AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda “Əbədi musiqi günəşi” adlı konsert proqramı keçirilib - FOTO

  • + A
  • - A
  • 6-02-2022, 14:05

    Masallıda “Əbədi musiqi günəşi” adlı konsert proqramı keçirilib - FOTO

    Masallıda dahi bəstəkar Qara Qarayevə həsr olunmuş “Əbədi musiqi günəşi” adlı konsert proqramı təşkil olunub.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Masallı şəhərində Azərbaycan musiqi sənətinin görkəmli nümayəndələrindən olan dahi bəstəkar Qara Qarayevin 104 illiyi münasibətilə “Əbədi musiqi günəşi” adlı konsert tədbiri keçirilib.

    Belə ki, paytaxtın tanınmış sənət təhsili ocaqlarından olan Q. Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kollektivi konsertdə geniş səhnə proqramı ilə çıxış edib. Respublikanın Əməkdar artisti Əziz Qarayusiflinin rəhbərlik etdiyi incəsənət heyətinin ifasında proqramboyu dahi sənətkar Qara Qarayevin irihəcmli əsərlərindən musiqilər səsləndirilib, rəqs nömrələri ifa olunub.

    Konsertdən öncə qonaqlar Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı şəhər Onbirillik İncəsənət Məktəbinə baş çəkərək, müəssisələrin iş prosesi və kollektivlərə yaradılan şəraitlə tanış olublar. Sonra N. Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinə gələn qonaq sənətçilər foyedə gənc istedadların Qara Qarayevin yaradıcılığına həsr olunmuş rəsm sərgisinə baxış keçiriblər.

    Daha sonra Mədəniyyət Mərkəzinin tədbir salonunda qonaq incəsənət kollektivinin “Əbədi musiqi günəşi” adlı konsert proqramı başlayıb.

    Tədbirin aparıcısı, musiqişünas Nərgiz Kərimova auditoriyanı salamladıqdan sonra incəsənət ustalarını səhnəyə dəvət edib. Qara Qarayevin “Tsarskoye selo heykəli” fortepiano pyesinin səsləndirilməsi ilə açılışı edilən musiqi tədbirində “Vətən” operasından ariyalar, “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərindən rəqslər ifa olunub. Bunlarla bərabər, konsertdə sənət dühasının mahnı, romans və digər janrlarda musiqi əsərləri də tamaşaçılara təqdim edilib.

    Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, proqramda musiqi partiyalarını Əməkdar artistlər Əziz Qarayusifli və Anton Ferştdant, beynəlxalq müsabiqələr laureatları Mətanət Nurullayeva, Şəhanə Əhmədsoy, Aylin Babayeva, Mehriban Quliyeva, Məryəm Məmmədova, Ömər Məmmədli və başqaları ifa ediblər.

    Yüksək sənət ustalığı və zövqlü repertuarla davam etdirilən konsert proqramı tamaşaçılar tərəfindən maraq və sürəkli alqışlarla qarşılanıb.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR