Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti tədbirlər keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Abşeron rayonunun məktəbəqədər və orta ümumtəhsil müəssisələrində Abşeron Rayon İcra Hakimiyyətinin və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə silsilə tədbirlər keçirilir.
Bu günlərdə Masazır kənd 3 nömrəli tam orta məktəbdə “Vətənimin seyrinə çağırıram" adlı, habelə Xırdalan şəhər 15 və 24 saylı məktəbəqədər təhsil müəssisilələrində keçirilən tədbirlərdə Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Abşeron-Xızı Regional Təhsil idarəsinin müdiri İlhamə Abdullayeva, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, şəhid ailələri, qazilər, müəllimlər, eləcə də körpə fidanlar və şagirdlər iştirak ediblər.
Abşeron RİH başçısının müavini Gülnar Rəhimova, Abşeron-Xızı Regional Təhsil idarəsinin müdiri İlhamə Abdullayeva, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, eləcə də sözügedən müəssisələrin rəhbərləri və digər iştirakçılar çıxış edərək qeyd ediblər ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ekoloji siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.
Tədbirlərdə çıxış edənlər dünyanı narahat edən ekoloji problemlərdən, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən, eyni zamanda bu sahəyə diqqətin artırılması, beynəlxalq ekoloji həmrəyliyin gücləndirilməsi məqsədilə fəaliyyətin genişləndirilməsi və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin intensivləşməsi vacibliyini, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini qeyd ediblər.
Çıxışlarda ölkəmizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması, düşmənin vandalizminə və barbarlığına məruz qalmış zəngin meşələrin bərpa edilməsi və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi kimi məsələlərin qeyd olunduğu vurğulanıb.
Vurğulanıb ki, tədbirlərin keçirilməsinin əsas məqsədi ekoloji mədəniyyəti, təbiətə həssas münasibəti təbliğ etmək, yaşıllıqlara qayğı ilə yanaşmağın zəruriliyinə diqqət çəkməkdən ibarətdir.
Tədbirlər çərçivəsində şagirdlərin və azyaşlıların hazırladıqları əl işləri və rəsm əsərləri sərgilənib, məktəb və bağçaların həyətyanı sahələrində müxtəlif ağac tingləri və gül kolları əkilib, habelə məktəblilər və körpə fidanlar tərəfindən mövzuya uyğun musiqi nömrələri və şeirlər səsləndirilib.