Vens Trampın siyasi mirası uğrunda mübarizəyə başlayıb – vitse-prezident respublikaçıların məğlubiyyətindən necə istifadə edir?

Vens Trampın siyasi mirası uğrunda mübarizəyə başlayıb – vitse-prezident respublikaçıların məğlubiyyətindən necə istifadə edir?
ABŞ-ın vitse-prezidenti Cey Di Vens respublikaçıların aralıq seçkilərində ağır məğlubiyyətindən MAGA hərəkatında liderlik uğrunda mübarizəyə başlamaq üçün istifadə edib.
“Axios” nəşrinin yazdığına görə, Vens partiyanın tarixi uğursuzluğuna görə məsuliyyəti Donald Tramp administrasiyasının İranla müharibəsinin üzərinə qoyub. Bununla da o, 2028-ci ildə keçiriləcək prezident seçkiləri ərəfəsində öz siyasi mövqeyini ortaya qoyub.
“Uduzmağımızın səbəbi müharibədir”, – deyə Vens seçkilərin nəticələrinə həsr etdiyi və X sosial şəbəkəsində paylaşdığı təxminən 600 sözdən ibarət açıqlamasında bildirib.
İndi Vensin qarşısında mühüm siyasi vəzifə dayanır: həm Tramp administrasiyasının hərbi kampaniyasına görə məsuliyyət daşıyan əsas fiqurlardan biri olaraq qalmaq, həm də MAGA tərəfdarlarını onların narazılığını və özlərini aldadılmış hiss etmələrini anladığına inandırmaq.
Vensin fikrincə, respublikaçıların məğlubiyyətinin səbəbi seçici fəallığının aşağı olması deyil. Əsas amil 2024-cü ildə Trampa səs verən seçicilərin bir hissəsinin demokratların tərəfinə keçməsidir.
Vitse-prezident prezidentin siyasətindən narazı olan tərəfdarların sorğularına istinad edərək, onların dörd əsas tələbini diqqətə çatdırıb. Bunlar İranla müharibənin başa çatdırılması, yaşayış xərcləri və inflyasiya ilə mübarizəyə diqqətin artırılması, “Amerika hər şeydən əvvəl” prinsipinə qayıdılması, eləcə də İsraillə münasibətlərə yenidən baxılmasıdır.
Nəşr qeyd edir ki, Vens bu mövqeyi ilə MAGA hərəkatında Trampdan sonrakı dövr üçün siyasi liderliyə iddiasını gücləndirməyə çalışır. Beləliklə, respublikaçıların seçki məğlubiyyəti 2028-ci il prezident seçkiləri uğrunda mübarizənin də ilkin mərhələsinə çevrilə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.