirkət bildirib ki, bərpa işləri hüquq-mühafizə orqanlarının icazəsindən sonra başlayacaq və 12-24 saat davam edə bilər.
Polis hadisə yerini mühasirəyə alıb və araşdırmalara başlayıb.
Qeyd edək ki, son aylarda bölgədə separatçı Belucistan Azadlıq Ordusu (BLA) qruplaşmasının silahlı hücumları artıb. Pakistan ordusu isə buna cavab olaraq genişmiqyaslı antiterror əməliyyatları həyata keçirir. Separatçılar hökuməti Belucistanın zəngin qaz və mineral ehtiyatlarını istismar etməkdə ittiham edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.