AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Qafqaz savaşı”nda yeni mərhələ - TƏHLİL

  • + A
  • - A
  • 21-09-2020, 09:11

    Rusiya Türkiyənin postsovet məkanında, o cümlədən Cənubi Qafqazdan artan təsirinin qarşısını almaq üçün ABŞ-la əməkdaşlığa getməyə çalışır.

    Bu baxımdan, Türkiyəni Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesindən kənarlaşdırmaq ən mühüm məqamlardan biri hesab edilir.

    Hazırkı situasiyada Rusiyanın Türkiyəyə təzyiq imkanları zəiflədiyi üçün Kreml Ankaranın Qərbdəki müttəfiqlərini öz tərəfinə çəkməklə öz məqsədinə çatmaq istəyir.

    Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenkonun ABŞ-ın Moskvadakı səfiri Con Sallivin ilə telefon əlaqəsi saxlaması da böyük ehtimalla qeyd edilən məqsədə xidmət edib. Rusiyanın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, telefon danışığı zamanı Belarusda baş vermiş son hadisələr, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyət müzakirə olunub, ancaq Qarabağla bagli söhbətin detalları aciqlanmayıb.

    Lakin Rusiyanın və ABŞ-ın bu məsələ bağlı həm ortaq, həm fərqli movqeləri var. ABŞ Rusiyanın postsovet məkanında zəifləməsində maraqlıdır. Bu səbəbdən, NATO üzvü olan Türkiyənin keçmiş SSRİ məkanında, o cümlədən Cənubi Qafqazda təsrinin artması ABŞ-ın regiondakı maraqlarına uyğundur. Eyni zamanda, Vaşinqton Türkiyəni Rusiyanın yeganə alternativi kimi də görmür. ABŞ-ın hansı tərəfin yanında yer alması isə regionla bağlı strateji planlarından asılı olacaq.

    Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadənin sölərinə görə, Azərbaycanda Türkiyə hərbi qüvvələrinin olması Cənubi Qafqazdakı geosiyasi proseslərin yeni mərhələyə daxil olmasına gətirib çıxarıb. Bu isə Rusiyanı ciddi narahat edir:

    Hesab edirəm ki, hazırkı situasiyada Rusiya Ermənistanın da iştirakı ilə “Qafqaz-2020” geniş miqyaslı hərbi təlimlərinə başlamaqla öz narahatlığını göstərir. Rusiya Azərbaycana qarşı təhdid və təzyiqlər yolunu tutmağı planlaşdırır. Amma Türkiyənin Azərbaycanda iştirakı Rusiya amilini müəyyən qədər neytrallaşdıra bildi. Rusiya xarici işlər nazirinin müavini Rudenkonun da ABŞ-ın səfiri ilə əlaqə saxlaması da Moskvanın Türkiyə amilindən ciddi narahat olduğunu bir daha təsdiq edir. Rusiya ABŞ-la kompromisə gəlmək və Vaşinqtonun köməyi ilə regionda Türkiyənin mövqelərini zəiflətməyə çalışır. Amma hesab edirəm ki, ABŞ Rusiyanın Cənubi Qafqazda güclənməsini qəbul etməyəcək. Çünki iki il öncə Ermənistanda başlanmış inqilabi proses ABŞ-ın dəstəyi ilə baş tutmuşdu və Rusiyanın bu ölkədən çıxarılmasına hesablanmışdı. Lakin Nikol Paşinyanın sonrakı siyasəti Amerikanın maraqlarına zidd oldu. Türkiyə ABŞ-ın müttəfiqidir və NATO-nun üzvüdür. Belə olan təqdirdə, ABŞ heç vaxt Cənubi Qafqazı Rusiyaya güzəştə getməyəcək. Türkiyənin bölgədə güclənməsi Rusiyanın da maraqlarına daxildir. Rusiya siyasi bazarlıq etmək istəyir. Hər iki dövlət ATƏT-in Minsk Qrupunun həmsədrləridir və onların mövqelərində diametral uyğunsuzluq var. Rusiyadan fərqli olaraq, ABŞ ərazi bütövlüyü prinsipinə üstünlük verir, maraqları Azərbaycanla uzlaşır. Türkiyənin Cənubi Qafqazda olması ABŞ-ın maraqlarına cavab verir. Gürcüstanda gedən geosiyasi proseslər, NATO-nun təlimləri məhz Rusiyanın regiondakı mövqelərinin zəiflədilməsinə xidmət edir. Ona görə də bu danışıqlar Rusiyanın təşəbbüsüdür. ABŞ Rusiyanın maraqlarına uyğun hərəkət etməyəcək. Sadəcə olaraq, ABŞ Mİnsk Qrupu formatında vasitəçi dövlət olaraq fikir mübadiləsi kimi dəyərləndirəcək. Cənubi Qafqaz regionu hazırda çoxc həssas dövrünü keçirir. Belə bir vaxtda ABŞ daha çox Türkiyəyə dəstək verəcək. Hesab edirəm ki, ABŞ Rusiyanın bu narahatlığını ciddi qəbul etməyəcək. Hətta Vaşinqtonun Türkiyə-Azərbaycan tandeminə dəstək verməklə Rusiyanın zəifləməsinə çalışacağını gözləmək olar”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR