“8 Noyabr Zəfər Günü olmaqla yanaşı, həm də milli özünütəsdiq günüdür”

Maarif Əhmədov: “Bu zəfər Prezidentimizin qətiyyətini, Silahlı Qüvvələrimizin qəhrəmanlığını, xalqımızın həmrəyliyini bütün dünyaya isbatlamış oldu”
Qarşıdan 8 Noyabr – 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərin 6-cı ildönümü gəlir. Olaraq ehtiyatda olan polkovnik-leytenant, iqtisadçı və iş adamı Maarif Əhmədovla söhbətimizdə 8 Noyabr zəfərinin hərbi-siyasi, tarixi-mənəvi və iqtisadi əhəmiyyətindən danışdıq:
-Maarif müəllim, öncə 8 Noyabr zəfərinin hərbi əhəmiyyəti ilə bağlı fikirlərinizi bilmk istərdik. Sizcə bu qələbə işğal problemin son qoymaqla yanaşı, dövlətimizə daha hansı hərbi üstünlüklər qazandırdı?
-İlk növbədə, bu böyük, tarixi, bənzərsiz qələbənin 6-cı ildönümü münasibətilə başda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla, xalqımızı və Silahlı Qüvvələrimizi təbrik edir, şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyirəm.
8 Noyabr zəfəri dövlətimizə çox böyük hərbi üstünlüklər qazandırdı ki, bunlardan ən başlıcası işğal probleminin ortadan qaldırılması, ərazi bütövlüyümüzün müharibə yolu ilə bərpa edilməsi oldu. Nəticədə, BMT-nin Təhlükəsizlik Şurasının uzun illərdir ki, icra edilməyən qətnamələri hərbçilərimiz tərəfindən icra olundu, beynəlxalq hüququn tələbi yerinə yetirildi.
İkincisi, bu zəfər praktiki şəkildə sübut etdi ki, Azərbaycan həqiqətən də hərbi baxımdan regionun lider dövlətidir və onun iştirakı olmadan Cənubi Qafqazda uzun və etibarlı sülhü təmin etmək mümkün deyil. Başqa sözlə desək, 8 Noyabr zəfəri Azərbaycan əyani şəkildə regionun ən güclü dövləti kimi dünya birliyinə təqdim etmiş oldu.
Üçüncüsü, müharibə Azərbaycan Silahlı Qüvvələrinin praktiki döyüş təcrübəsini artırdı, həmçinin, ixtiyarındakı silah və texnika arsenalının, eləcə də qoşun növlərinin imkanlarını real döyüş şəraitində qiymətləndirməyə imkan verdi. Xatırladım ki, müharibədən sonra Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti artırıldı, eləcə də komando hərbi hissələri yaradıldı ki, bu da xüsusi təyinatlıların 44 günlük Vətən müharibəsindəki böyük qəhrəmanlığı ilə bağlıdır.
8 Noyabr zəfəri Azərbaycana digər hərbi üstünlüklər də bəxş etdi ki, bunların hər biri ayrıca müzakirə mövzusudur.
-8 Noyabr zəfəri sərkərdə faktoru və bu faktorun müharibənin taleyinə təsiri ilə bağlı hansı həqiqətləri sübut etdi?
-8 Noyabr zəfəri istənilən müharibədə sərkərdə amilinin son dərəcə böyük, həyati rol oynadığını təsdiqlədi. 44 günlük Vətən müharibəsi sübut etdi ki, güclü sərkərdə yalnız hərbi əməliyyatların uğurunu təmin etmir. Həm də, tabeliyindəki şəxsi heyətə yüksək döyüş əzmi bəxş edir, onların mənəvi-psixoloji baxımdan yüksək əhval-ruhiyyədə olmasını təmin edir. Hansı ki, qələbənin əsas şərti məhz budur.
Xalqı arxasınca aparmaq, dövlətin bütün resurslarını qələbə üçün səfərbər etmək, hərb meydanı ilə yanaşı, həm də diplomatik və informasiya müstəvisində döyüşmək böyük sərkərdəyə xas keyfiyyətlərdəndir. Hansı ki, biz bütün bu keyfiyyətləri 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin timsalında aydın şəkildə gördük. Yalnız Ermənistan deyil, həm də dünyadakı çoxsaylı ermənipərəst qüvvələrə qarşı mübarizə aparan Prezident İlham Əliyev, öz qətiyyəti, prinsipiallığı, sərkərdəlik və natiqlik qabiliyyəti ilə Ermənistanın işğalçılıq siyasətini, törətdiyi hərbi cinayətləri bütün dünyada ifşa etdi. Prezident İlham Əliyevin sərkərdəlik qabiliyyəti və böyük siyasi dühası sayəsində Ermənistan sadəcə hərbi müstvidə deyil, bütün platformalarda ağır məğlubiyyətə uğradı. Məhz bu mğlubiyyətin nəticəsidir ki, rəsmi İrəvan 10 noyabr 2020-ci ildə kapitulyasi aktını imzalamağa məcbur oldu.
-Maarif müəllim, 8 Noyabr zəfərinin mənəvi əhəmiyyəti nədən ibarətdir?
-8 Noyabr zəfərinin mənəvi əhəmiyyəti onun hərbi əhəmiyyəti qədər böyük və önəmlidir. Bu qələbə bizim bir xalq olaraq milli kimliyimizi təsdiqlədi, bizə yeni bir status qazandırdı. Bu, qalib dövlət, qalib xalq statusu idi. Bizə bu statusu qazandıran isə Müzəffər Ali Baş Komandanımız, Silahlı Qüvvələrimiz, şəhidlərimiz və veteranlarımız oldu. Xalqımızın həmrəyliyi də bu qalibiyyətə böyük töhfə verdi.
8 Noyabr zəfəri 30 ildir ki, öz doğma yurdundan didərgin düşən soydaşlarımızın yenidən ata-baba yurduna qayıdışına şərait yaratdı. Prezident İlham Əliyevin bilavasitə qayğısı və rəhbərliyi altında işğaldan azad edilən ərazilərin mina və digər döyüş sursatlarından təmizlənməsi, yaşayış yerlərinin demək olar ki, yenidən inşası prosesinə start verildi ki, bu proses günümüzdə də davam edir.
8 Noyabr zəfəri bizə ərazi bütövlüyümüzlə yanaşı, milli qürur və ləyaqətimizi də tam bərpa etməyə imkan verdi. Hesab edirəm ki, bu qələbənin xalqımız üçün ən böyük mənəvi önəmi məhz budur.
-8 Noyabr zəfəri dövlətimizə və xalqımıza hansı iqtisadi perspektivlər vəd edir?
-8 Noyabr zəfəri regiondakı status-kvonu köklü şəkildə dəyişməklə bütün sahələr, eləcə də iqtisadiyyat sahəsində yeni perspektivlər, böyük imkanlar üçün zəmin formalaşdırdı. Kənd təsərrüfatı üçün son dərəcə məhsuldar olan torpaqların erməni işğalından azad edilməsi bu ərazilər hesabına əkin sahələrini əhəmiyyətli dərəcədə genişləndirməyə, eləcə də heyvandarlığı inkişaf etdirməyə şərait yaratdı.
Bundan başqa, 8 Noyabr zəfəri işğaldan azad edilən ərazilərdə elektrik enerjisi istehsalını artırmağa, xüsusilə də, “yaşıl enerji” ilə bağlı regional miqyaslı addımlar atmağa imkan yaratdı.
Qızıl ehtiyatı da daxil olmaqla, çoxsaylı təbii resursların istismarı iqtisadiyyatımızın yeni bir güc və dinamika ilə inkişafını sitimullaşdırdı. Hazırda işğaldan azad edilən ərazilərimizdə yeni müsəssisələr, SES-lər, istehsalat sahələri, böyük təsərrüfatlar yaradılb ki, bütün bunlar yalnız həmin ərazilərin deyil, bütün respublikamızın inkşafına töhfə verir.
İşğaldan azad edilən ərazilərimizdə iqtisadiyyatın dinamik inkişafı sosial layihələrin sürətli inkişafına da təkan verir ki, bu da vətəndaşlarımızın sosial rifahının yüksəlməsi, vətəndaş məmnunluğunun təmini baxmından olduqca əhəmiyyətlidir.
Bu gün işğaldan azad edilən ərazilərimizdə bir çox xarici şirkət fəaliyyət göstərir ki, bu da Azərbaycana, azad olunan ərazilərimizə beynəlxalq aləmdə olan böyük marağı əks etdirir.
Bu gün hər bir azərbaycanlı əmindir ki, Ulu Öndər Heydər Əliyev kursunu əzmlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimiz yeni-yeni uğurlara, tarixi nailiyyətlərə imza atacaq və regional güc mərkəzi kimi beynəlxalq aləmdəki nüfuzunu daha da gücləndirəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.