Xarici media: ABŞ və İran arasında keçiriləcək danışıqlarda əsas diqqət Hörmüz boğazına yönələcək

ABŞ və İran arasında keçiriləcəyi açıqlanan danışıqlarda əsas müzakirə mövzusu Hörmüz boğazında tamhüquqlu gəmiçiliyin bərpası və İran limanlarına tətbiq edilən ABŞ blokadasının aradan qaldırılması olacaq.
Bu barədə Associated Press (AP) agentliyi Yaxın Şərqdə vasitəçilik edən ölkədəki diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, danışıqlarda regionda bütün hərbi zərbələrin, o cümlədən İraqda fəaliyyət göstərən İranyönlü silahlı qruplaşmaların hücumlarının dayandırılması da müzakirə ediləcək. Bundan əlavə, İran neftinin maneəsiz ixracının bərpası da gündəmdə olacaq.
Agentliyin yazdığına görə, vasitəçi rolunu oynayan Yaxın Şərq ölkələri yaxın günlərdə ABŞ və İranla diplomatik təmaslarını intensivləşdirəcəklər. Hazırkı mərhələdə tərəflərin iyunun 18-də ABŞ və İran arasında imzalanmış qarşılıqlı anlaşma memorandumunun əsas müddəalarına qayıtması ehtimal edilir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl ABŞ və İranın sülh sazişi ilə bağlı danışıqlara avqustun 3-də başlayacağını bəyan etmişdi. O, həmçinin Truth Social platformasında paylaşım edərək, Tehranla razılaşmaya nail olmaq məqsədilə İrana qarşı planlaşdırılan genişmiqyaslı zərbəni ləğv etdiyini bildirib.
Donald Trampın sözlərinə görə, İran və Yaxın Şərqin bir sıra dövlətləri Vaşinqtonu hərbi əməliyyatdan çəkinməyə çağırıblar. O qeyd edib ki, tərəflər gələcək razılaşmanın əsas konturlarını artıq müəyyənləşdiriblər. Prezidentin fikrincə, saziş Hörmüz boğazının dərhal açılmasını və İranın nüvə proqramından qaynaqlanan təhlükənin aradan qaldırılmasını nəzərdə tutmalıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.