“Azərbaycanın çox böyük hissəsi 8 ballıq, 20 faizdən bir qədər artıq hissəsi isə 9 ballıq ərazidə yerləşir. Bu da ilk növbədə inşaat sektorunda fəaliyyət göstərən subyektlərin - investorlar, layihəçilər və inşaatçıların üzərinə böyük məsuliyyət qoyur. Təbii ki, istənilən fəlakətdən tam qorunmaq mümkün deyil. Lakin təbii fəlakətlərdən mümkün qədər az zərərlə çıxmaq üçün səy göstəririk”.
Bunu APA-ya müsahibəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib.
Onun sözlərinə görə, 2010-cu ildə seysmik ərazilərdə tikinti sahəsində Azərbaycan Respublikasının milli tikinti normaları yaradılıb. Bu, Dövlət Tikinti Normaları “Seysmik Rayonlarda Tikinti” adlanır. Yeni tikinti normaları sovet dövründən qalmış normalarla müqayisədə layihəçilər və inşaatçılar qarşısında 30 faizdən artıq daha sərt tələblər ortaya qoyur.
“Bakı şəhərində tikinti bumu 90-cı illərin sonlarında başlayıb və 2000-ci ilin 25 noyabr zəlzələsi zamanı kifayət qədər yeni tikilmiş binalarımız var idi. Həmin vaxt 4,5 maqnituda və 6,5 intensivliyi olan zəlzələdə yeni tikilmiş binaların heç biri zərər görmədi, hətta konstruktiv elementləri cüzi də olsa zədələnmədi. Bunu nəzərə alsaq, deyə bilərəm ki, bu gün daha da sərtləşdirilmiş tikinti norma və qaydalarına uyğun inşa olunmuş binalar yəqin ki, onlardan daha davamlıdır. İkinci növbədə qeyd etmək lazımdır ki, bu müddət ərzində nəzarət mexanizmləri də dəyişib. 2013-cü ildə mənim də müəlliflərindən olduğum "Şəhərsalma və Tikinti Məcəlləsi" Milli Məclisdə qəbul olunub və Prezident tərəfindən imzalanaraq qüvvəyə minib. Bu gün tikinti subyektləri bu məcəllə əsasında fəaliyyət göstərir. Həmçinin Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq normativ-hüquqi və normativ-texniki sənədlər qəbul olunub. Bu sənədlər əsasında layihələndirmə icraatı, tikintiyə icazə icraatı və tikintinin gedişinə nəzarət icraatı həyata keçirilir ki, bu da sovet dövründən 2013-cü ilə qədər olan nəzarət formalarından kifayət qədər sərt və daha mükəmməldir”, - Elxan Əsədov deyib.
O, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin bir neçə gün öncəki açıqlamasına - 2019-cu ildən sonra tikilən binalara seysmoloji rəy verilmədiyi barədə fikirlərinə də toxunub:
“Bilirəm ki, bu məsələ əhali arasında böyük bir ajiotaj yaradıb. Özüm sosial şəbəkələrdən uzaq olsam da, yaxınlarım, dostlarım deyir ki, sosial şəbəkələrdə bu haqda yazırlar və böyük panika yaranıb. Qeyd edim ki, bizim tikinti norma və qaydalarında, eyni zamanda, məcəllədə layihələndirmə mərhələsində seysmik tələblər kifayət qədər öz əksini tapıb və buna riayət olunur. Heç bir normativ hüquqi sənəddə Seysmoloji Xidmət Mərkəzinə müraciət və onlardan rəy alınması nəzərdə tutulmayıb. Bu, heç sovet dövründən qalma normativ sənədlərdə belə yoxdur. Lakin praktikada belə bir şey var idi və bəli, bu, 2019-cu ilə qədər davam edib. Seysmoloji Xidmət Mərkəzinin əsas vəzifələri respublikanın seysmik xəritəsinin, mövcud yaşayış məntəqələrinin seysmik mikrorayonlaşdırma xəritələrinin hazırlanması, seysmologiya sahəsində elmi-tədqiqat işlərinin aparılması, zəlzələlərin proqnozlaşdırılması və digər bu qəbildən olan məsələlərlə bağlıdır. Mərkəz tərəfindən hazırlanan bu xəritələr əsasında ayrı-ayrı obyektlərin layihələndirilməsini və tikintisini aparmaq olmaz”.
Dövlət rəsmisi deyib ki, həmin xəritələrdən şəhərsalmada ərazilərin ümumi planlarının, yaşayış məntəqələrinin baş planlarının hazırlanmasında istifadə edilir.
“Çünki bu xəritələr ümumi xarakter daşıyır və konkret ərazilərin mahiyyətini tam açmaq iqtidarında deyil. Bizim məcəlləyə və tikinti normalarına görə, bu xəritələr əsasında seysmik ərazilər müəyyən olunur və hər bir investor tikintiyə başlayanda, buna əsasən ərazisinin seysmik zona olub-olmadığını bilir. Daha sonra hər bir investor, layihəçi layihədən əvvəl konkret tikinti aparılacaq ərazidə mühəndis-geoloji axtarış işləri aparır. Bu zaman süxurlardan nümunələr götürülür, onların xüsusiyyətləri araşdırılır, analizlər aparılır, ərazinin seysmik dəyərləndirilməsi və hesabatlar hazırlanır. Konkret ərazinin seysmik həssaslığına əsasən də hansı bala uyğun bina tikilməsi müəyyənləşdirilir. Sonra bu hesabat Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Geoloji Mərkəzə verilir və orda geoloji axtarış işlərinin düzgün metodika ilə aparıldığı, seysmik fonun dəyərləndirilməsi bir daha yoxlanılır. Daha sonra rəy layihəçilərə təqdim edilir və onlar geoloji axtarış işlərinin nəticələrinə uyğun olaraq binanın konstruksiyasını hesablayırlar. Layihə hazır olduqdan sonra bütövlükdə geoloji hesabat da daxil olmaqla Dövlət Baş Ekspertiza İdarəsinə təqdim olunur və orada bir daha ekspertizadan keçirilir. Gördüyünüz kimi, bu məsələlər kifayət qədər araşdırılır və üçqat yoxlamadan keçir”.
E.Əsədov “Bakının relyefi və tektonik quruluşu 9 mərtəbədən yuxarı binaların tikintisinə imkan vermir” kimi iddiaya da aydınlıq gətirib.
“Xeyr, bu belə deyil. Bu fikirlər əsassızdır. 2010-cu ilə qədər ölkə ərazisində 39 metrə qədər rabitəli dəmir-beton karkas binaların tikilməsinə icazə verilirdi. Tikinti normaları təkmilləşdirildikdən sonra artıq 58 metr hündürlüyündə rabitəli dəmir-beton monolit karkas binaların tikintisinə icazə verilir. Bu gün hətta Azərbaycanda metal konstruksiyalar tətbiq etməklə 75 metr və daha hündür binaları da tikmək olar. Texniki baxımdan burada heç bir maneə yoxdur. Təki, hər şey norma və qaydalar çərçivəsində həyata keçirilsin. Geoloqlar ərazidə işlədikdən sonra müəyyənləşdirir ki, ərazidə hansı bala uyğun bina tikilməlidir. Artıq onun neçə mərtəbəli olmasının fərqi yoxdur. Əgər baş plan imkan verirsə, layihəçi 20-30, hətta 40-50 mərtəbəli bina da layihələndirsə, bunu tələb olunan bala hesablamalıdır. Bakıda yüksəkmərtəbəli binaların tikintisinə harda icazə verilib-verilməməsinə şəhərsalma nöqteyi-nəzərindən baxılır. Texniki baxımdan isə əgər layihələndirmə düzgün aparılıbsa və tikinti də layihəyə uyğun həyata keçirilibsə, bunun heç bir qorxusu yoxdur. Ötən illərdə Yaponiyada baş vermiş zəlzələ yəqin ki, yadınızdadır. 9 bala yaxın bir zəlzələ baş verdi və gördüyünüz kimi, ərazidə 70-90 mərtəbəli binaların heç biri uçmadı. Sadəcə alçaqmərtəbəli köhnə binalar dağıldı. İnsan tələfatı isə əsasən zəlzələnin yaratdığı sunamidən oldu. Deməli, layihələndirmə düzgün aparılıb və tikinti işləri də layihəyə uyğun icra edilib”.
