AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İspaniyada turist axını nəqliyyat xaosu yaradıb

  • + A
  • - A
  • Bu gün, 07:54

    İspaniyada turist axını nəqliyyat xaosu yaradıb


    İspaniyanın Mayorka adasında məşhur təbiət məkanlarına yalnız foto çəkdirmək üçün gələn turistlərin sayının artması nəqliyyat problemini daha da dərinləşdirib. Eskorka bələdiyyəsinin meri Antoni Solivellas yaranan tıxacların əsas səbəblərindən birinin “selfi turizmi” olduğunu bildirib.

    Söhbət adanın şimal-qərbində yerləşən, dağlarla əhatə olunmuş Sa-Kalobra körfəzi və eyniadlı kənddən gedir. Mənzərəli məkan turistləri, ekskursiya avtobuslarını və velosipedçiləri cəlb edir. Buraya aparan təxminən 10 kilometrlik yolun üzərində 26 kəskin döngə var.

    Merin sözlərinə görə, turistlərin bir çoxu Sa-Kalobraya qısa müddətlik gəlir, foto çəkdirir və dərhal ərazini tərk edir. Lakin bu qısa səfərlər belə nəqliyyatın hərəkətində və parklanma məsələsində ciddi problemlər yaradır.

    “İnsanlar sadəcə foto çəkmək üçün gəlir və sonra gedirlər. Bu isə xüsusilə ekskursiya avtobusları da daxil olmaqla, digər hər kəsə mane olur”, – Solivellas deyib.

    Bələdiyyə rəhbərliyinin hesablamalarına əsasən, Sa-Kalobra və yaxınlıqdakı Kala-Tuent körfəzlərini hər gün orta hesabla 700-800 avtomobil ziyarət edir. Halbuki Sa-Kalobranın özündə cəmi 300-ə yaxın parklanma yeri var.

    Vəziyyəti nizamlamaq üçün ərazidə məlumatlandırıcı nişanlar və maneələr quraşdırılıb. Həmçinin avtomobillər əlavə olaraq təxminən 100 parklanma yerinin olduğu Kala-Tuent istiqamətinə yönləndirilir. Lakin turist axınının ən yüksək olduğu günlərdə bu tədbirlər də problemi tam həll etməyə kifayət etmir.

    Mayorkadakı vəziyyət adada kütləvi turizmlə bağlı daha geniş problemin bir hissəsi hesab olunur. Son illərdə yerli sakinlərin və fəalların turist axınının yaratdığı fəsadlara narazılığı artır. Etirazçılar adanın həddindən artıq turistlərlə yükləndiyini və bunun mənzil kirayələrinin bahalaşmasına səbəb olduğunu bildirirlər.

    İyul ayında adanın paytaxtı Palma şəhərində kütləvi turizmə qarşı keçirilən aksiyada nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Yerli KİV-in məlumatına görə, hadisə zamanı səkkiz nəfər xəsarət alıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR