Uqanda Qəzza zolağına beynəlxalq sabitləşdirmə qüvvələri çərçivəsində hərbçi göndərəcək

Uqanda Qəzza zolağına beynəlxalq sabitləşdirmə qüvvələri çərçivəsində hərbçi göndərəcək
Uqanda parlamenti Qəzza zolağına Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin tərkibində hərbi kontingent göndərilməsi ilə bağlı təklifi təsdiqləyib.
Reuters agentliyinin məlumatına görə, bu qərar Uqandanın Qəzza üçün yaradılması planlaşdırılan beynəlxalq sabitləşdirmə missiyasında iştirak etməyə hazır olduğunu ilk dəfə rəsmi şəkildə təsdiqləyir. Daha əvvəl Mərakeş də bu missiyaya hərbi kontingent göndərmək niyyətini açıqlamışdı.
Məlumata əsasən, Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin yaradılması təşəbbüsü bu ilin fevral ayında ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə formalaşdırılmış Sülh Şurası tərəfindən irəli sürülüb. Planlaşdırılır ki, təxminən 20 min hərbçidən ibarət kontingentə ABŞ ordusunun general-mayoru Jasper Ceffers rəhbərlik etsin.
General-mayor Ceffers may ayında bildirib ki, missiyanın əsas məqsədi İsrail ilə HƏMAS arasında müharibə başa çatdıqdan sonra Qəzza zolağında davamlı sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasına töhfə verməkdir.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp HƏMAS-ın tərksilah edilməsini və İsrail qoşunlarının Qəzza zolağından mərhələli şəkildə çıxarılmasını nəzərdə tutan razılaşmanın əldə olunduğunu açıqlamışdı. Plana əsasən, İsrail ordusunun çıxarılmasının ilk mərhələsi başa çatdıqdan sonra Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin Qəzza zolağında yerləşdirilməsi nəzərdə tutulur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.