Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Xarici təsirin şəffaflığı haqqında” qanunu imzalaması ilə qonşu ölkədə mübahisəli qanun layihəsi nəhayət qüvvəyə minib. Bu isə o deməkdir ki, prosesin indiki mərhələsi hakimiyyətin istəyinə uyğun olaraq inkişaf edir.
Amma aydındır ki, belə vəziyyət Gürcüstan müxalifəti, xüsusən də Qərbi ciddi narahat edir. Görünən odur ki, həmin qüvvələr geri çəkilmək, məğlubiyyətlərini etiraf etmək niyyətindən uzaqdırlar. Əksinə, həmin qüvvələr ölkədə vəziyyəti öz xeyirlərinə dəyişmək üçün fürsət axtarırlar.
Bu əsasda da Gürcüstanda hakimiyyət çevrilişi hazırlandığı barədə müəyyən fikirlər səslənir. Hakimiyyətin özü bu təhlükənin mövcudluğunu inkar etmir və onun da başında Qərbin dayandığını açıq şəkildə bəyan edirlər. Üstəlik, Qərb mətbuatında da bu cür iddialar getdikcə daha çox tirajlanmaqdadır.
Gürcüstanda hakimiyyət çevrilişi baş tuta bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, indiki halda Gürcüstanda vəziyyət kövrək deyil, əksinə, stabilləşməyə doğru gedir:
“Bdzina İvanişvilinin komandası öz gücündən düzgün istifadə etməklə birləşmiş müxalifəti tərksilah etdi. Prezident Zurabişvili hətta Fransa Prezidenti Makrona təcili Gürcüstana gələrək, qondarma inqilaba kömək etməyə çağırdı. Amma bu Zurabişvili və tərəfdarlarının acizliyini nümayiş etdirdi.
Gürcüstan xalqı özünün mənəvi milli dəyərlərinə sadiqdir. 25 minlik qeyri-hökumət təşkilatının əsas gücü xaricdən aldıqları qrantlar idi. Onun hesabına bəzi insanları öz təsir dairəsinə salırdılar. Lakin son hadisələr göstərdi ki, insanların Vətənə olan sevgisini qıra bilməyəcəklər. Gürcü müxalifəti indiki halda biabır və məğlub oldu”.
Həmsöhbətimizə görə, gürcü müxalifətinin çevriliş həyata keçirməyə gücü yoxdur:
“İndi onlar payıza, seçki ərəfəsi və ondan sonrakı son hücuma hazırlaşırlar. Bütün hallarda müxalifətin qələbə çalacağına inanmıram. Onların bütün maskaları artıq yırtılıb. Yaxınlarda Abxaziyanın Gürcüstanın tərkibinə qaytarılması məsələsi gündəmə gələcək. Tərəflər bu prosesdə ortaq məxrəcə yaxındır. Belə olan halda müxalifət birmənalı şəkildə silahı yerə qoymalı olacaq”.
Bizim.Media