AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ər-Riyadda 43 ölkə dəniz müdafiə koalisiyasının yaradılmasını müzakirə edib

  • + A
  • - A
  • Bu gün, 12:11

    Ər-Riyadda 43 ölkə dəniz müdafiə koalisiyasının yaradılmasını müzakirə edib


    Ər-Riyadda Səudiyyə Ərəbistanının təşəbbüsü ilə beynəlxalq dəniz daşımalarının təhlükəsizliyinin qorunmasına yönəlmiş çoxmillətli dəniz müdafiə koalisiyasının yaradılması məsələsi müzakirə olunub. Bu barədə krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, toplantıda 43 ölkənin Baş Qərargah rəisləri və ya onların nümayəndələri, həmçinin Avropa İttifaqının nümayəndə heyəti iştirak edib. Ümumilikdə isə 51 dövlət və beynəlxalq təşkilata dəvət göndərilib. İştirakçıların bir qismi iclasa əyani, digərləri isə videobağlantı vasitəsilə qoşulub.

    Görüş zamanı ticarət gəmilərinə, enerji daşıyan tankerlərə və dəniz infrastrukturuna qarşı hücumlar da daxil olmaqla, dəniz təhlükəsizliyinə yönəlmiş artan təhdidlər müzakirə edilib. Qeyd olunub ki, bu risklər beynəlxalq gəmiçiliyin təhlükəsizliyinə, qlobal təchizat zəncirlərinin dayanıqlılığına və dünya iqtisadiyyatına mənfi təsir göstərir.

    İclasda gələcək koalisiyanın nizamnamə layihəsi, təşkilati strukturu, komandanlıq və idarəetmə sistemi, fəaliyyət mexanizmləri, eləcə də formalaşdırılmasının növbəti mərhələləri nəzərdən keçirilib. Planlaşdırılır ki, koalisiya Bab əl-Məndəb boğazı, Qırmızı dəniz və Ədən körfəzində fəaliyyət göstərəcək.

    Təşəbbüsə əsasən, Səudiyyə Ərəbistanı koalisiyanın təsisçi və rəhbər dövləti olacaq, həmçinin təşkilatın qərargahı da bu ölkədə yerləşəcək.

    Görüşün yekununda iştirakçılar koalisiyanın yaradılması istiqamətində işi davam etdirmək, nizamnamə və təşkilati strukturun hazırlanmasını başa çatdırmaq, daha sonra isə təsis sənədini imzalayaraq birliyi rəsmi şəkildə fəaliyyətə başlatmaq barədə razılığa gəliblər.

    Koalisiyanın yaradılmasını dəstəkləyən birgə bəyanatı 14 ölkə – Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər, Pakistan, Türkiyə, Misir, İordaniya, Yəmən, Banqladeş, Nigeriya, Sudan, Cibuti və Somali imzalayıb. Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi bildirib ki, bir sıra digər dövlətlər də təşəbbüsü dəstəklədiklərini ifadə edib və birgə bəyanata qoşulmaq üçün daxili prosedurları davam etdirirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR