Akademik Əli Abbasov1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin yeni inkişaf mərhələsinin hüquqi əsasını qoydu. Bu sənəd müstəqil Azərbaycanın gələcək dövlət modelini müəyyənləşdirdi, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun başlıca prinsiplərini təsbit etdi. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev Konstitusiyanın əhəmiyyətini belə ifadə edirdi: “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.”
Bu fikirdə Azərbaycanın Əsas Qanununun mahiyyəti bütövlükdə ifadə olunub. Çünki Konstitusiya bir tərəfdən xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə əsaslanır, digər tərəfdən müasir dünyanın hüquqi və demokratik prinsiplərini özündə birləşdirir.
Azərbaycanın konstitusiya quruluşunun tarixi mürəkkəb və ziddiyyətli siyasi proseslərlə müşayiət olunub. 1918-ci il mayın 28-də elan edilən Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika kimi tarixə düşsə də, cəmi 23 ay mövcud olduğu üçün dövlətin ayrıca Əsas Qanununu qəbul edə bilmədi. Bolşevik işğalından sonra Azərbaycanın konstitusiya quruluşu sovet hakimiyyəti dövründə formalaşmağa başladı.
1921-ci il mayın 19-da Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Sonrakı illərdə SSRİ-də baş verən siyasi və hüquqi dəyişikliklər Azərbaycan SSR-in də əsas qanunlarının yenilənməsini zəruri etdi. 1927 və 1937-ci illərdə yeni konstitusiyalar qəbul olundu.
Azərbaycan dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan mərhələlərdən biri isə 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in növbəti Konstitusiyasının qəbul edilməsi idi. Həmin dövrdə respublikaya rəhbərlik edən Heydər Əliyevin prinsipial mövqeyi və siyasi iradəsi nəticəsində bu sənəddə Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail olundu.
Bu, sadəcə, konstitusion müddəa deyildi. Sovet ideologiyasının hökm sürdüyü, milli dillərin və kimliklərin ciddi təzyiqlərlə üzləşdiyi bir dövrdə Azərbaycan dilinin dövlət dili statusunun qorunması milli özünüdərk və dövlətçilik baxımından mühüm hadisə idi. Heydər Əliyev bununla milli kimliyimizin, ana dilimizin və mənəvi dəyərlərimizin qorunmasına xidmət edən siyasi mövqe ortaya qoydu.
1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Bununla ölkənin yeni siyasi və hüquqi sisteminin yaradılması zərurəti meydana çıxdı. Lakin müstəqilliyin ilk illəri ağır siyasi böhran, hakimiyyət qarşıdurmaları, idarəçilikdəki xaos və Ermənistanın hərbi təcavüzü ilə müşayiət olunurdu. Dövlət institutlarının zəifliyi, qanunun aliliyinin təmin edilməməsi və ictimai-siyasi qeyri-sabitlik müstəqilliyin özünü belə təhlükə altında qoymuşdu.
Belə bir şəraitdə ölkənin güclü dövlət idarəçiliyinə, hüquqi təminatlara və milli maraqlara söykənən yeni dövlətçilik modelinə ehtiyacı var idi.
1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkədə siyasi sabitliyin təmin edilməsi, dövlət institutlarının formalaşdırılması və müasir dövlət quruculuğunun əsaslarının yaradılması istiqamətində mühüm addımlar atıldı.
1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkədə siyasi sabitliyin təmin edilməsi, dövlət institutlarının formalaşdırılması və müasir dövlət quruculuğunun əsaslarının yaradılması istiqamətində mühüm addımlar atıldı.
Ulu Öndər yeni Konstitusiyanın hazırlanmasını müstəqil dövlət quruculuğunun prioritet məsələlərindən biri hesab edirdi. Onun rəhbərliyi ilə Konstitusiya komissiyası yaradıldı və müstəqil Azərbaycanın ilk Əsas Qanununun layihəsi hazırlandı.
1995-ci il noyabrın 12-də keçirilən referendumda seçicilərin 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Beləliklə, Azərbaycan xalqı özünün gələcək inkişaf yolunu, dövlət idarəçiliyinin əsas prinsiplərini və hüquqi dövlət modelini ümumxalq iradəsi ilə təsdiqlədi. Konstitusiya noyabrın 27-də qüvvəyə mindi.
2025-ci ildə Azərbaycan Konstitusiyasının 30 illiyinin qeyd edilməsi bu tarixi sənədin dövlət quruculuğundakı roluna bir daha diqqət çəkdi.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2025-ci il oktyabrın 10-da “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalının təsis edilməsi də bu baxımdan mühüm addım oldu.
Medalın təsis edilməsi Konstitusiyanın hazırlanmasına, təkmilləşdirilməsinə, təbliğinə, hüquq sisteminin inkişafına və Əsas Qanunun aliliyinin təmin edilməsinə töhfə vermiş şəxslərin xidmətlərinin qiymətləndirilməsi məqsədi daşıyır.
Bu, həm də dövlətçilik tariximizin mühüm mərhələsinə, hüquqi dövlət quruculuğunda əməyi olan insanlara ehtiramın ifadəsidir.