Dərsliklərin hazırlanması və qiymətləndirilməsi qaydası açıqlanıb

Elm və Təhsil Nazirliyi dərslik layihələrinin ictimai müzakirəsində iştirakın aşağı səviyyədə olduğunu bildirib.
Son günlər dərsliklərin məzmunu və tədris materiallarında yer alan məlumatlarla bağlı müzakirələr aktuallaşıb. Bununla əlaqədar Elm və Təhsil Nazirliyi dərsliklərin hazırlanması, qiymətləndirilməsi və təkmilləşdirilməsi prosesi barədə məlumat yayıb.
Nazirlikdən “Azərbaycan müəllimi”nə bildirilib ki, ümumi təhsil müəssisələri üçün dərsliklər Nazirlər Kabinetinin 25 fevral 2020-ci il tarixli 67 nömrəli Qərarı ilə təsdiq edilmiş qaydalara uyğun hazırlanır.
Bu məqsədlə təkmilləşdirilməsi və ya yenidən hazırlanması zəruri olan dərsliklərin siyahısı müəyyənləşdirilir və onların hazırlanması müvafiq təcrübəyə malik nəşriyyat-poliqrafiya müəssisələrinə sifariş edilir.
Qaydalara əsasən, dərsliklərin məzmunu elmi cəhətdən etibarlı və dəqiq olmalı, şagirdlərin yaş xüsusiyyətlərinə uyğun hazırlanmalıdır. Eyni zamanda, materiallarda inkişafyönümlülük, dəyəryönümlülük və tərbiyəvi yanaşmalar nəzərə alınmalı, dizayn və quruluş müasir tələblərə cavab verməlidir.
Hazırlanan dərslik layihələrinin qiymətləndirilməsi üçün ən azı 10 il pedaqoji təcrübəsi və ya elmi dərəcəsi olan minimum üç mütəxəssislə xidməti müqavilə bağlanılır. Layihələr müəyyən edilmiş meyarlar əsasında ekspert qiymətləndirilməsindən keçirilir.
Bundan başqa, dərsliklərin keyfiyyətinin artırılması məqsədilə nəşrqabağı elmi-metodiki monitorinq və ictimai müzakirələr təşkil olunur. Layihələr Dövlət İmtahan Mərkəzinə təqdim edilir, həmçinin TRİMS platformasının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilir.
Dərslik layihələri aidiyyəti dövlət qurumlarına, ali təhsil müəssisələrinə və elmi təşkilatlara da rəy və təkliflərin alınması üçün göndərilir. Daxil olan rəylər nəşriyyatlar və müəllif heyəti ilə birlikdə təhlil edilir, zəruri dəyişikliklər aparılır. Bu proses layihələr müəyyən edilmiş meyarlara cavab verənədək təkrarlanır.
Nazirliyin məlumatına görə, dərsliklərə qrif hər bir qiymətləndirmə meyarı üzrə mümkün maksimal balın ən azı 80 faizini topladıqdan sonra verilir. Qrif almış dərsliklər beş tədris ili ərzində istifadəyə yararlı hesab olunur.
Nazirlik ictimai müzakirələrdə iştirak səviyyəsinin aşağı olmasına da diqqət çəkib. Bildirilib ki, fənn mütəxəssisləri çoxsaylı rəy və təkliflər təqdim etsələr də, ictimaiyyətdən daxil olan rəylərin sayı olduqca azdır.
Nümunə olaraq qeyd edilib ki, “Azərbaycan tarixi 7” dərsliyinin layihəsi ilə bağlı mütəxəssislər 1000-dən çox, ictimaiyyət isə cəmi 21 rəy təqdim edib. “Biologiya 9” üzrə bu göstəricilər 530-dan çox və 3, “Riyaziyyat 7” üzrə 300-dən çox və 0, “Fizika 9” üzrə isə 480-dən çox və 0 olub.
Nazirlik hesab edir ki, ictimai iştirakçılığın zəif olması dərsliklərin geniş ictimai rəy əsasında təkmilləşdirilməsi imkanlarını məhdudlaşdırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.