Hakerlər oflayn kriptovalyuta cüzdanlarından 86 milyon dollarlıq bitkoin oğurlayıblar

Coldcard aparat kriptocüzdanlarına qarşı həyata keçirilən kiberhücum nəticəsində təxminən 86 milyon ABŞ dolları dəyərində bitkoin oğurlanıb.
Bloomberg agentliyinin Galaxy Research-ə istinadən yaydığı məlumata görə, hücum zamanı 4,5 mindən çox Coldcard cüzdanı sındırılıb.
Coldcard cihazlarının istehsalçısı olan Kanadanın Coinkite şirkəti ötən həftənin sonunda istifadəçilərə təhlükəsizlik açığı barədə xəbərdarlıq edib və bəzi cüzdanların komprometasiya olunduğunu təsdiqləyib.
Şirkətin bloqunda bildirilib ki, Coldcard-ın mənbə kodu hər zaman açıq olub. Coinkite ehtimal edir ki, hücum edənlər əvvəlki proqram təminatı versiyalarını süni intellekt vasitəsilə analiz edərək bu zəifliyi aşkar ediblər.
Şirkət qeyd edib ki, bir neçə həftə əvvəl mövcud olan ən güclü süni intellekt modellərindən biri ilə təhlükəsizlik auditi aparılsa da, həmin model nə bu boşluğu, nə də hər hansı ciddi problemi müəyyən edə bilib.
Coinkite-in açıqlamasında vurğulanıb ki, həm hücum edənlər, həm də müdafiə tərəfi eyni süni intellekt alətlərindən istifadə etsə də, bu dəfə texnologiya yalnız hakerlərin xeyrinə işləyib.
Block Inc. şirkətinin mühəndislərinin fikrincə, təhlükəsizlik boşluğu nəticəsində istifadəçilərin cüzdanlarına giriş üçün istifadə olunan seed phrase (bərpa açarı) proqnozlaşdırıla bilən vəziyyətə düşüb.
Onların qiymətləndirməsinə görə, problem Coinkite-in təsadüfi ədədlər generatorunu düzgün tətbiq etməməsindən qaynaqlanıb. Belə ki, bəzi hallarda bərpa açarları cihazın seriya nömrəsi kimi əvvəlcədən məlum olan göstəricilər əsasında yaradılıb ki, bu da onların təxmin edilməsini asanlaşdırıb.
Coinkite artıq problemi aradan qaldırmaq üçün proqram təminatının yenilənmiş versiyasını istifadəyə verib.
Qeyd edək ki, Coldcard internetdən tam təcrid olunmuş "soyuq" kriptocüzdanlardan biridir və indiyədək kriptovalyutaların saxlanılması üçün ən təhlükəsiz həllərdən biri hesab olunurdu.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.