Lixtenşteyndə genişmiqyaslı kiberhücum: 31 min nəfərin məlumatı oğurlanıb

Lixtenşteyndə hökumətin məlumat bazasına qarşı genişmiqyaslı kiberhücum həyata keçirilib. Hücum nəticəsində 31 min nəfərə aid şəxsi məlumatların oğurlandığı bildirilir.
Məlumata görə, hakerlər hökumətin çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə apardığı **"İqtisadi Benefisiar Sahiblərin Reyestri"**ni sındırıblar. Reyestrdə Lixtenşteyndə fəaliyyət göstərən şirkətlər, fondlar və trastların faktiki sahibləri və nümayəndələri haqqında məlumatlar saxlanılır.
Hadisənin arxasında duran şəxslərin kimliyi və hücumun motivi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Yaranmış vəziyyətlə əlaqədar antikrizis qərargahına Lixtenşteynin Baş naziri Briqitta Haas və ədliyyə naziri Emanuel Şedler rəhbərlik edir.
Almandilli Lixtenşteynin əhalisi təxminən 41 min nəfərdir. Ölkə adambaşına düşən ÜDM göstəricisinə görə dünyanın ən varlı dövlətlərindən biri hesab olunur və maliyyə-bank sektoru onun iqtisadiyyatının əsas sahələrindən biridir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.