AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropada ekstremal istilər iqtisadiyyata yüz milyardlarla avro zərər vura bilər

  • + A
  • - A
  • Bu gün, 19:31

    Avropada ekstremal istilər iqtisadiyyata yüz milyardlarla avro zərər vura bilər


    Avropada ekstremal istilər iqtisadiyyata yüz milyardlarla avro zərər vura bilər

    Avropada müşahidə olunan ekstremal istilər təkcə insanların sağlamlığı üçün deyil, həm də iqtisadiyyat üçün ciddi təhlükəyə çevrilib. Açıq havada əmək tələb edən sahələrdə məhsuldarlığın azalması və işçi təhlükəsizliyi ilə bağlı problemlər qitə ölkələrində iqtisadi itkiləri artırır.

    Avropa Ətraf Mühit Agentliyinin (EEA) eksperti Hans Martin Füssel bildirib ki, həddindən artıq istilər Avropanın sağlamlığı və iqtisadiyyatı üçün böyük risk yaradır, eyni zamanda makroiqtisadi və büdcə baxımından ciddi nəticələrə səbəb olur.

    Hazırda Fransa və İspaniyada davam edən meşə yanğınları nəticəsində on minlərlə hektar ərazi yanıb, yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb. Son istilik dalğası zamanı Fransa və İspaniya da daxil olmaqla bir sıra Avropa ölkələrində havanın temperaturu 40 dərəcəni ötüb. Bu isə səhiyyə sisteminə əlavə yük yaradaraq minlərlə əlavə ölüm halına səbəb olub.

    Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus istilik stresini "səssiz qatil" adlandırıb.
    Allianz SE sığorta şirkətinin apardığı modelləşdirməyə əsasən, 2030-cu ilədək yay istiləri Fransa iqtisadiyyatına təxminən 211 milyard avro (240 milyard dollar) zərər vura bilər. Araşdırmada 2014–2024-cü illər ərzində 40-dan çox ölkədə baş verən istilik dalğalarının təsiri təhlil edilib.

    Hesabata görə, İtaliya təxminən 147 milyard dollar, Almaniya 131 milyard dollar, İspaniya isə 120 milyard dollar həcmində iqtisadi itki ilə üzləşə bilər. Xüsusilə Fransa, İtaliya və İspaniya kimi Cənubi Avropa ölkələrinin bu zərərləri kompensasiya etmək imkanlarının daha məhdud olduğu qeyd edilir.

    Ekstremal istilər kənd təsərrüfatına da ciddi zərbə vurur. İtaliyalı aqroiqlimşünas Marko Moriondonun sözlərinə görə, zeytun ağaclarının çiçəkləmə dövründə cəmi bir gün davam edən anomal yüksək temperatur bütün məhsulu məhv edə bilər. Digər araşdırmaya əsasən isə Pireney yarımadasında zeytun yağı istehsalı 28 faizə qədər azala bilər.

    Avropa Ətraf Mühit Agentliyi vurğulayır ki, ekstremal istilər artıq yalnız ictimai sağlamlıq problemi deyil, həm də uzunmüddətli iqtisadi riskə çevrilib. Agentliyin eksperti Arianna Cannetti bildirib ki, istilik dalğaları bir çox sektor və bütövlükdə iqtisadiyyat üçün struktur təhlükə yaradır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR