TÜRKSİT Başqanı: Qazaxıstandakı konstitusiya islahatları Türk dünyası üçün yeni siyasi təcrübə formalaşdıra bilər - ÖZƏL

Qazaxıstanda həyata keçirilən konstitusiya dəyişiklikləri və milli idarəçilik ənənələrinin müasir dövlət institutları ilə uzlaşdırılması istiqamətində atılan addımlar Türk dünyası üçün yeni siyasi təcrübənin formalaşmasına zəmin yarada bilər.
Bu fikirləri Türk Dünyası Vətəndaş Cəmiyyəti Həmrəyliyi Assosiasiyasının sədri Kamal Kurnaz səsləndirib.
Onun sözlərinə görə, Qazaxıstanın öz tarixi köklərinə və milli dövlətçilik ənənələrinə əsaslanaraq siyasi sistemini təkmilləşdirmək istiqamətində həyata keçirdiyi təşəbbüslər digər türk dövlətləri üçün də maraqlı və düşündürücü nümunə ola bilər.
TÜRKSİT sədri Kamal Kurnaz hesab edir ki, milli idarəçilik ənənələrinin müasir dövlət institutları ilə uzlaşdırılması dövlətçilik modelinin inkişafında mühüm əhəmiyyət daşıyır. O, xüsusilə genişmiqyaslı islahatların xalqın birbaşa dəstəyi ilə həyata keçirilməsinin bu prosesin ictimai və siyasi əhəmiyyətini daha da artırdığını vurğulayıb.
Assosiasiya sədri Qazaxıstanın tarixi irsə və ənənələrə verdiyi önəmi də xüsusi qeyd edib. O, türk xalqlarının tarixində mühüm siyasi və ictimai qərarların qəbul edildiyi Qurultay ənənəsinin yenidən aktuallaşdırılmasını əhəmiyyətli hesab edir.
“Qazaxıstanın bu mənada öz tarixinə və ənənələrinə göstərdiyi hörmət hamımız üçün nümunə olmalıdır. Qurultay türk tarixində mühüm qərarların qəbul edildiyi bir məkan olub. Buna görə də onun yenidən dirçəldilməsi çox vacibdir. Ümid edirəm ki, Qazaxıstandan başlayan bu təcrübə digər türk dövlətləri üçün də nümunə olacaq və onların siyasi təcrübəsinə daxil ediləcək”, – deyə Kamal Kurnaz bildirib.
Onun fikrincə, tarixi dövlətçilik ənənələrinin müasir idarəçilik mexanizmləri ilə əlaqələndirilməsi Türk dünyasında ortaq siyasi və institusional təcrübənin inkişafına töhfə verə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.