AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Son hadisələrdə saxta “məzlum erməni” obrazı necə məhv oldu? - TƏHLİL

  • + A
  • - A
  • 24-07-2020, 17:00

    Son hadisələrdə saxta “məzlum erməni” obrazı necə məhv oldu? - TƏHLİL
    Ermənistanın Tovuz təxribatından sonra ermənilərin xarici ölkələrdəki Azərbaycan diplomatik təmsilçilikləri və həmvətənlərimizə hücumları davam edir. Xüsusən Polşa, Niderland, ABŞ, Belçikadakı Azərbaycan diplomatik təmsilçilikləri qarşısında keçirilən dinc aksiyalara erməni diasporu üzvlərinin hücumları qeydə alınıb.

    ABŞ-ın Los-Anceles şəhərində Azərbaycan konsulluğu qarşısına toplaşan dörd mindən çox erməni Azərbaycan əleyhinə şüarlar səsləndirməklə yanaşı, konsulluğun qarşısında dəstək aksiyası keçirən 40 nəfərə yaxın həmvətənimizə hücum edib.

    Nəticədə, biri qadın olmaqla, yeddi nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar. Oxşar hadisə Moldovada Ermənistan səfirliyi qarşısında azərbaycanlıların keçirdiyi dinc aksiya zamanı qeydə alınıb. Azğınlaşmış ermənilər dinc aksiya keçirən azərbaycanlılara hücum edib.

    İyulun 22-də Brüsseldə azərbaycanlıların keçirdiyi aksiyalar zamanı ermənilər açıq-aşkar terror və vandalizm həyata keçiriblər. Səfirliyin qarşısına toplaşan az sayda azərbaycanlıya hücum edən ermənilər vəhşilik edib, yeddi nəfər azərbaycanlı ağır şəkildə döyüşüb, daşlarla vurulub. Eyni zamanda, qeyd olunan ölkələrdə Azərbaycanın diplomatik orqanlarına məxsus avtomobillərə, eləcə də, əmlaka ziyan vurulub.

    Artıq bu təxribatların bəzi iştirakçıları, o cümlədən, Brüssel və Los-Anceles aksiyalarında zorakılıq edənlər saxlanılıb. Ən əsası, ABŞ-ın Azərbaycandakı səfiri, eləcə də, təxribatın baş verdiyi Los-Anceles şəhərinin polis idarəsi təxribat və zorakılıqların erməni vandalları tərəfindən törədildiyini təsdiq ediblər.

    Artıq iki gündür sosial şəbəkələrdə Brüsseldə təklənib döyülən azərbaycanlı gəncin fotoları müzakirə olunur. İnternet media Los-Anceles və Brüssel aksiyalarında yaralanan, vəhşicəsinə döyülən azərbaycanlıların rəsmləri ilə doludur. Ən əsası, bu faktları hadisələrin baş verdiyi ölkələrin rəsmi orqanları və ictimaiyyəti görür və münasibət bildirir.

    Baş verən bu hadisələr bütün dünyada ermənilərin yaratmağa çalışdığı məzlum obrazı dağıtdı, onların əsl simasını üzə çıxardı. Ermənilər artıq 100 ildən çoxdur ki, bütün dünyada məzlum, zorakılığa məruz qalmış xalq rolunu oynayırlar. Bu obrazı o qədər uğurla oynadılar ki, dünya ictimaiyyəti ermənilərin son 100 ildə Azərbaycan xalqına qarşı iki dəfə - əsrin əvvəlində və sonunda - törətdiyi qətliamları, zorakılıqları görməzdən gəldi.

    Ermənilər məhz bu məzlum imicin kölgəsində Azərbaycan ərazilərini işğal etdilər, həmvətənlərimizi sürgün etdilər, qətliama məruz qoydular. Erməni təbliğatı o qədər güclü oldu ki, Azərbaycan 30 ildir ki, erməni vəhşətini dünyaya qəbul etdirə bilmir. Halbuki bu vəhşiliklər çox uzaq tarixdə deyil, 27-30 il əvvəl baş verib və bir çox hadisələr dünya mediası tərəfindən lentə alınıb.

