İtaliya qanunsuz miqrantların Ermənistana göndərilməsini nəzərdə tutan planı Aİ-yə təqdim edəcək

İtaliya hökuməti qanunsuz miqrantların geri qaytarılması üçün təhlükəsiz üçüncü ölkələrdə yeni mərkəzlərin yaradılmasını nəzərdə tutan planı Avropa İttifaqına təqdim etməyə hazırlaşır.
Euronews-un məlumatına görə, Roma Albaniya modeli əsasında yaradılacaq bu mərkəzlərdə Aİ ərazisinə qanunsuz daxil olan əcnəbilərin sığınacaq və immiqrasiya sənədlərinə dair müraciətlərinə baxılması müddətində yerləşdirilməsini təklif edir.
İlkin siyahıya bir sıra Afrika ölkələri, eləcə də ənənəvi miqrasiya marşrutlarından kənarda yerləşən dövlətlər daxildir. Potensial namizədlər sırasında Qana, Seneqal, Tunis, Liviya, Mavritaniya, Misir, Uqanda, Efiopiya, Özbəkistan, Ermənistan və Monteneqronun adları çəkilir.
Təklif avqustun 4-də İtaliyanın daxili işlər naziri Matteo Piantedosi tərəfindən Avropa İttifaqı daxili işlər nazirlərinin növbədənkənar iclasında təqdim olunacaq.
İclas son günlər İspaniyanın Seuta muxtar ərazisində baş verən miqrasiya böhranından sonra keçirilir. Bildirilir ki, qısa müddətdə on minlərlə miqrant zorla bu əraziyə daxil olub.
İtaliyanın xarici işlər naziri Antonio Tajani bildirib ki, ölkəsi Danimarka ilə birlikdə Aİ-də Miqrasiya və Sığınacaq Paktının effektiv icrasını təmin etmək və qanunsuz miqrantların geri qaytarılması prosesini sürətləndirmək məqsədilə ümumi strategiyanın hazırlanmasını təklif edib.
Plan Avropa İttifaqından kənarda qanunsuz miqrantların idarə olunması və geri qaytarılması ilə məşğul olacaq mərkəzlər şəbəkəsinin yaradılmasını, bunun isə miqrantların mənşə və tranzit ölkələri ilə əməkdaşlıq əsasında həyata keçirilməsini nəzərdə tutur.
İtaliya həmçinin bu mərkəzlərin Aİ vəsaiti hesabına maliyyələşdirilməsini və 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi planlaşdırılan GSP+ güzəşt sistemi çərçivəsində qanunsuz miqrasiya ilə mübarizədə əməkdaşlıq edən ölkələrə daha sərt tələblərin tətbiq edilməsini təklif edəcək. Bu mexanizm inkişaf etməkdə olan ölkələrə verilən ticarət güzəştlərini onların öz vətəndaşlarını geri qəbul etməsi və qanunsuz miqrasiyanın qarşısının alınması sahəsində əməkdaşlığı ilə əlaqələndirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.