BAKI, 25 MAY — AZADMEDİA.AZ
Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinə tabeli Laçın şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin “Birincilərin Not bayramı” və 2024-cü tədris ilinin məzunları ilə vida mərasimi qeyd olunub.
Azadmedia.az xəbər verir ki, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinə tabeli Laçın şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin Nəzəriyyə şöbəsinin təşkilatçılığı ilə “Birincilərin Not bayramı” və 2024-cü tədris ilinin məzunları ilə vida mərasimi keçirilib.
Tədbirdə musiqi məktəbinin direktoru Elgiz Baxşəliyev, Nəzəriyyə şöbəsinin müdiri Aynur Məmmədova,
müəllimlərdən Mehriban Mərdanova, Gülnarə Məhərrəmova, Zöhrə Ramazanlı, Əlağa Həsənov
və digər müəllimlər ilə yanaşı məzunlar, şagirdlər, valideynlər və media nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ulu Öndər Heydər Əliyevin və Vətənin azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Nəzəriyyə şöbəsinin müdiri Aynur Məmmədova bayram tədbirini açıq elan edərək, ifaçılara uğurlar arzu edib və təşkilati dəstəyə görə rəhbərliyə, müəllimlərə təşəkkürünü bildirib.
Tədbir Laçın şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Elgiz Baxşəliyevin rəhbərliyi, Nəzəriyyə şöbəsinin müdiri Aynur Məmmədovanın təşkilatçılığı, Xormeyster Türkanə Məmmədova və Konsertmeyster Ceyhun Qurbanovun dəstəyi ilə reallaşdırılıb.
Belə ki, tədbirdə Məzunlardan Bəyəlizadə Nurşən Fortepianoda solo ifa edib.
Həmçinin məzunlardan orkestr ifalarda - Fortepianoda Əkbərova Mədinə, Tarda Həşimli Rauf, Hacızadə Məhəmmədəli, Vəliyev Novruz, Kazımlı Vüqar, Kamançada İbişzadə Bəsirə, Abbasova Zəhra ifa ediblər. Şagirdlərdən Kamançada Səfərli Məryəm, Atamoğlanova Aysu və Xanəndə olaraq Əsədli Nuran çıxış ediblər.
Bundan başqa, Xormeyster Türkanə Məmmədovanın dirijorluğu ilə Birincilər xor şəklində müxtəlif mahnılar səsləndiriblər.
Laçın şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Elgiz Baxşəliyev məzunlara ürək sözlərində vurğulayıb ki, “Ulu Öndər Heydər Əliyevin siyasi irsinin davamçısı, Prezident İlham Əliyev öz fəaliyyəti ilə Azərbaycanın müstəqillik dayaqları daha da möhkəmlənib. Artıq ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub. Üçrəngli bayrağımız dövlətimizin gücünün və xalqımızın milli birliyinin nişanəsi kimi bütöv Azərbaycanda, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, ən yüksək zirvələrdə dalğalanır. İnanıram ki, sizlər də mədəniyyətimizi ən uca səhnələrdə layiqincə təmsil edəcək, gənc nəsil olaraq gələcək nəsillərə nümunə olacaqsınız.”
Direktor Elgiz Baxşəliyev Birincilərə uğurlar arzu edib, Məzunlara gələcək həyatlarında nailiyyətlər diləyib. Tədbiri təşkilati rəhbərliyini müvəffəqiyyətlə həyata keçirən Aynur Məmmədovaya və digər müəllimlərə təşəkkürünü bildirib. Eyni zamanda, qarşıdan gələn 28 May - Müstəqillik Günü münasibətilə hər kəsi təbrik edib.
Nəzəriyyə şöbəsinin müdiri Aynur Məmmədova
çıxışında bildirib ki, “Ümummilli Liderin siyasi kursuna sadiq qalan qalib xalqın Prezidenti cənab İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirərək, Qarabağı “Dəmir Yumruq” ilə geri qaytardı. Şükürlər olsun ki, Qarabağımız azaddır. Sizlər də, müstəqil və qalib Azərbaycanımızın gələcək mədəniyyət elçilərisiniz.
Artıq siz məzunlar üçün növbəti hədəfə gedən yol başlayır. Bu yolda hər birinizə bol şanslar, gələcək həyatınızda uğurlar arzu edirəm. Məktəbimizə qədəm qoyan Birincilərə bu uzun və məsuliyyətli yolda nailiyyətlər diləyirəm. Məktəb direktorumuz Elgiz Baxşəliyevə və bütün əməyi keçən kollektivimizə təşəkkürümü bildirirəm.”Tədbir məzunların ifaları, musiqi məktəbinin müəllimlərinin təşkilatçılığı ilə baş tutan konsert proqramı və Birincilərin ifaları ilə yadda qalıb.
Sonda məktəb rəhbərliyi və kollektivi məzunlar ilə xatirə şəkli çəkdirib.