    Ancaq son baş verənlər zamanı ermənilər özlərini ifşa etdilər, öz zorakı və nifrət ideologiyalarını ortaya qoydular. Bütün hadisələr isə açıq şəkildə, sanki sənədli film kimi dünyanın gözü qarşısında baş verdi. Dünya gördü ki, ermənilər hələ də azərbaycanlılara nifrət edir, onları hər addımda fiziki olaraq məhv etməyə çalışır və bunu bir ideologiya olaraq daşıyırlar.

    Azərbaycanlıların az olduğu yerlərdə hücum edən ermənilər fürsətcil və amansız olduqlarını nümayiş etdirdilər. Brüsseldə aksiyaya hücum edən ermənilərin bəzilərinin “Asala” yazılı köynək geyinməsi bu aksiyaların erməni təbliğatının tirajladığı kimi, zorakılıqların hadisələrin gedişində ortaya çıxan refleks deyil, planlı şəkildə həyata keçirilən və terror təşkilatına istinad edilən bir hərəkət olub.

    “Asala” bütün dünyada dinc insanlara qarşı terror törətmiş və bunu bir hədəf olaraq elan etmiş təşkilat kimi tanınır. Əyninə “Asala” yazılı köynək geyinib səfirlik qarşısına gələrək, azərbaycanlılara hücum edən şəxs artıq məqsədini gizlətmədiyini, terrorçu və ya terror dəstəkçisi olduğunu car çəkir.

    Son hadisələr həm də ermənilərin XX əsrin əvvəlində və sonlarında azərbaycanlılara qarşı törətdiyi zorakılıqları sübut etmiş oldu. Qarşısında güclü qrupu olanda sakit dayanan ermənilər azərbaycanlıları az və köməksiz gördükdə aqressivləşir və bu zaman qəddarlıqlara, zorakılıqlara əl atır. Dünya üçün yeni olsa da, bu metod Azərbaycan xalqına tanışdır.

    Bütün bunlar dünyada ermənilərin ifşası üçün ciddi və hüquqi sənəd mahiyyətindədir. Məhz indi, yəni hadisələrdən sonra bunu anlayan ermənilər dünyada informasiya hücumuna keçib, aksiyalardan musiqili, sakit anların görüntülərindən xüsusi xəbərlər hazırlayaraq yayır, hücumların guya tanınmayan adamlar, gənclər tərəfindən törədildiyi, planlı olmadığı, qarşılıqlı gərginlik zamanı baş verdiyi görüntüsünü yaratmağa çalışırlar. Çünki çoxillik planlarının ifşa olunduğunu hiss edirlər.

    Qeyd etmək lazımdır ki, XİN və xaricdəki təmsilçiliklərimiz artıq hərəkətə keçib, baş verənlərə hüquqi və siyasi qiymətin verilməsi üçün lazımi addımlar atılır. Bu, çox faydalı və erməni işğalı, zorakılığını ifşa baxımdan mühüm addımdır. Çünki hadisələr lentə alınıb və zorakılığın görüntüləri var. Bundan sonra söz Avropa və ABŞ məhkəməsinin ədaləti və dünya vicdanına buraxılıb.

    Əlbəttə, bu hadisələr, xüsusən də köməksiz həmvətənlərimizə qarşı qəddarlıq Azərbaycanda və dünyanın digər ölkələrində yaşayan həmvətənlərimizi haqlı olaraq hiddətləndirib.

    Buna görə də sosial şəbəkələrdə qisas çağırışları artıb, eyni zamanda, bəzi yerlərdə ermənilərlə azərbaycanlılar arasında davalar qeydə alınıb. Əlbəttə ki, bu zorakılıqlar, hər nə qədər emosional vəziyyətin nəticəsi olsa da, xaricdəki azərbaycanlıların təxribatlara uymaması, zorakılıqlardan çəkinib bütün diqqəti erməni vandalizminin ifşasına yönəltməsi lazımdır.

    Çünki son hadisələrdə ermənilər özlərini ifşa ediblər. Oxşar cavablar onların çıxılmaz durumdan yayınmasına kömək edə, məsələnin məişət səviyyəsində qarşılıqlı zorakılıq aktları kimi təqdim etməsinə səbəb ola bilər. Halbuki bu, ermənilər tərəfdən planlaşdırılmış cinayət aktlarıdır.

    Bu günlərdə xaricdəki həmvətənlərin üzərinə düşən əsas iş birlik və həmrəylik ruhunu gücləndirmək, daha yaxşı təşkilatlanmaq olmalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR