Bəradər Səməndərlini şəxsən tanımıram. Tanısam, daha xoş olardı. Ancaq hər hansı şairi tanımaq üçün onun şəxsini tanımaqdan daha çox onun əsərlərini tanımaq, onun könül dünyasına bələd olmaq lazımdır.
Bəradər Səməndərli ilə görüş keçiriləcəyini eşidəndə onun şeirlərinin bir qismi ilə tanış oldum. Bu şeirlər vasitəsi ilə də şairin duyğu və düşüncələri ilə tanışlığım başladı. Məlum oldu ki, adının mənası “qardaş” olan Bəradər qardaşımızın zəngin könül dünyası var. Bu könül dünyasında əlvan çiçəklərlə süslənmiş bahar da var, xəzan küləklərinin əsdiyi əlvan güllərin rənglərini bozartdığı payız da var. Bu şeirlərdə əcdadlarımızın ruhlarının uyuduğu Ana Vətən torpağına canını, qanını verən vətən övladlarına şair ehtiramı, hörməti, məhəbbəti də var, Vətənə xəyanət edənlərə, onun yolunda ölməyi bacarmayanlara şair tənqidi, iradı, nifrəti də var. Bu şeirlərdə dünyamızı sevib, oxşayıb, gözəlliklərini duyub əbədi yaşamaq arzusu da var, dünyanın faniliyini, insanın “uçub gedən quş” olduğunu da dərk edən bir ariflik məqamı da var.
Bu şeirlərdə çox mətləblər var. Bu mətləblərdən hali olmaq üçün oxuyub düşünmək, düşünüb oxumaq gərəkdir.
Sevinc də sənindir, kədər də sənin,
Tale də sənindir, qədər də sənin.
Nə işin var axı şəhərdə sənin,
Kəndinə döndünsə, yaşadın demək.
Bu misralarda şair zəmanəmizin ən böyük problemlərindən olan urbanizasiyaya etiraz var, insanları doğma yurd-yuvalarında görmək üçün şair könlündən keçən bir arzu, bir muraz var.
İnsanın öz yolunu azması, bəşər övladının şər əməllərə qurşanması qələm sahiblərini yüz illər, min illər ərzində düçüncələrə qərq etmişdir, fəqət yenə də eyni bir torpaqda çiçəklə qanqal yanaşı bitmişdir:
Yolunu azırsan de, nədən belə?
Dağlama sinəmi belədən-belə.
Dünya Süleymana qalmadı, lələ,
Nə “şahlıq” edirsən “mat” qarşısında.
“İnsan” rədifli qoşmasında Bəradər Səməndərli “saf doğulan” insanın günahlarla geri qayıtmasını təəssüf hissi ilə qeyd edir, “şeytana aldanmayan”, nəfsini qoruyan insanın isə mələklərə tay olduğunu əminliklə bildirir.
Bu çirkli dünyaya saf doğulsa da,
Günahla, nöqsanla qayıdır insan.
Şeytan azdırmasa, nəfsin qorusa,
Göydə mələklərin tayıdır insan.
Torpaqdan yaranan insanın torpağa gedəcəyi, bu dünyanın bir sınaq meydanı olduğu şairə yaxşı məlum olduğundan bu məlum həqiqətləri oxucularla bölüşməyi də lazım bilir, fəlsəfi mühakimələri ilə dəyərli söz xiridarlarının məqamına, səviyyəsinə yüksəlir:
Bəradər, əməl var, bəhrəli bağdı,
Əməl var çör-çöpdü, odun-ocaqdı.
Bu dünya müddətli sığınacaqdı,
O biri dünyanın payıdır insan.
Bu müddətli sığınacaq yerində şair Bəradər Səməndərli dünyaya ilk gələn sözdən “Kafi-Nan”dan yapışaraq Haqq həmdi-səna oxuyur, Ulu Yaradanın İnsan oğluna göndərdiyi müqəddəs sözdən bəhrələnərək özü də söz naxışı, söz çesnisi toxuyur.
Al-əlvan iplərdən daha rəngarəng olan sözlərdən qələm ilmələrlə söz naxışı vuranlara da, bu ürəyə yatımlı naxışlarla könül dünyasını quranlara da xoş arzularımı bildirirəm.
Şair Bəradər Səməndərlinin yenicə çapdan çıxmış “Bu dünyaya imtahana gəlmişik” kitabının oxucular tərəfindən maraqla qarşılanacağına əminliklə kitabın müəllifinə yeni yaradıcılıq uğurları arzu edirəm.
Salman Qaralar (Balakişiyev)
22.05.2024-cü il