Nazirlik rəsmisi bildirib ki, onların nəzarət funksiyaları layihənin və ya geologiyanın ekspertizası ilə bitmir.
“Layihə Baş Dövlət Ekspertiza İdarəsinə təqdim olunduqdan sonra bütün hissələri ekspertizadan keçirilir, o cümlədən etibarlılıq və dayanıqlılıq yoxlanılır. Ondan sonra müvafiq orqanlar tikintiyə icazə verirlər. Bakı şəhərində bu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, respublikanın digər yerlərində isə yerli icra hakimiyyəti orqanlarıdır. Tikinti müddətində də bizim Baş Dövlət Tikinti Müfəttişliyi mütəmadi olaraq yoxlamalar həyata keçirir. Ərazi hasara alınan gündən tikintinin istismarına icazə verilənə qədər bütün mərhələlərdə nəzarət olur”.
E.Əsədov deyib ki, son 15 il üçün tikinti keyfiyyəti çox yüksək səviyyədədir və Azərbaycan ərazisində baş verə biləcək istənilən zəlzələyə davamlıdır.
“Bizdə 30-40 il əvvəl və ya 1 il bundan əvvəl tikilmiş binalarda ən böyük problem sonradan sakinlərin və mülkiyyətçilərin icazəsiz apardığı müdaxilələr və dəyişikliklərdir. Bu gün biz Bakıda və respublika ərazisində 70-ci illərdə tikilmiş iri bloklu, beton panel binaların panellərinin dağıdılaraq otaqların genişləndirilməsi, yaxud zirzəmi hissəsində bünövrənin dağıdılaraq qapılar açılması, mənzilin planını dəyişdirmək üçün müəyyən konstruksiyaların sökülməsi kimi hallarla qarşılaşırıq. Bizim zəlzələyədavamlılıq baxımından ən böyük bəlamız deyərdim ki, budur. Hesab edirəm ki, bununla mübarizə daha da sərtləşdirilməlidir. Qanunvericiliyə əsasən, hər bir mülkiyyətçi və ya balans saxlayıcı təşkilat binaların qorunmasına cavabdehdir. Müdaxilə olmasa belə, binalarda hansısa qüsurlarla, çatlarla, dağıntılarla qarşılaşdıqları halda bizə müraciət etməlidirlər və bizim institutlarımız tərəfindən müqavilə əsasında həmin binalarda müayinələr aparılıb, aktlaşdırılmalı və bunun əsasında qüsurların aradan qaldırılması üçün mülkiyyətçilər tərəfindən lazımi tədbirlər həyata keçirilməlidir”.
E.Əsədov deyib ki, Azərbaycanda binaların tikintisində istifadə olunan materiallar Sadıq Dadaşov adına Elmi Tədqiqat İnstitutu tərəfindən yoxlanılır.
“Tikinti meydançasına daxil olan hər betonqarışdıran maşından nümunələr götürülərək təhlil edilir.
Həmçinin armatur materialının keyfiyyəti, markaya uyğunluq məsələləri yoxlanılır. Bundan başqa, gətirilən liftlərin, qapı-pəncərə, santexnik materiallarının və s. hamısının sertifikata uyğunluğu tikinti müfəttişliyi tərəfindən təhlil edilir və bundan sonra istifadəsinə icazə verilir”.